Məhkəmə qərarları › İş №2-1(103)-3860/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3860/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3860/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı vəsiqəsinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə və apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini, xx.xx.2023-cü il tarixdə isə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Müddətin bərpası barədə ərizəsini iddiaçı onunla əsaslandırmışdır ki, yaralı və xəstə, eləcə də sağlamlıq imkanları məhdud olduğundan apellyasiya şikayəti vermək üçün zəruri müddəti ötürüb. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbini nəzərə alaraq apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən, hazırkı günə, yəni, xx.xx.2023-cü il tarixinə mümkünlük iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müddətin bərpası barədə ərizəsinin təmin olunmasını və apellyasiyanın mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iclasda iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surəti iddiaçıya məhkəmənin qəbzi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (İş vərəqi 61). İddiaçının işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur. Belə olan halda, iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı qərardan, İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən şikayət vermə müddətini 80 gün (yəni, 2 ay yarımdan da çox olan) müddətində ötürmüş olur. Lakin iddiaçının ərizəsindən görünür ki, müddətin ötürülməsinin üzürlü səbəbləri kimi xəstə, eləcə də sağlamlıq imkanları məhdud olduğunu əsas gətirsə də həmin günlərdə stasionar və ya ambulator müalicə aldığına dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar