Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3858/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: kirayə müqaviləsinin bağlanması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(112)-8344/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair verilmiş orderin (kirayə müqaviləsi) onun adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsinin Suraxanı RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il tarixli 249711 nömrəli orderə əsasən əsasında ünvan 1 ünvanında yerləşən mənzil X11 verilmişdir. Orderə əsasən həmin mənzildə özü S.A.Ovanesov, arvadı H.S.Ovanesova, qızları A.S.Ovanesova, E.S.Ovanesova qeydiyyatda olmuşlar. X1 Ermənistan Respublikasının İrəvan şəhərində doğulmuş və uzun müddət orada yaşamışdır. 1990-cı ildə məlum hadisələrlə bağlı babası ailə üzvləri ilə Bakı şəhərinə köçmüş və hazırda yaşadıqları evi (Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “V” y/s. ev 13, mənzil 35) erməni milliyyətindən olan S.Ovanesova ilə dəyişdirmişdir. Bundan sonra mənzildə yaşayan şəxslər mənzili birdəfəlik tərk edərək öz torpaqlarına köçmüşlər. Bundan sonra həmin mənzildə babası ailə üzvləri ilə birlikdə yaşamışdır. X29 1990-cı ildə Suraxanı Rayon Xalq Deputatlar Sovetinə yazılı qaydada müraciət edərək, ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə qeydiyyata alınmasını xahiş etmişdir. Onun ərizəsinə baxılmış və Suraxanı Rayon Xalq Deputatlar Soveti tərəfindən verilmiş 17 yanvar 1990-cı il tarixli 01 saylı Qərara əsasən babası İ.Həsənovun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması qərara alınmış və qərarın icrası jekin müdriyyətinə həvalə edilmişdir. Sonradan babası və ailə üzvlərinin qeydiyyatda olması mənzilə dair orderdə qeyd edilməmişdir. Lakin babasının həmin mənzildə qeydiyyatda olması ona məxsus SSR pasportunda qeyd edilmişdir. Hazırda o, və ailə üzvləri babasından onlara miras qalmış həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Lakin mənzilə dair orderin atasının, daha sonra onun adına rəsmiləşdirilməsini həyata keçirə bilmirlər. O mənzilə dair Suraxanı RİH ilə kirayə (icarə) müqaviləsinin bağlanması üçün cavabdeh inzibatı orqana müraciət etmişdir, inzibati orqanın xx.xx.2024-cü il tarixdə "mərhum babanızın digər vərəsələrinin vərəsəlik şəhadətnaməsi və mənzilin kirayə müqaviləsinin sizin adınıza bağlanmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri olmaması" səbəbindən müraciətin icrasından imtina etmişdir. O, hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi Belə ki, o, cavabdeh orqana babasının vəfat etmiş övladlarına, eyni zamanda vəfat etmiş övladlarının övladlarına məxsus ölüm haqqında şəhadətnamələrin surətlərini təqdim etmişdir. Həmçinin o babasının sağ olan övladlarının ataları İ.Həsənova məxsus miras əmlakdan onlara çatası payları qəbul etməmələri və gələcəkdə də həmin payla bağlı iddialarının olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizələrini, eyni zamanda babasının digər övladlarının və nəvələrinin mübahisəli mənzilin onun adına özəlləşdirilməsinə, çıxarışın və texniki pasportun onun adına verilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişdir. Hal-hazırda o, və ailə üzvləri həmin mənzildə yaşayır və mənzildən istifadə edirlər. Bu səbəbdən də hazırki imtinada göstərilən əsaslar onun müraciətinə imtina cavabının verilməsi üçün əsas ola bilməz. İmtina tamamilə qanunsuz va əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya orderlərin dəyişdirilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(112)-8344/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 ünavnında yerləşən 35 saylı mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvanına dair iddiaçı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsinin bağlanması öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (Ərizə icraata qəbul edilmişdir)
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Lenin rayon XDS İK tərəfindən xx.xx.1987-ci il tarixdə xx.xx.1987-ci il tarixli 34/13 saylı qərar əsasında X22 verilmiş 249711 №li orderin surətindən müəyyən olunur ki, qeyd olunan order ona ailə üzvləri ilə birgə Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilinə köçmək üçün verilmişdir.
11. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 02 iyul 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) “X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə (özü və üç övladı) qeydiyyata alınması barədə” xx.xx.1990-cı il tarixli 01 saylı qərarından (surəti) müəyyən olunur ki, X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə birgə Ermənistan SSR Ararat rayonunun sakinləri kimi 16.08.89-cu il tarixli D 5/1-453 reyestr nömrəli №li etibarnamə əsasında Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilini X22 ilə həyata keçirilmiş dəyişdirmə əsasında əldə etdikləri nəzərə alınmaqla onların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları qərara alınmış və MİS-nə mənzilə dair şəxsi hesabın dəyişdirilməsi tapşırılmışdır.
12. 12 avqust 1996-cı il tarixdə verilmiş İV-JQ seriyalı 442300 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 12 avqust 1996-cı il tarixdə ölmüşdür.
13. 23.06.2025-ci il tarixdə “Asan 4” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, ünvan 3 ünvanında İddiaçı (xx.xx.1982), X13 (xx.xx.2007), X9 (xx.xx.1977), X14 (xx.xx.2006), X19 (xx.xx.2007) qeydiyyatdadırlar.
14. X6, X7, X5, X8, X2, X15, X20, X24, X10, X3, X21, X21, X9 və X16 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizələrində onlar mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
15. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti ilə əlaqədar cavabdeh Suraxanı RİH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Mərhum babanıza məxsus mənzilin kirayə müqaviləsinin Sizin adınıza bağlanmasına köməklik göstərilməsi haqqında ünvanladığınız ərizəyə Suraxanı RİH-də baxılmışdır. Bildiririk ki, mərhum babanızın digər vərəsələrinin vərəsəlik şəhadətnaməsi və mənzilin kirayə müqaviləsinin Sizin adınıza bağlanmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri olmadığından Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, yeni Günəşli “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilinin kirayə müqaviləsinin Sizin adınıza bağlanılması ilə bağlı müraciətinizin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir”.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
20. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək;
21. İş materiallarından müəyyən olunur ki, Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) “X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə (özü və üç övladı) qeydiyyata alınması barədə” xx.xx.1990-cı il tarixli 01 saylı qərarından (surəti) müəyyən olunur ki, X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə birgə Ermənistan SSR Ararat rayonunun sakinləri kimi xx.xx.1989-cu il tarixli D 5/1-453 reyestr nömrəli №li etibarnamə əsasında Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilini X22 ilə həyata keçirilmiş dəyişdirmə əsasında əldə etdikləri nəzərə alınmaqla onların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları qərara alınmış və MİS-nə mənzilə dair şəxsi hesabın dəyişdirilməsi tapşırılmışdır.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzilə dair verilmiş orderin onun adına dəyişdirilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçının hazırki tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə verilmiş cavabdan və iş maeriallarından müəyyən olunmuşdur ki, iddiaçı əslində kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi niyyətini irəli sürmüşdür.
23. İstinad olunmuş normalara məcmu şəkildə qiymət verərək ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edilməlidir ki, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Bu müqavilənin bağlanmasının əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərarı dayanır. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həm köhnə, həm də hazırda qüvvədə olan redaksiyasına görə mənzilin kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin kirayəçisi ilə bərabər hüquqlara malikdirlər ki, onların öz adlarına kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüquqların (kirayəçinin və digər ailə üzvlərinin razılığı ilə) olduğu maddənin normasına nəzərdə tutulmuşdur. Bu hüquq həmçinin kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə də məxsusdur.
24. Eyni zamanda istinad olunmuş maddi hüquq normalarının tələblərinə görə, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənziltikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi çıxış edirlər.
25. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.
26. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə” də nəzərdə tutulmuşdur. Həmin Əsasnaməyə görə: “1.Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. 2. Yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. ... ;
16. Müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır...”
27. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq bildirir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş arasında bağlanan elə bir müddətsiz müqavilə növüdür ki, həmin müqavilə vətəndaşa yaşamaq hüququnu və gələcəkdə yaşayış sahəsi üzərində yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan MM-nin 68-ci maddəsi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini ehtiva edir.
28. Mübahisəli mənzilin 1990-ci il tarixindən fasiləsiz olaraq iddiaçının babasının, sonradan isə onun ailə üzlərinin istifadəsində olması iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə icarədarın vərəsələri və üzvü kimi yaşayan həddi-buluğa çatmış şəxslər yaşayış sahəsinə dair icarə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə, notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmişdir.
29. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir.
30. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1.-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir
31. İPM-in: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
33. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə hüquqi yardım göstərməməklə iddia tələbini dəqiqləşdirməmişdir və bununla da prosessual pozuntuya yol vermişdir. Bununla da birinci instansiya məhkəməsi iddia tələbini kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair nəticəyə gəlməklə qanunvericiliyin tələblərini pozmuşdur.
35. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi dəqiqləşdirilmiş iddia tələbi üzrə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 ünvanında yerləşən 35 saylı mənzilə dair İddiaçı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(112)-8344/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 ünvanında yerləşən 35 saylı mənzilə dair İddiaçı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov