Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3856/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8263/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 3-21-2-3/2-68163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 68220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsi və tələbin icraya yönəldilməsinə dair xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar ilə İddiaçı 403.178,57 manat əsas, 147.356,56 manat faiz, ümumilikdə 550.535,13 manat vergi borcu hesablanmışdır. Həmin qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən hesablamalar düzgün aparılmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh orqan heç bir sübut və əsas olmadan qanunsuz vergi borcunun hesablanması barədə qərarlar qəbul etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-8263/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 3-21-2-3/2-68163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-68157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çoxtərəfli razılaşma çərçivəsində vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin həmin dövlətlərin hesabat verən maliyyə institutlarındakı hesabat verilməli hesablarının qalığı və həmin hesablar üzrə gəlirləri barədə məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsi həyata keçirilir. Razılaşma çərçivəsində 2020-2022-ci hesabat illəri üzrə Azərbaycan Respublikasının rezidentləri tərəfindən xaricdə açılmış maliyyə hesabları barədə xarici ölkələrin vergi orqanlarından daxil olmuş məlumatlar Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən emal edilmiş, xaricdə gəlir əldə etmiş şəxslər identifikasiya edilmiş və Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə uyğun olaraq onların vergi məqsədləri üçün rezidentliyi müəyyən edilmişdir. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsasən xaricdə açılmış hesab üzrə maliyyə aktivlərinin təqdim edilməsindən, dividend və faiz gəlirlər əldə etmiş X1 həmin hesab üzrə çıxarışların və digər bank sənədlərinin əldə edilməsi məqsədilə Gernsi vergi orqanlarına sorğu göndərilmişdir. Bununla bağlı, cavab məktubu ilə daxil olmuş müvafiq sənədlərə əsasən iddiaçının 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X10 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən ümumi gəliri 2.901.308,89 manat təşkil etmişdir. Eyni zamanda, xərclərinin 19.144,38 manat olmaqla, vergiyə cəlb olunan gəlirinin 2.882.164,51 manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2.-ci maddəsinin müddəalarına əsasən X1 gəlir vergisinin məbləği 403.503,03 manat təşkil edir. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsasən 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X10 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən vergi ödəyicisinin 2020-ci il üzrə 2.632.023,84 manat gəlirlərinin, 10.279,02 manat xərclərinin, 2021-ci il üzrə 150.665,87 manat gəlirlərinin, 7.347,42 manat xərclərinin, 2022-ci il üzrə 118.619,18 manat gəlirlərinin, 1.517,95 manat xərclərinin olmasına baxmayaraq, tərəfindən müvafiq dövrlər üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********541900 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisi İddiaçı 2020-ci il üzrə 367044,28 manat, 2021-ci il üzrə 20064,58 manat və 2022-ci il üzrə 16394,17 manat gəlir vergisi məbləğlərinin hesablanması təmin edilmişdir. Xarici ölkədən qarşılıqlı məlumat mübadiləsi çərçivəsində əldə edilmiş məlumatlar cavabdeh vergi orqanı tərəfindən tam şəkildə məhkəməyə təqdim edilmişdir. Belə ki, States of Guernsey Revenue Service (Gernsi vergi orqanları) tərəfindən cavabdeh vergi orqanına göndərilmiş ilk sənəd xx.xx.2024-cü il tarixli məktub olmuşdur və həmin məktub cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmənin “məlumatların vergi orqanına konkret olaraq hansı tarixdə təqdim edildiyini sübut etməmişdir” ifadəsi anlaşılan deyil. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin yeni redaksiyasının (xx.xx.2023-cü ildən) tələblərinə əsasən xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Göründüyü kimi, beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatlara əsasən iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə, yəni həmin dövrdə Vergi Məcəlləsinin qüvvədə olan 37.2-ci maddəsinin tələblərinə əsasən 90 iş günü müddətində kameral vergi yoxlaması keçirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********749000, **********675600, **********683900 nömrəli qərarlar qəbul edilmişdir. Beləliklə, məhkəmənin kameral vergi yoxlamasının keçirildiyi və vergi öhdəliyi yaradan qərarın qəbul edildiyi zaman qüvvədə olmayan prosesssual hüquq normasına istinad etməsi düzgün olmamış və görünən odur ki, məhkəmə prosessual hüquq normasına maddi hüquq norması kimi yanaşmışdır. Cavabdeh vergi orqanı tərəfindən isə prosessual hərəkətlər qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq həyata keçirilmiş və hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunan (xx.xx.2024-cü il tarixli) sənəddən başqa iddiaçının xx.xx.2017-ci il tarixdən “X10 FZE” şirkətinin təsisçisi olduğunu təsdiq edən şirkətin təsis sənədləri, “X10 FZE” şirkətinin möhürü və direktor X8 imzası ilə təsdiq edilmiş sənədlər, yəni xx.xx.2020-ci il tarixdə 690,000 EUR və xx.xx.2020-ci il tarixdə 760,000 USD məbləğində dividendin İddiaçı ödənildiyini təsdiq edən sənədlər, habelə X9 bankı tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə 460,000 USD, xx.xx.2020-ci il tarixdə 300,000 USD, xx.xx.2020-ci il tarixdə 340,000 EUR və xx.xx.2020-ci il tarixdə 350,000 EUR məbləğində dividend ödənişlərinin həyata keçirildiyini təsdiq edən rəsmi bank sənədləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmənin “...məhkəmə araşdırması zamanı təqdim edilmiş bank sənədləri və digər maliyyə materialları sübut etmişdir ki, 2020-ci il üzrə qeydə alınmış əsas tranzaksiyalar kreditlərin geri qaytarılması ilə bağlı olmuşdur” ifadəsi həqiqəti əks etdirmir. Çünki məhz cavabeh vergi orqanı tərəfindən təqdim edimiş bank sənədləri ilə ididiaçı İddiaçı ödənilmiş vəsaitlərin dividend ödənişlərinin olduğu sübut olunur. Lakin bütün bunlara baxmayaraq, məhkəmə qərarında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cəmi bir səhifədən ibarət özəl (sərbəst) audit şirkətinin tərtib etdiyi rəyi yetərli sübut kimi qiymətləndirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş audit rəyi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********749000, **********675600, **********683900 nömrəli qərarlar isə daha əvvəl, yəni xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan qərarlar qəbul olunduqdan sonra sərbəst auditor xidmətindən istifadə etmiş və mötəbərliyi şübhə doğuran audit rəyi əldə etmişdir. Habelə nəzərə almaq lazımdır ki, İddiaçı “X10 FZE” şirkətinin yegənə təsisçisdir və təbii ki, belə olan halda sərbəst audit yoxlaması şirkət tərəfindən, dolayısı ilə iddiaçının özü tərəfindən təqdim edilmiş sənədlər əsasında həyata keçirilmişdir ki, bu da həmin yoxlamanın dürüstlüyünü şübhə altına alır. Həmçinin həmin audit rəyində İddiaçı təsisçisi olduğu şirkət tərəfindən 2020-ci il ərzində edilmiş ödənişlərin əvvəlki illərdə aldığı kredit borcu ilə əlaqədar olduğu qeyd edilir. Lakin həmin kredit borcunun verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, “X10 FZE” şirkətinin direktoru tərəfindən təqdim edilmiş sənədlərlə audit şirkətinin rəyinin ziddiyyət təşkil etdiyi görünür. Habelə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli audit rəyində yalnız 2020-ci il ərzində iddiaçıya ödənişlərin qeyd edilməsinə baxmayaraq, məhkəmə mübahisələndirilən hər 3 qərarı (2020-2022 illər GV) ləğv etdiyini qərarda, ümumiyyətlə, əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi; Bəyənnamə və hesabat dövrü: 2020ci il; Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı: 367.044,28 manat; Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik: 0,00 manat. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68163/2024 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi; Bəyənnamə və hesabat dövrü: 2022ci il; Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı: 16.394,17 manat; Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik: 501.035,19 manat. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi; Bəyənnamə və hesabat dövrü: 2021ci il; Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı: 20.309,45 manat; Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik: 523.345,97 manat. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası). İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsaslaraq 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X10 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən vergi ödəyicisinin 2020-ci il üzrə 2.632.023,84 manat gəlirlərinin, 10.279,02 manat xərclərinin, 2021-ci il üzrə 150.665,87 manat gəlirlərinin, 7.347,42 manat xərclərinin, 2022-ci il üzrə 118.619,18 manat gəlirlərinin, 1.517,95 manat xərclərinin olmasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsini və bu halın kənarlaşmaya səbəb olduğunu qeyd etmişdir. Bununla əlaqədar iddiaçıya cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli Qərara əsasən 2020-ci il üzrə 367.044,28 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli Qərara əsasən 2021-ci il üzrə 20.309,45 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68163/2024 nömrəli Qərara əsasən 2022-ci il üzrə 16.394,17 manat gəlir vergisi hesabanmışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi öhdəliklərinin hesablanmasına əsas kimi xarici ölkədən qarşılıqlı məlumat mübadiləsi çərçivəsində təqdim edilmiş məlumatlara istinad olunsa da, cavabdeh bu məlumatların vergi orqanına konkret olaraq hansı tarixdə təqdim edildiyini sübut edə bilməmişdir. Halbuki Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri baxımından, kamera yoxlamasının müddəti məlumatın daxilolma tarixindən hesablanmalı və həmin tarix dəqiq sübut edilməlidir. Bu məlumatların daxilolma tarixini sübut etmək və bununla da yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində aparıldığını təsdiqləmək cavabdeh vergi orqanının üzərinə düşür. Cavabdeh isə yalnız ümumi şəkildə beynəlxalq məlumat mübadiəli çərçivəsində daxil olmuş məlumatları təhlil etdiyini bildirmiş, lakin təqdimetmə tarixini təsdiq edən heç bir sənəd və ya sübut təqdim etməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində beynəlxalq məlumat mübadiləsi çərçivəsində vergi orqanına göndərilmiş ilk sənədin xx.xx.2024-cü il tarixli məktub olduğunu bildirsə də, həmin məktub və onunla bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında da məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə bununla əlaqədar sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına zidd davranaraq, həmin norma ilə müəyyən olunmuş 30 iş günü ərzində kameral vergi yoxlamasının aparıldığını sübut edə bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2020-ci il üzrə qeydə alınmış əsas tranzaksiyalar kreditlərin geri qaytarılması ilə bağlı olmuşdur. Bu isə vergi qanunvericiliyi baxımından gəlir kimi tanına bilməz, çünki real mənfəət və ya sahibkarlıq fəaliyyəti nəticəsində formalaşan gəlir aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən qərarların qəbul edildiyi dövrdə gəlir əldə etməsi müəyyən olunmur. Öz növbəsində, cavabdeh həmin dövrdə iddiaçının gəlir əldə etməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, «İşə baxan apellyasiya instansiyası məhkəməsi isə cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə bağlı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş müddət (30 iş günü) tələbinin pozulduğuna əhəmiyyət verməmişdir. Halbuki Vergi Məcəlləsinin 37.2-ci maddəsi imperativ xarakterli normadır və həmin norma ilə müəyyən olunmuş müddətlərdən sonra kameral vergi yoxlamasının həyata keçirilməsi istisna olunur. Həmin müddətlər ötürüldükdən sonra keçirilən kameral yoxlamanın nəticələrinə dair qərar isə qanunsuz sayılmalı və ləğv olunmalıdır». Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8263/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3856/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3856/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver