Məhkəmə qərarları › İş №2-1(103)-3850/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3850/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3850/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqının ödənilməsi; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-1(112)-8512/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin ləğv olunmasına, həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmağı, sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının və 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi iddiaçı tərəfindən aşağıdakı kimi dəqiqləşdirilmişdir: -“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin qanunsuz hesab edilməsi; -sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi; xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsinə, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi; -xitam əmrin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğu həcmində maddi ziyanın ödənilməsi”

3. İddia ərizəsi iddiaçı tərəfindən təkrarən aşağıdakı kimi dəqiqləşdirilmişdir: - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin qanunsuz hesab edilməsi; -əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi; sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, -xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi, xitam əmrin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğum həcmində maddi ziyanın ödənilməsi.

4. İddia tələbi qeyd edilən məzmunda dəyişdirilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8512/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.

7. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin ləğv olunmasına, iddiaçının həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmağı, 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. (Ərizə icraata qəbul edilmişdir).

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin ləğv olunmasına, iddiaçının həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmağı, 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

6. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

7. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

9. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

10. X4 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər).

11. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3cü maddəsinə əsasən, qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

14. İddia ərizəsinin dəqiqləşdirilmiş məzmunundan görünür ki, iddiaçı: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin ləğv olunmasına, iddiaçının həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmağı, 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsinə; -əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi; sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, -xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi, -xitam əmrinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğu həcmdə maddi ziyanın ödənilməsini tələb etmişdir.

15. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin ləğv olunmasına, iddiaçının həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmağı, 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsi hissəsində mümkünlüyünə qiymət verilməsi zəruridir.

16. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

17. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X2rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

18. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir.

19. Qeyd edilən tarixdən iddiaçının xidməti münasibətlərinə xitam verildiyindən məlumatlı olması işin mübahisəsiz halıdır.

20. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəmə müdaifəsi hüququndan istifadə edə bilərdi. Odur ki, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddiaçının dəlili prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

21. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

22. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-1(112)-8512/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar