Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-385/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, İsmayılzadə Mənsurə Ənvər qızının katibliyi, İddiаçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4397/2023 saylı, 25 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin 17 avqust 2022-ci il tarixli, 014414 nömrəli aktı qanunsuz hesab edilməklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********8347 nömrəli qərarı və həmin qərardan verdiyi “Maliyyə sanksiyasının ləğv edilməsi” tələbinə dair 07 oktyabr 2022-ci il tarixli şikayət ərizəsi üzrə qəbul edilmiş, 02 noyabr 2022-ci il tarixli, **********357800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın ləğv barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi göstərilməklə iddia tələbinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3471 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi ilə əvəz edilməsi, iddia tələbinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3471 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, aparılmış inzibati icraat qanunsuz olduğundan onun nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassızdır. Cavabdeh etirazında göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9693 nömrəli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Dəmir məmulatlarının istehsalı sexi" obyektində Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 15:20-də həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilmiş xidmətə görə (qaynaq xidməti) ödənilmiş 5 manat nağd pul müqabilində ciddi hesabat blankı və ya nəzarət-kassa aparatı çeki verilmədiyi, məbləği bərpa etmək istəyərkən obyektdə ciddi hesabat blankının və nəzarət-kassa aparatının olmadığı müəyyən edilmiş və operativ vergi nəzarətinin nəticələrinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 014414 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktla rəsmiləşdirildiyi, vergi ödəyicisinin OVN tədbirində iştirak etməməsi səbəbindən aktı imzalamasının mümkün olmadığı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.09,2022-ci il tarixli **********3471 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən vergi orqanının qərarından inzibati şikayət verilmiş və vergi orqanının 2 noyabr 2022-ci il tarixli **********357800 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Eyni zamanda İddiaçı fəaliyyət göstərdiyi müddətdə yalnız operativ vergi nəzarəti tədbirindən sonra xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə 100 ədəd mədaxil qəbzinin alınması ilə bağlı sifariş etdiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən faktiki fəaliyyət göstərdiyini, fəaliyyətinin olmadığı üçün ilk dəfə mədaxil qəbzini xx.xx.2022-ci il tarixdə aldığını, işçisi X5 nəzarət tədbirində iştirak etdiyini izahatında etiraf etmişdir. Həmçinin araşdırma zamanı qeyd olunan obyektdə əvvəllər İddiaçı rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi, Cəmiyyət tərəfindən obyektin xx.xx.2021-ci il tarixdə qeydiyyata alındığı və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxardığı, daha sonra həmin obyektin xx.xx.2022-ci il tarixdə fiziki şəxs kimi İddiaçı adına vergi orqanında qeydiyyata alındığı, Cəmiyyətin işçiləri olmuş X11 və X1 İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmiş müqavilələrinin olduğu müəyyən edilmişdir ki, bu da VÖEN dəyişməklə vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxeminin olduğuna dəlalət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4397/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı (hakim: H.Ağalarov) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, vergi xidməti əməkdaşı mülki-hüquqi müqavilə əsasında çalışan X11 haqqında heç bir hüquqi məlumat almamışdır-yəni işə qəbul ərizəsi, müqaviləsi olmasını, hansı əsaslarla çalışdığını yoxlamamışdır. X11 mülki-hüquqi müqavilə əsasında çalışdığı üçün onun iradəsindən kənar icazəsi olmadan qəbul etdiyi sifarişə görə şəxsən özü məsuliyyət daşıyır, bu hal onun üçün hüquqi məsuliyyət yaratmır, sifarişçi kimi Vergi xidməti əməkdaşı və icraçı kimi xidmət göstərmiş X11 arasında dindirilmə, üzləşmə kimi məhkəmə araşdırılması aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarlarını xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -7-ci bəndinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 7.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2. Əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3. Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4. NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X19), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5. Alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.6. İstifadə edilən nəzarət-kassa aparatının vergi orqanlarında qeydiyyata alınması və vergi orqanı tərəfindən verilmiş qeydiyyat vərəqəsindəki məlumatların düzgünlüyü araşdırılır. 7.7. Nəzarət-kassa aparatının texniki tələblərə uyğunluğu, markası və zavod nömrəsi, qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədi ilə servis texniki xidmət mərkəzinin plombunun mövcudluğu və toxunulmazlığı araşdırılır. 7.8. Nəzarət-kassa aparatından fiskal yaddaşın dövri “Z” (bundan sonra “Z”) hesabatlarının alınması, həmin hesabatların və nəzarət lentlərinin saxlanılması yoxlanılır. 7.9. Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. 7.10. Nəzarət zamanı vergi ödəyicisi nəzarət-kassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması ilə dəqiqləşdirilir, bununla bağlı 17 nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. 7.11. Ciddi hesabat blankları istifadə etməklə əhali ilə pul hesablaşmaları aparmalı olan obyektlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun ciddi hesabat blanklarının mövcudluğu araşdırılır. 7.12. İşlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.13. Sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində biletlərin mövcudluğu və onların qanunvericiliklə müəyyən olunmuş formalara uyğunluğu araşdırılır. 7.14. Ödənilmiş gediş haqqına görə sərnişinlərə biletlərin verilib-verilməməsi yoxlanılır. 7.15. Əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. 7.16. Əhali ilə pul hesablaşmaları zamanı ciddi hesabat blanklarından istifadə olunmadığı aşkar edildikdə, ödənilmiş məbləğ vergi ödəyicisinin istifadə etdiyi və qanunvericiliyə müvafiq qaydada çap edilmiş ciddi hesabat blankı ilə, üzərində “Bərpa edilmişdir” qeydi edilməklə rəsmiləşdirilir və həmin blankın müştəriyə verilməli hissəsi nəzarətin nəticələri barədə bu Qaydalara uyğun olaraq tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 014414 nömrəli akta əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıq İdarəsi üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********9693 nömrəli qərarına əsasən İddiaçı məxsus olan və ünvan 2 ünvanında yerləşən Dəmir Sexində xx.xx.2022-ci il tarixdə saat 15:20-də keçirilən OVN tədbiri zamanı göstərilmiş xidmətə görə (qaynaq xidməti) 5 (beş) manat nağd qaydada ödənilmiş, lakin ödənişin müqabilində NKA çeki verilməmiş, bərpa etmək istəyərkən CHB və ya NKA olmadığından obyektdə mümkün olmamışdır. Nəticədə fiziki şəxs İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində vergi məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunması təklif olunur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3471 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Sabirabad, xx.xx.1960, Yaşayış yeri: AZ1123, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi ev. 58, m.14, FİN: xxxxxxx, VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022 tarixli 014414 №-li akt(lar)ına, eləcə də operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən edilmişdir: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək aktla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat və belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də ki apellyasiya şikayətinin dəlillərində **********3471 saylı, xx.xx.2022-ci il tarixli qərarın qanunsuz olmasına dair sübutlar təqdim edə və əsaslandıra bilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli KY221756631 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli DVX seriyalı 014414 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı qaynaq xidməti üçün xidməti müqavilə əsasında işləyən X11 tərəfindən ümumiyyətlə pul alınmadığını bildirsə də, daha sonra qeyd etmişdir ki, cavabdehin əməkdaşı tərəfindən 5 manat məbləğində pul stolun üstünə qoyulmuş, X11 da onu götürüb cibinə qoymuşdur. İşin obyektiv araşdırılması məqsədilə X11 şahid qismində məhkəmə iclasına çağırılaraq dindirilmişdir. X11 şahid kimi verdiyi izahatında qeyd etdi ki, sex açıq idi, yoxlama zamanı İddiaçı işçisi olmuşdur, ara-sıra iş olmuşdur, qaynaqçı olmuşdur, obyektdə kassa var idi, hadisə belə olmuşdur ki, sexdə olarkən iki nəfər ona yaxınlaşmış və xahiş etmişlər ki, iki dənə profili bir-birinə yapışdırsın, əvvəl demişdir ki, zəif olduğu üçün yapışdıra bilmər, bildirmişlər ki, lazımdır, onlarla pul söhbəti etməmişdir, pul tələb etməmişdir, onların özü pul verərək demişlər ki, çay içib siqaret alarsan. 10-15 dəqiqə sonra gəlmişlər ki, pozuntu etmisiz, qaimə verməmisiz. Hər ay Kapital bankdan əmək haqqı alır, fərdi qaydada heçkimdən pul almır. Həmçinin operativ vergi nəzarətində iştirak edən müfəttişlər şahid qismində məhkəmə iclasına çağırılaraq dindirilmişdir. Vergi müfəttişi X6 şahid kimi verdiyi izahatında qeyd etmişdir ki, iki nəfər olmuşlar, onlar mağazadan iki ədəd aluminium profil almış, xidmət göstərməsi üçün sexə yaxınlaşmışlar, iki ədəd aluminium profilin qaynaq edilməsi üçün digər əməkdaş müraciət edərək qaynaq edilə bilib-bilməyəcəyini soruşmuşdur, profillər 3 ya 4 yerdən qaynaq olunmuşdur. Həmin xidmətin müqabilində digər əməkdaş 5 manat ödəniş edib, X11 da ödənişi götürüb, lakin NKA çeki, kassa çeki, hər hansı qəbz təqdim etməmişdir, 5-10 dəqiqə fasilədən sonra yenidən yaxınlaşaraq özlərini təqdim etmişlər, bu zaman sexdə arxa tərəfdə 8-10 nəfər işçi olmuşdur, həmin vaxt İddiaçı orda olmamışdır, əlaqə nömrəsini alıb onunla əlaqə saxlamış və operativ vergi nəzarəti və nəticəsi ilə bağlı məlumat vermişlər. Vergi müfəttişi X10 şahid kimi verdiyi izahatında qeyd etmişdir ki, iddiaçının obyektinə baxış zamanı vergi müfəttişi kimi iştirak etmişdir, X8 iş gördürmüşlər, iki profili svarka etdirmişlər, Şahin Nəcəfovdan müqabilində nə verəcəyini soruşmuş, o isə demişdir ki, sənin gözəlliyin. Çıxarıb 5 manat vermiş, kifayət edib-etmədiyini soruşmuşdur, Şahin Nəcəfov çox sağol demiş, 5 manatı götürmüşdür. Sədrlik edənin X8 verdiyi suala cavab olaraq X11 pulu sonradan qaytardığını bildirmiş, dolayısıyla 5 manat pulu NKA çeki təqdim etmədən qəbul etdiyini etiraf etmişdir. Beləliklə, inzibati pozuntunun baş verməsi, yəni iddiaçıya məxsus sexdə xx.xx.2022ci il tarixdə saat 15:20-də keçirilən OVN tədbiri zamanı göstərilmiş xidmətə görə (qaynaq xidməti) 5 (beş) manat pulun nağd qaydada ödənilməsi, lakin ödənişin müqabilində NKA çeki verilməməsi, nəticədə vergi ödəyicisi olan iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı şahidlərin və iddiaçının özünün izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4397/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-385/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-385/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver