Məhkəmə qərarları › İş №2-1(103)-386/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-386/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-386/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********88 saylı imtinasının əsaslı hesab edilməməsi və Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmakm dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********88 saylı imtina məktubu ilə həmin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yerləşmə cizgisi ilə hazırda təqdim edilən cizgi fərqlidir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və yarğan ərazisinə bitişik yerləşməklə yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin həmin qeyd edilən əraziyə digər şəxslərin müraciəti qeydə alınmışdır. Həmçinin qeyd edilmişdir ki, təqdim edilən Səbail rayon İcra Başçısının 506 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməyib. Cavabdeh bu məktubun dövlət qeydiyyatında imtina sayılmamasını qeyd etdə də, faktiki olaraq dövlət qeydiyyatına alınmasında imtina edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Bibiheybət qəsəbə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli cizgisindən görünür ki, onun Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə 600 kv. metrdən ibarət bağ sahəsi vardır və yerləşmə cizgisi də göstərilmişdir. Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə Salyan şossesi 32 ünvanda bağ sahəsi adına sənədləşdirilməsinə və ona fərdi evin tikintisinə icazə verilmişdir. Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2019-cu il tarixli 951 saylı arxivdən çıxarışdan da görünür ki, Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə Salyan şossesi 32 ünvanda bağ sahəsi adına sənədləşdirilməsinə və ona fərdi evin tikintisinə icazə verilmişdir Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı əsasında iddiaçı Məmmədova (Rzayeva) Gülbəniz Qəzənfər qızına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan 1 ünvanda yerləşən və faktiki istifadəsində olan 600 kv. metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair plan-ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 nömrəli sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri qeyd edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti zamanı təqdim edilmiş Səbail rayon İHB-nın xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüsü barədə məlumatın verilməsi və torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və s.) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkaredilmədiyi bildirildiyindən iddiaçının müraciətinin təmin edilməsinin İdarə tərəfindən mümkün olmaması barədə vətəndaşa **********80 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı əvvəlki müraciətdən fərqli ərazi göstərilmiş və göstərilən torpaq sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş (**********03-X37 və **********04-X28 reyestr nömrəli) torpaq sahələri ilə üst - üstə düşür. Qeyd olunanlarla yanaşı, təqdim olunan yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq vardır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətində təqdim etdiyi yerləşmə cizgisi xx.xx.2021-ci il tarixli müraciətində təqdim olunan cizgidən fərqlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli müraciətində də fərqli ərazi göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və torpaq sahəsi sürüşmə ehtimallı yarğan ərazisinə bitişik yerləşməklə, yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin, qeyd olunan əraziyə digər şəxslərin (X38, Rəsul-zadə X64) müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı göstərilən sahəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. Qeyd olunan səbəblərdən ərizənin icrasının tərəflərindən mümkün olmaması barədə vətəndaşa **********71 saylı, xx.xx.2021-ci il tarixli və **********88 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı əsasında iddiaçı Məmmədova (Rzayeva) Gülbəniz Qəzənfər qızına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan 1 ünvanda yerləşən və faktiki istifadəsində olan 600 kv. metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair plan-ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2014-cü il tarixdə “Asan 3” tərəfindən verilmiş AZE seriyalı 14783907 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bül-Bül pros. Ev 6, mən. 1, 2, 3 ünvnaında qeydiyyatdadır. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Salyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” 506 №-li, xx.xx.1997-ci il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 951 №-li xx.xx.2019- cu il tarixli arxiv çıxarışı ilə İddiaçı (nümayəndəsi X54) təqdim olunmuş surətlərindən müəyyən olunur ki, “Bibiheybət” qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahəsinin X3 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən X4 məxsus “Mövcud bağ” sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyəti Başçının “Bibi-Heybət” qəsəbə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən 14 iyul 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 166997 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X16 xx.xx.1998-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1998-ci ilin oktyabr ayının 22-ci günündə 196 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edərək “Bibiheybət” qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri X1, X9, X17, X5, X18, X6, X10, X21, Abdullayev Nəriman.....oğlunun, X23, X3, X19, X34, X7, X11, Qədimov Başağa Alişan oğlunun, X20, X24, X25, X26, X27, X35, X29, X30, X12, X13, X22 və “Bibiheybət” qəsəbəsi N.Quliyev 45 saylı ünvanda yerləşən “Köhnə bağ” sahəsinin X14 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********45 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, X2 müraciəti əsasında baxış keçirilərkən, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən ölçüsü cizgiyə əsasən 600 kv. metr, faktiki sahəsi 600 kv. metr olan torpaq sahəsinin bir tərəfdən mişar daş hasarla, üç tərəfdən üzərində olan tikilinin çöl divarı ilə sərhədləndiyi, torpaq sahəsi üzərində yeni inşa olunmuş (tikinti işləri tamamlanmamış) üç mərtəbəli mansardlı yarımçıq tikilinin mövcud olduğu aşkar olunmuşdur. Aktda əlavə qeyd olunmuşdur ki, torpaq sahəsinin sərəncamında sahə göstərilməyib, cizgidə göstərilən perimetrik ölçülər ilə faktiki perimetrik ölçüləri arasında fərq mövcuddur. Torpaq sahəsi Salyan şossesi yolu kənarında yerləşməklə digər tərəfdən 4-5 metr aralı məsafədə relyefi mürəkkəb mayıllı ərazi ilə həmsərhəddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2452 №li ekspert rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış torpaq sahəsinin faktiki ölçülərinin uzunluğu 25 metr, eni 24 metr olmaqla, ümumi sahəsinin 600 kv. metr olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə sərəncamda adları qeyd olunan digər şəxslərlə yanaşı Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış torpaq sahəsinin texniki parametrləri və konfiqurasiyası, Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 №-li yataqxananın yanında yerləşən “Köhnə bağ” bağ sahəsinin texniki parametrləri ilə müqayisə edilərkən torpaq sahələrinin cizgilərinin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Salyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə sərəncamda adları qeyd olunan digər şəxslərlə yanaşı Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış 600 kv. metr torpaq sahəsinin konfiqurasiyasının, parametrlərinin Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin “Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğunu və faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyini, o cümlədən digər torpaq sahələri ilə üst-üstə düşmə barəsində məlumat olmadığını nəzərə alaraq, həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********88 №li məktubda göstərilmişdir ki, əvvəlki müraciətilə ərizəyə əlavə olunan yerləşmə cizgisi hazırda təqdim olunan cizgidən fərqlidir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və yarğan ərazisinə bitişik yerləşməklə, yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin, qeyd olunan əraziyə digər şəxslərin müraciəti qeydə alınmışdır. Təqdim edilən Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsi: - 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qüvvədə olan qanunvericilik normalarına əsasən daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və qeyd olunan hallar iş üzrə verilmiş ekspert rəyi ilə təkzib olunmaqla yanaşı, iddiaçının hazırki iddiasının təmin olunmaması üçün əsas hesab oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar