Məhkəmə qərarları › İş №2-1(103)-3863/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3863/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3863/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın düzgün hesablanması və s. tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək: Pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq, 1. "Əmək pensiyaları haqqında" Qanunun 19.1.4 maddəsinə əsasən 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1-ci dərəcəli əlilə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ödənilməsi; 2. Prezidentin xx.xx.2001 tarixli 613 saylı "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Fərmanı ilə müəyyən edilmiş verilməsindən imtina edilən 26 manatlıq aylıq müavinət indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;. 3. Prezidentin xx.xx.2000 tarixli 597 saylı "Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında" Sərəncamı ilə müəyyən edilmiş 70 min manatın indeksasiya edilməklə ona ödənilməsi və pensiya məbləğində nəzərə alınması; 4. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 5.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması; 5. NK-nın xx.xx.2013 tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyası indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması; 6. Prezidentin xx.xx.2021 tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə "Əmək pensiyaları haqqında" Qanunun 29.2 maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması; 7. "Əmək pensiyaları haqqında" Qanunun 20.16.1 maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun pensiyasının düzgün hesablanmaması haqqında şikayətlərinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bildirmişdir ki, 18 iyun 1993-cü ildən ona Daxili İşlər Nazirliyi tərəfindən 1-ci dərəcəli əlilliyə görə pensiya təyin edilib və 1 yanvar 2007-ci il tarixindən "Əmək pensiyaları haqqında" qanunun 20.16.1 maddəsinə əsasən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Onun pensiyası DİN-dən ƏƏSMN-yə keçəndə ’’Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə zidd olaraq pensiyasından toplam 45,10 manat çıxılıb. Halbuki həmin 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək (2006-cı ilin yanvarın 1-dək, hazırda 2017-ci ilin 1 iyuluna qədər) təyin olunmuş əmək pensiyalarının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən şərti çevrilməsi aparılır. Son xidmət yeri olan DİN-ə şikayətinə cavab olaraq DSMF-in Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) direktoru Q.Nəcəfov xx.xx.2007 tarixli 89/946 saylı məktubla bildirib ki, pensiyasının məbləği təminat xərcliyinin yüz faizi (234,75 manat) əlavə olunur 1-ci qrup Qarabağ əlili kimi 5,10+40 manat (279,85 manat) təşkil edir. Həmin qurumun direktor müavini S.Hacıyev xx.xx.2007 tarixli 89/1249 saylı məktubla bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş 1-ci qrup əlil kimi 14 manat müavinət və kommunal xidmətlərə görə güzəştlərin müavinətlərlə əvəz olunması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 saylı fərmanına əsasən 26 manat hesablanmalıdır ki, bu da birlikdə 40 manat təşkil edir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək: Pensiyanın qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq, 1. "Əmək pensiyaları haqqında" qanunun 19.1.4 maddəsinə əsasən 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1-ci dərəcəli əlilə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ona ödənilməsi; 2. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 45.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması; 3. NK-nın xx.xx.2013 tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyasının indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması; 4. Prezidentin xx.xx.2021 tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə "Əmək pensiyaları haqqında" qanunun 29.2 maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması; 5. "Əmək pensiyaları haqqında" qanunun 20.16.1 maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması; 6. Xidmət ilinə 10 faizlik əlavənin 1993-cü ildən hesablanması; 7. Pensiyaya çıxdığı 1993-cü ildən indiyədək AMEA-da işlədiyi dövrdə fərdi hesabında yığılan pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı (hakim B.Cəlalov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və və işdə olan sübutlar əsasında xeyrinə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərəzlə, xəstəxanada müalicədə olduğu halda və bu barədə məhkəməyə 2 ərizə ilə hazırlıq iclasının ertələnməsini xahiş etməsinə baxmayaraq, birtərəfli qaydada qanunsuz qərardadla iddianın mümkün sayılmaması haqqında qərardad çıxarıb. (Xəstəlik tarixçəsindən çıxarışlar əlavə olunur) Bununla həm tərəflərin hüquq bərabərliyi, həm çəkişmə prinsipi pozulub, həm də hakimin cavabdehin qeyri-prosessual təzyiqilə əsaslandırmadığı akt ədalətsiz olub. Cavabdehin nümayəndəsi etibarnaməsi olmadan 39 saylı vəkil bürosunun vəkili kimi işə necə buraxılıb? 39 saylı vəkil bürosu özü DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nəzdində, eyni ünvanda fəaliyyət göstərir, vəkil Emil İsgəndərli isə həmin Filialda böyük mütəxəssis vəzifəsində çalışır. Bütöv 39 saylı vəkil bürosunun DSMF-ə, onun Filialı kimi vəkillik etməsi qanuna ziddir. Filialın da, 39 saylı vəkil bürosunun da müdiri eyni şəxsdir-vəkil Abuzər Mütəllimov. Vəkilin dövlət orqanında işləməsi qanunsuzdur. Emil İsgəndərlinin işdə iştirakı barədə etibarnamə yoxdur. O, 1-ci dərəcəli Qarabağ əlili kimi məhkəməyə bir neçə dəfə ərizə verib, dövlət hesabına vəkillə təminatını xahiş etmişdir, xx.xx.2023 tarixli qərardadla təmin edilməyib və bu qərardaddan da şikayət verməyə qanunsuz olaraq qadağa qoyulub. xx.xx.2023-cü ildə MPM-in 67-1 maddəsinə əsasən, məhkəməyə şəxsi kabinetdən ərizə verib, 1-ci dərəcəli Qarabağ əlili kimi dövlət hesabına vəkillə təminatını xahiş etmiş, baxılmayıb. Hazırlıq iclasında mümkünlüyün yoxlanılması İPM-də nəzərdə tutulmayıb. Eyni zamanda Ali Məhkəmə Plenumunun xx.xx.2015 tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 5 saylı Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad da yenidən eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin qərarın 5.3 bəndinə görə, iddiaçının tələbi bilavasitə qanundan irəli gəlirsə, iddia bir qayda olaraq mümkün sayılır. Onun iddiası isə "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq ona tətbiq edilən hüquqlarının tətbiq edilməməsindəndir. Cavabdeh özü 26.01.23 və 22.02.23 tarixli məktublarla 30 gün ərzində məhkəməyə müraciət etməyini bildirib və o da iddia qaldırmışdır. Burda mümkünlük şərtlərinin pozulmasından söhbət gedə bilməz. 1 BİİM-in xx.xx.2017 tarixli 2-1(81)-1889/17 saylı qərarına gəldikdə isə bu qərar onun xeyrinə çıxarılıb və indi bu qərarın icrasını cavabdeh dayandırıb ki, məhkəməyə müraciət etmişdir. İddiasının predmeti isə eyni deyil, o, "Əmək pensiyaları haqqında" qanunun 26.1, 19.1.4, 29.2, 37.3.2-1 , Nk-nın xx.xx.2013 tarixli qərarının ona tətbiq edilməsini tələb edir. İddianı mümkün saymayan məhkəmə ona İPM-in 13 və 48 maddələri əsasında yardım da etməyib. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İclasa baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, xəstəxanada müalicədə olduğunu, xəstə və yataqda olduğundan iclasında iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya qeyd edir ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyaya əlavələrin hesablanması və s. eyni iddia tələblərinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8546/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim O.Həsənov) İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işdən çıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktları mövcuddur. İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaradır. Hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar