Məhkəmə qərarları › İş №2-1(103)-3852/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3852/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3852/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “razılıq məktubunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8192/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a№ li evin, 1 saylı mənzilin altında yerləşən və istifadədə olan ümumi sahəsi 60.0 kv.m- dən ibarət olan 2 otaqlı qeyriyaşayış sahələrinə dair icarə müqaviləsi bağlamaq üçün razılıq məktubunun verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vəzifəli şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bağırov X1, 19a №li evin,1 №li mənzilinin mülkiyyətçisidir. Bu bina yaşayış ücün istifadəyə verildiyi gündən indiyənədək həmin mənzildə yaşayır. Yaşayış evi 3 pilləkən qəfəsəsindən (blokdan) ibarətdir. Evin 1-ci mərtəbəsi tamamilə qeyri- yaşayış sahələrindən, 2-ci və 9-cu mərtəbələri isə yaşayış mənzillərindən ibarətdir. Ev 1986-cı ildə Dövlət Tikinti Bankı tərəfindən öz işçiləri üçün inşa edilmişdir. Evin 1-ci blokunun 1-ci mərtəbəsində, 1 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 60.0 m2- dən ibarət olan 2 otaqlı qeyri- yaşayış sahəsi uzun illərdi ki, (ilk gündən) onun istifadəsindədir, həmin sahəni təmir etdirmiş və kommunal xərcləridə (işıq) onun adınadır və müntəzəm olaraq həmişə o ödəyib. Evin layihəsi üzrə 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.0 m2 - dən ibarət olan 2 otaqlı qeyri-yaşayış sahəsində su, qaz, kanalizasiya xəttləri nəzərdə tutulmamışdır. Yalnız işıq sistemi ilə təhciz olunmuş və sonradan onun adına elektrik sayğacı quraşdırılmışdır. Əvvəllər bir neçə il işıqdanda ödənişsiz istifadə etmişdir. Ancaq 2000-ci illərin əvvələrində 44 Barmek”MMC Azərbaycana gəldikdən sonra həmin təşkilat işıqdan istifadə etmək üçün elektrik sayğacı quraşdırılmasını tələb etdi. Bundan sonra sözü gedən qeyri-yaşayış sahəsi onun nəzarətində olduğu və mənzilin alt hissəsində yerləşdiyi üçün elektrik sayğacı onun adına quraşdırıldı. Hal-hazırda da istifadə etdiyi işıq ödənişini müntəzim olaraq vaxtıvaxtmda ödəyir. İddiaçı ünvan 1 ünvanda yerləşən 2 otaqlı, mənzilinin alt hissəsində yerləşən ümumi sahəsi 60.0 kv.m-dən ibarət olan 2 otaqlı qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 3-21-3/2-B-0245/03-8/2024 saylı, xx.xx.2024cü il tarixli müraciət etdi. Lakin ona ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sahənin icarəyə verilməsinə dair razılıq məktubu təqdim ediləcəyi halda onunla icarə müqaviləsinin bağlanması üçün Xidmətdə qanuna müvafiq tədbirlər görüləcəkdir. Güründüyü kimi yuxarıda göstərilən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq ücün Nərimanov rayonu MənzilKommunal Təsərrüfatı Birliyi tərəfindən razılıq məktubunun verilməsi tələb olunur. Bu səbəbdən də İddiaçı göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin onunla bağlanması üçün razılıq məktubunun verilməsi ilə bağlı rəsmi qaydada cavabdeh Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etdi. Lakin cavabdeh tərəfindən ona ünvanlanmış 3-52-13-5/2-B-150-25-146/2024 № li 28 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, sözü gedən qeyri-yaşayış sahələri uzun müddət heç bir hüququ əsas olmadan istifadə edilmişdir. Lakin 2022-ci ildə qonşular (məktub mənə xx.xx.2025-ci ildə verilmişdir) ilə aranızda yaranmış mübahisəli vəziyyət nəzərə alınaraq həmin qeyri-yaşayış sahələrindən istifadəniz dayandırılmışdir. (qonşular ilə mənim aramda olan mübahisələrə dair onların hüquqlarının olub olmaması göstərilməmişdir) Həmçinin göstərilmişdir ki, mövcud qanunvericiliyə görə dövlət mülkiyyətində olan yaşayış binalarında qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. O cavadehə ünvanladığı məktubunda qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi üçün razılığın verilməsini xahiş etmişdi. Cavabdehin ona ünvanladığı məktubunda razılıq məktubu vermək əvəzinə məktubda dövlət mülkiyyətində olan yaşayış binalarında qeyriyaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir olduğunu göstərərək tələb olunan razılıq məktubunu verməkdən imtina etmişdir. ünvan 1 ünvanda yerləşən və uzun illər onun istifadəsində olan 2-otaqlı mənzilinin alt hissəsində yerləşən ümumi sahəsi 60.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün razılıq məktubunun verilməsi vəzifəsi cavabdehin vəzifəli şəxsinin üzərinə qoyulmalıdır. O, istifadəsində olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlayaraq dövlət büdcəsinə ödəniş etmək və uzun illər istifadəsində olan sahədən qanuni qaydada istifadı etmək istəyir. Lakin hansısa ona məlum olmayan səbəblərdən cavabdeh təşkilatın vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsinə pul vəsaiti ödəməyə və qanuni qaydada işləməyə imkan vermirlər Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8192/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə Cavabdeh inzibati orqan olmadığından tərəflər arasında mübahisə də inzibati hüquq xarakterli mübahisə deyildir və belə bir mübahisə inzibati məhkəmə icraatının predmeti ola bilməz. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, cavabdehin inzibati orqan olması haqqında Məhkəmə Qərardadında iddiamızın mümkün sayılmamasını cavabdeh Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin inzibati orqan olmaması ilə əsaslandırmışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 461 nömrəli Fərmanının təsdiq etdiyi “İnzibati orqanların Təsnifatı”nm 1.1-ci bəndinə əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və onların yerli bölmələri” inzibati orqan hesab olunur. Mənzil-kommunal sahəsində fəaliyyət göstərən cavabdeh təşkilatın (Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin) yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerinə yetirən bir qurum olaraq, inzibati orqan statusuna malik olduğu qəbul edilməlidir. Buna görə də, inzibati aktın qəbul edilməsindən imtina ilə bağlı yaranan mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmalı idi. İnzibati aktın mövcudluğu haqqında Qərardadda iddia obyektinin inzibati akt olmadığı da qeyd edilmişdir. Halbuki, mənim cavabdeh orqana müraciətimə cavab olaraq verilmiş 28 dekabr 2024-cü il tarixli məktub, mahiyyətinə görə bir inzibati aktdır. Bu məktubda icarə müqaviləsi bağlamaq üçün razılıq məktubunun verilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqanın konkret məsələni nizama salmaq məqsədilə qəbul etdiyi və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərardır. Cavabdeh orqanın məktubu mənim qanuni haqqımı (icarə müqaviləsi bağlamaq üçün razılıq almaq) əldə etməyimə maneə törətdiyindən, bu, birbaşa hüquqi nəticə yaradan bir inzibati aktdır. Beləliklə, mənim iddiam məhz bu inzibati aktın qanunsuzluğundan irəli gəlir və inzibati məhkəmə icraatının predmetidir. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8192/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhər, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a nömrəli evin, 1 saylı mənzilinin altında yerləşən 2 otaqlı qeyri-yaşayış sahəsinin istifadəsində olduğunu əsas gətirməklə Bakı şəhəri Nərimanov rayonMənzil-Kommunal Təsərrüfatı Birliyinə həmin qeyri-yaşayış sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. İmtinanın əsasları qismində sözügedən sahədən iddiaçının hüquqi əsas olmadan istifadə etməsi, 2022-ci ildə yaranmış mübahisə əsasında qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsinin dayandırılması və dövlət mülkiyyətində olan yaşayış binalarında qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi səlahiyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğu göstərilmişdir. Hazırda iddiaçının tələbi Cavabdeh tərəfindən Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a № li evin, 1 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 60.0 kv.m- dən ibarət olan qeyri-yaşayış sahələsinə dair icarə müqaviləsinin bağlanması üçün balanssaxlayıcı Nərimanov rayon Mənzil Kommunal Birliyinin razılıq məktubunun təqdim edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamış və inzibati akt qəbul etmək səlahiyyəti olan hüquqi şəxs deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum (Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə inzibati xarakter daşımadığından işə inzibati qaydada baxılması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8192/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8192/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar