Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3860/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarına əsasən 115 saylı Bağlar Tikinti Kooperativinin hüdudları daxilində, 1990-cı il tarixli, 20 saylı order ilə mərhum həyat yoldaşı X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivində yerləşən 695A/5 saylı bağ sahəsinə (sahəsi 0.12 ha) dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 195 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən Bakı şəhər X4 6/333 saylı xx.xx.1988-ci il tarixli qərarı ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin nəzdində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsindəki bağlar massivində 115 saylı Bağlar Tikinti Kooperativi yaradılmışdır. İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarına əsasən 115 saylı Bağlar Tikinti Kooperativinə ayrılmış torpaq sahəsində ölmüş əri X5 da olmaqla 22 vətəndaşa bağ sahəsi ayrılmışdır. Həmin ayrılmış ümumi sahəsi 0.12 ha olan 695A/5 saylı bağa dair ona 1990-cı il tarixli 20 saylı order verilmişdir. Hazırda iş üzrə iddiaçı ölmüş ərinin vərəsəsi kimi tanınmış və vərəslik şəhdətnaməsi almışdır. Daha sonra adıçəkilən bağ sahəsi üzərində ərinin adına mülkiyyət hüququnun təsdiq edən sənədin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Sonradan iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş və həmin ərizə əsasında Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Bağlar massivi 115 nömrəli Bağlar Tikinti Kooperativinin ərazisində 0.12 ha olan 695A/5 saylı bağ sahəsi üzərində hüquqların X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Bağlar massivi 115 nömrəli Bağlar Tikinti Kooperativinin ərazisində sahəri 0.12 ha olan 695A/5 saylı bağ sahəsi üzərində hüquqların X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq iddia olunan torpaq sahəsi sxematik xəritəyə uyğun gəlmir. Ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından faktiki sahənin hansı bağ sahəsinə aid olmasını təyin etmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsi ümumi ərazi daxilində yerləşir, sahədə heç bir mərzçəkmə işləri aparılmamışdır. Bundan əlavə, təqdim edilən orderdə mərhumun adı “X8” oğlu, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda və ölüm haqqında şəhadətnamədə “X10” oğlu qeyd olunmuşdur. Təqdim edilən order idarənin arxivində aşkar olunmamışdır Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X3 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, faktiki olaraq iddia olunan torpaq sahəsi sxematik xəritəyə uyğun gəlmir. Ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından faktiki sahənin hansı bağ sahəsinə aid olmasını təyin etmək mümkün olmamışdır. Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İş materiallarında olan “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli və Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına uyğun olaraq 115 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş və onlara bağ sahəsi ayrılmışdır. Həmin qərarın 1 nömrəli əlavəsindən görünür ki, Türkan 115 nömrəli bağlar-tikinti kooperativi üzvlərinin siyahısında ünvan 1 ünvanda qeydiyyatda olan X6 göstərilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 115 №li kooperativin 20 №li orderindən görünür ki, X3 Bakı şəhər İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 №li qərarına uyğun olaraq Türkan bağlar sahəsində 115 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 695A/5 №li bağ sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən 115 nömrəli BTK-nın arxiv əsaslarına əlavə edilmiş sənədlərdən görünür ki, X6 həmin BTK-nın üzvləri siyahısında 20-ci sıradadır. Beləliklə, iş materiallarına əsasən Bakı şəhər X7 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarı ilə iddiaçının mərhum əri X3 115 №li kooperativin üzvü kimi təsdiqləndiyi və həmin qərarın əsasında Türkan bağlar sahəsindəki 115 nömrəli BTK-nın 20 nömrəli orderi ilə iddiaçıya 695A/5 saylı bağın ayrıldığı müəyyən olunur. Cavabdeh apelyasiya şikayətində orderin idarənin arxivində aşkar olunmadığını bildirir. Qeyd edilən dəlilə münasibətdə Kollegiya bildirir ki, sözügedən hal hazırkı işin hallarına əsasən imtina üçün əsas hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, orderin verilməsi üçün əsas olan Bakı şəhər X7 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarının arxiv əsası saxlanılır, iddiaçının mərhum ərinin adı sözügedən BTK-nın üzvləri siyahısında aşkar edilir. Həmçinin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Apelyasiya şikayətinin digər bir dəlili faktiki olaraq iddia olunan torpaq sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi ilə bağlıdır. Kollegiya bildirir ki, sxematik xəritədə hər hansı uyğunsuzluğun olması isə iddiaçının və ya mərhum ərinin məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Qeyd olunanlardan aydın olur ki, iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Çünki iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həmçinin torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi, sahədə mərzçəkmə işlərinin aparılmaması da torpaq sahəsinin iddiaçının ərinə məxsus olmasını dəyişmir və bunu əsas götürərək imtina verilməsi əsassızdır. X1 ata adındakı uyğunsuzluğa gəldikdə isə ona bağ sahəsi ayrılmasına dair 11/409 saylı qərarda ünvan 2 ünvanında qeydiyyatda olan Sahib Fərziyevdən söhbət getdiyi görünür. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....həmin uyğunsuzluğun işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir.” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3860/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3860/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver