Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3854/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək 1975-ci ildən hal-hazıra qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşının tamam olduğu 17 yanvar 2005-ci il tarixinədək hesablanıb ödənilməklə ömürlük pensiya təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Çərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. İddiaçı Bakı İnzibati 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixdə verdiyi apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair imzalanmamış ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Ərizə onunla əsaslandırılır ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti versə də, poçt şöbəsinin əməkdaşı ünvanı düzgün qeyd etmədiyindən ərizə məhkəməyə qəbul edlməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzürlü hesab edilib bərpa edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən buraxılmış müddətin üzürlü səbəblərdən baş verməsinə dair sübutların məhkəməyə təqdim edilməməsini bildirib ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamaqla qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallarına əlavə olunur. Maddə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1.Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən və iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada, yəni müvafiq məhkəmə qəbzini imzalamaqla qəbul edilmişdir. İddiaçı imzalamadığı ərizəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti versə də, poçt şöbəsinin əməkdaşı ünvanı düzgün qeyd etmədiyindən ərizənin qəbul edilmədiyini qeyd etsə də, hansı ərizənin qəbul edilmədiyini, hansı poçt şöbəsinə nə vaxt müraciət etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək ərizəsində olan ziddiyyətlərin aradan qaldırılması üçün dəfələrlə məhkəməyə dəvət edilərək ərizəsini imzalaması, sübutlarını məhkəməyə təqdim etməsi təklif olunsa da, iddiaçı ərizə ilə məhkəməyə müraciət apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsini imzalamadığından, xx.xx.2024-cü il tarixdə rəsmi qaydada aldığı məhkəmə aktından xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etməklə müddəti ötürdüyündən, ötürülmüş müddətin üzürlü səbəblərdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, ona hüquqi yardım göstərilsə də, apellyasiya şikayətinin geri qaytarılmasını tələb etdiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi əsassız hesab edilərək təmin edilməməli, apellyasiya şikayəti isə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan suiistifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, İPM-in 80, 83, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3854/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3854/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver