Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3869/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X7 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi (direktoru) X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6557/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (MMC) cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş və 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin ləğvinə dair hüquqi nəticə meydana gətirməyə yönəlmiş 10 oktyabr 2024-cü il tarixli, 3/27/2-7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, 3/27/2-8783/2024 nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməmiş hesab edilməsi və “X11” MMC-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, 3-27/3-6-1/2025 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin 2-1(112)-6557/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadları ilə "xxxx" MMC-nin cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-6557/2025 №li iş üzrə əsl olmayan iddiaçı “X11” MMC əsl İddiaçı MMC ilə əvəz olunmuş və "xxxx" MMC inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X11” MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə bağlanmışdır. Müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün iddiaçıya cavabdeh tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Müqaviləyə əsasən mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumi sayı 10001 ədəd olan “*0000-9999” nömrə resursu (qısa nömrələr) iddiaçı üçün ayrılmışdır. AR Tarif (Qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli iclasının “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli qərarına uyğun olaraq iddiaçı birdəfəlik 28000 manat və illik 2000 manat olmaqla 30000 manat ödəniş həyata keçirmişdir. Cavabdeh tərəfindən 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqaviləyə əsasən nömrə resursları ayrıldıqdan sonra iddiaçı operatorlarla “qısa nömrələr üzrə distribyutorluq müqaviləsi” və sifarişçilərlə (abunəçilərlə) “qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi” bağlayaraq gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu məqsədlə iddiaçı Mobil və Stasionar Operatorlarla (məsələn, Bakcell MMC, Azercell Telecom MMC, Bakı Telefon Rabitəsi MMC, Ultel MMC və s) müqavilə bağlayaraq, onlardan texniki dəstək almaqla ona ayrılmış *-lu qısa nömrə resurslarından prefikslərin istifadəsi ilə bağlı abunəçiləri ilə xidmət müqaviləsi bağlayır. Məsələn, abunəçiyə *7000 qısa nömrəsi ayrılır və bu qısa nömrəyə gələn zənglər onun Stasionar və ya Mobil Operatora məxsus korporativ alt nömrəsinə inteqrasiya olunur, yəni zənglər həmin nömrəyə gəlir. İddiaçı bu xidmətin göstərilməsi üçün Nazirliklə bağladığı müqavilə əsasında həm Mobil və Stasionar Operatorlarla, həm də abunəçi ilə yuxarıda adları çəkilən müqavilələri bağlayır. Cavabdehlə müqavilə 1 il müddətinə bağlansa da tərəflər uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün müqavilə müddəti avtomatik qaydada uzanmışdır. Ona görə də iddiaçı 2024-cü il də daxil olmaqla həm AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZ59CTRE******************** saylı hesabına illik 2000 manat ödənişlər həyata keçirmiş, həm də bu müddət ərzində bir çox sifarişçiyə qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət göstərmişdir və hazırda da qısa nömrələrin istifadəsi ilə bağlı 400-dən artıq yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 10 oktyabr 2024cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, cavabdeh 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasını məqsədəuyğun hesab etmir. İddiaçı 10 oktyabr 2024-cü il tarixli bildirişə 18 oktyabr 2024cü il tarixli cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkil edilməsini xahiş etsə də onun xahişi cavabsız qalmışdır. Əvəzində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 29 noyabr 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin 09 fevral 2025-ci ildə dayandırılacağı qeyd edilərək iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində nazirliyə təqdim olunması xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən 06 dekabr 2024-cü il tarixində cavabdehə bildiriş təqdim edilərək nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququndan istifadə edildiyi bəyan edilməklə tərəflər arasında imzalanmış 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə münasibətlərin davam etdirilməsi və AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə heç bir cavab verilmədiyi üçün iddiaçı eyni tələblə 17 yanvar 2025-ci il tarixində də cavabdehə müraciət etmişdir. Yazılı müraciətlər göndərilən ərəfədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xidmət göstərdiyi abunəçilərin (sifarişçilərin) qısa nömrələrinə zənglər edilərək X11 MMC ilə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış müqavilənin qüvvədə olmayacağı, abunəçilərə müqavilə bağlamaları üçün nazirlik tərəfindən yeni şirkət təqdim olunacağı bildirilmişdir. Tələbin hüquqi cəhətdən əsaslandırılması ilə bağlı qeyd edilir ki, tərəflər arasındakı münasibət müqavilə əsasında qurulmuş olsa da inzibati xarakter daşıyır və inzibati icraatın prinsipləri münasibətə tətbiq olunma üçün əlverişli, hətta məcburidir. Bununla yanaşı iddiaçının ticari mövcudluğunun əsas elementi olan icazənin ondan geri alınması onun ləğvinə gətirib çıxaracağı üçün “mülkiyyət” hesab edilir. “Lisenziyalar və icazələr haqqında Qanun”un 3 nömrəli əlavəsinin 39-cu bəndinə əsasən “nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə” sahibkarlıq fəaliyyətinə verilən icazədir. Ona görə də tərəflər arasında bağlanmış müqavilə mahiyyəti etibarilə tənzimlənməsi dövlətin müstəsna hüququ olan nömrə resursunu “X11” MMC-yə başqa şəxslərə istifadəyə verə bilməsi üçün icazə hesab olunur. İcazənin verilməsi “Lisenziyalar və icazələr haqqında Qanun”la yanaşı AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 03 sentyabr 2012-ci il tarixli “nömrə resurslarının ayrılması və istifadəsi qaydaları” (bundan sonra “qaydalar”) ilə də tənzimlənir. Həmin qaydaların 1.4-cü bəndinə əsasən Nömrə resursları tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, tərəflər arasında müqavilə bağlanır və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılır. 2.11-ci bəndə görə isə Nazirlik tərəfindən nömrə resursları ayrılmış iddiaçı abunəçilərə və telekommunikasiya istifadəçilərinə nömrələri müstəqil ayırır. İnsan Haqları üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi təcrübəyə müvafiq olaraq lisenziya əsasında fəaliyyətin dayandırılması “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun birinci maddəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbitini tapmış mülkiyyət hüququna da müdaxiləni təşkil edə bilər. X8 üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, biznes fəaliyyətinin aparılması üçün lisenziya mülkiyyət təşkil edir; onun geri alınması 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqa müdaxilədir (“Bimer SA Moldovaya qarşı” iş üzrə X10 Məhkəməsinin qərarı). Geri alınması avtomatik olaraq bankın məcburi qaydada ləğv edilməsinə səbəb olan bank lisenziyası“mülkiyyət” hesab edilir (“Kapital Bank AD” Bolqarıstana qarşı iş üzrə X10 Məhkəməsinin qərarı). 2. 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin həqiqi mahiyyətinə dair Müqavilə müddətli bağlansa da həmin müddətlilik qanunun nəzərdə tutmadığı formada razılaşdırılmışdır. Belə ki, müddət avtomatik qaydada uzadılma şərti ilə razılaşdırılmışdır. Hüquq nəzəriyyəsində bu cür müddətli müqavilələr “atipik müddətsiz” adlanır. Çünki tərəflər bu cür müqavilələrin əslində müddətsiz olmasına dair iradələrini ifadə edirlər, lakin onu nisbətən sərbəst şəkildə ləğv edə bilmək niyyətində olurlar. Ona görə də avtomatik uzadılma şərti müəyyən edilmiş müqavilənin müddətinin uzadılmaması barədə bildiriş əslində müddətsiz müqavilənin ləğvi barədə bildiriş kimi nəzərə alınmalıdır. Mülki Məcəllənin 324.5-ci və 404.1-ci maddələri də göstərdiyimiz fikirləri təsdiq edir. Həmin maddələrə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 3. Cavabdehin səlahiyyətlərini aşması nəticəsində iddiaçının hüquqlarının pozulmasına dair: Sözügedən müqavilə 2011-ci il tarixində bağlanmışdır və müqavilənin bağlanmasından 5 (beş) il sonra qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında Qanun”un 22.1-ci maddəsinin ikinci cümləsinə əsasən“bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir”. Eyni zamanda müqavilənin bağlanmasından etibarən 10 oktyabr 2024-cü ilədək müqavilənin uzadılmaması ilə bağlı tərəflərin heç bir təşəbbüsü olmamışdır. Bu isə onu deməyə əsas verir ki, həqiqətdə müddətsiz bağlanmış müqavilə ilə yanaşı verilmiş icazə tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter almışdır. Qaydaların 3.1-ci bəndinə əsasən “nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır”. İddiaçının həmin nömrə resurslarından daimi istifadə etmək niyyəti isə işin hallarından bariz şəkildə aydındır. Nəticədə ticari mövcudluğu həmin müqavilədən asılı olan kommersiya hüquqi şəxsi o müqaviləni müddətsiz şəkildə bağlamağı arzu edər. Normanın tələbindən də göründüyü kimi nömrə resurslarının istifadəsinin müddətli və ya daimi olması iddiaçının müraciəti, yəni “X11” MMC-nin iradə ifadəsi ilə şərtləndirilmişdir. Lakin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iddiaçıya 10 oktyabr 2024 tarixində bildiriş təqdim edərək bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Qeyd edilənlər iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu kimi, Nazirlik tərəfindən edilən zənglər onun sahibkarlıq fəaliyyətinə də ciddi əngəl törədir. Sözügedən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmaması barədə Nazirlik tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildiriş normativ aktlara və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olmamaqla yanaşı operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanunimənafelərinin qorunması prinsipinin də (Telekommunikasiya haqqında qanunun 3.1.1-cimaddəsi) pozulmasına səbəb olmuşdur. Qaydaların 3.3-cü bəndinə əsasən nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. “X11” MMC həmin inzibati praktikaya əsaslanan inamla fəaliyyətini qanuna uyğun təşkil etdiyi halda cavabdehin əsaslarını bildirmədiyi mülahizəsi ilə növbəti müddətə icazə verməməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə yaradır və iddiaçı ilə inzibati orqan arasında mövcud olan qarşılıqlı etimad prinsipini kökündən sarsıtmış olur. Müqavilə müddətinin uzadılmaması ilə bağlı inzibati orqan tərəfindən ünvanlanmış yazılı müraciətlər mahiyyətcə inzibati orqanın diskresion səlahiyyəti olduğuna görə nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququnun tanınmamasına, icazənin daimi xarakterli olmamasına dair mülahizələr dəqiq və aydın şəkildə əsaslandırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilənin bağlandığı tarixdən indiyə qədər “X11” MMC öhdəliklərini layiqincə yerinə yetirmiş və Nazirlik tərəfindən sonuncuya hər hansı irad bildirilməmişdir. Eyni zamanda ödənişlər Tarif (qiymət) Şurasının qərarı ilə tənzimləndiyi üçün qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliklər pozulmadığı təqdirdə nömrə resursunun istənilən şəxsə ayrılması inzibati orqanın mənafeyinə hər hansı zərərlə müşayiət olunmur. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində müqavilə münasibətlərinin inzibati hüquq sahəsinə aid olduğunu qeyd etsə də, öz iddialarını əsaslandırmaq üçün əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. İnzibati hüquq sahəsinə aid olan qanunvericiliyə istinadlarda hansı hüquqlarının pozulduğunu və istinad edilən hüquqi aktların bu pozuntu faktını hansı hissədə təsdiq etdiyini əsaslandıra bilməmişdir. Belə ki, iddia ərizəsinin “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 1-ci və 3-cü bölmələrində sadəcə olaraq tərəflər arasındakı münasibətlərin inzibati hüquq sahəsində müddətsiz icazə münasibətləri olduğunu əsaslandırmaq üçün həmin aktlara istinad olunmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsinin “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 1-ci bölməsində özünün mövqeyini ilkin olaraq belə əsaslandırmışdır ki, X10 Məhkəməsinin müvafiq qərarına əsasən lisenziya sahibkarlıq subyektinin mülkiyyətini təşkil edir və geri alına bilməz. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.45-ci yarımbəndinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək Nazirliyin vəzifələri kimi müəyyən edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1ci maddəsinin ikinci və üçüncü cümlələrinə əsasən həmin Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş icazə etibarsız hesab olunur. Adıçəkilən Qanunun 1.0.7-ci maddəsinə əsasən icazə şərtləri icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərdir. Qeyd edilən Qanunun 26.1.2-ci maddəsinə əsasən icazə müddəti bitdikdə ləğv edilir. Nömrə resurslarının ayrılması və onlardan istifadə ilə bağlı tələblər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə müəyyənləşdirilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora və provayderə ayrılır. Adıçəkilən Qanunun 7.3-cü maddəsinə əsasən isə nömrə resursu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə operator və ya provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçıya müqavilə əsasında verilən icazə müddətli xarakter daşıyır. Sözügedən icazənin müddətinin bitməsi artıq həmin icazənin etibarsız olmasına və onun əsasında müəyyən edilmiş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi hüququnun olmamasına dəlalət edir. Başqa sözlə iddiaçı nömrə resurslarının ayrılması və istifadəsi barədə müqavilənin (icazənin) müddəti bitdiyi üçün müvafiq sahibkarlıq fəaliyyətini həyata keçirə bilməz. Bu halda icazənin hər hansı formada iddiaçının mülkiyyətindən geri alınmasından bəhs olunmur. Başqa sözlə müddət müvafiq icazənin qüvvədə olma etibarlılığını təsdiq edir. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 2-ci bölməsində müqavilənin mahiyyətinin müddətsiz olmasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad edilərək əsaslandırılmasına çalışılmışdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının nə “Lisenziyalar və icazələr haqqında”, nə də “Telekommunikasiya haqqında” qanunlarında “icazə müddətinin tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter alması” institutu müəyyən edilməmişdir. Sözügedən qanunlara əsasən icazə müddətinin bitməsi nəticəsində həmin icazənin ümumi əsaslarla yenidən alınması nəzərdə tutulur. Eləcə də müqavilənin ləğvinin iddiaçının ticari varlığına təsiri iddiasına münasibətdə bildiririk ki, müqavilənin müddəti əvvəlcədən bəlli olduğu halda iddiaçı tərəfindən bu hal nəzərə alınmadan abunəçilər ilə münasibətlər düzgün tənzimlənməmişdir. Bu baxımdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə və müqaviləyə uyğun olaraq icazənin ləğv edilməsi səbəbindən iddiaçı ilə abunəçilər arasındakı münasibətlərin həlli iddiaçının özü tərəfindən müqavilənin şərtləri nəzərə alınmaqla həyata keçirilməli idi. Belə ki, müqavilənin müddətinin bitmə tarixi iddiaçıya əvvəlcədən məlum olmuşdur. Habelə iddiaçı kommersiya hüquqi şəxs olduğu üçün ölkə qanunvericiliyinə uyğun olaraq qanunla qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 3-cü bölməsində adıçəkilən Qaydaların 3.1-ci bəndinə istinad edilərək icazə müddətinin ərizəçinin müraciəti əsasında daimi və ya müvəqqəti olaraq müəyyənləşdirildiyi qeyd olunur. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. Qaydaların 3.2-ci bəndinə əsasən nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi nömrə resurslarının ayrılması və istifadəsi müddətli xarakter daşıyır. Həmin fakt iddiaçının imzası ilə də təsdiq edilir. Eyni zamanda, iddiaçı qeyd edir ki, müqavilə müddətinin uzadılmaması ilə bağlı inzibati orqan tərəfindən ünvanlanmış yazılı müraciətlər mahiyyətcə inzibati orqanın diskresion səlahiyyəti olduğuna görə nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququnun tanınmamasına, icazənin daimi xarakterli olmamasına və bu diskresion səlahiyyət əsasında iddiaçının hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də həmin müraciətlərin ləğv edilməsini, müqavilənin isə ləğv edilməmiş hesab edilməsini və üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun bir neçə qərardan birini seçmək hüququnun verildiyi halda mövcud olur. Yuxarıda sadalanmış qanunvericiliyin müddəalarından isə görünür ki, nömrə resurslarının müddətli və ya daimi istifadəyə verilməsi bağlanan müqavilə şərtlərindən asılı olduğundan və nömrə resurslarından istifadəyə dair münasibətlər müqavilə əsasında yarandığından, nömrə resurslarının istifadəsinin müddətli olması isə inzibati orqan ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirildiyindən inzibati orqana konkret olaraq diskresion səlahiyyətə yer verməyəcək şəkildə tənzimlənmişdir. Göründüyü kimi, hazırkı işdə inzibati orqanın diskresion səlahiyyətindən söhbət getmir. Belə ki, qeyd edilən münasibət üzrə müqavilənin 1 (bir) il müddətinə bağlanılması konkret icazənin müddətli olmasına dəlalət edir. Bu hal özlüyündə inzibati orqan tərəfindən müqavilənin ləğvi barədə bildirişi təqdim etməsinin həm qanunvericiliyə, həm də müqavilənin şərtlərinə tam uyğun olduğunu göstərir. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 4-cü bölməsi üzrə isə iddiaçı ləğv və xitam anlayışlarının fərqinin əsaslandırılmasına çalışmışdır. Lakin bu məsələnin ümumiyyətlə mübahisə predmetinə münasibətdə hansı əhəmiyyətə və aidiyyəti malik olunduğunu düzgün ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, Nazirlik tərəfindən təqdim edilən bildirişlər məlumat xarakterli olmaqla, müqavilənin (başqa sözlə icazənin) müddətinin bitməsi barədə iddiaçıya məlumat verir. Belə ki, qeyd edilən normativ hüquqi aktların və müqavilənin müddəalarında da göründüyü kimi müqavilənin müddətli olması və müddətinin bitmə tarixi əvvəlcədən müəyyənləşdirilmişdir. Müqavilənin 5.1-ci bəndinin şərti iddiaçı tərəfindən razılaşdırıldığı üçün həmin şərtlərə riayət etmə birtərəfli iradə ifadəsi ola bilməz. Habelə qeyd edilən bildirişlər xarakterinə görə də əqd ola bilməz. Çünki həmin bildirişlər əqd üzrə tələb edilən heç bir şərti özündə ehtiva etmir. Bu baxımdan iddiaçının bildirişlərin “iradə ifadəsi olması” iddiası da tam əsassızdır. Bununla yanaşı, qeyd edilən Qanunun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın tələblərindəndir. Belə ki, həmin Qanunun 3.1.7-ci maddəsinə əsasən radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi telekommunikasiya fəaliyyətinin əsas prinsiplərindən biridir. İddiaçıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda həmin resurslardan səmərəli istifadə edilməmiş, təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.95-ci yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra sahələrlə yanaşı, telekommunikasiya sahəsində təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək vəzifəsi daşıyır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-ci maddəsinə görə istehlakçıların hüquqlarını pozmamaq isə telekommunikasiya operatorunun vəzifəsidir. Nəzərə alınmalıdır ki, İddiaçının xidmət göstərdiyi şəxslərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəng edilməsi iddiası ilə bağlı bildiririk ki, qanunvericiliyə əsasən Nazirlik telekommunikasiya sahəsində istehlakçıların hüquqlarının qorunması vəzifəsini daşıyır. Müqavilənin ləğv edilməsi halında iddiaçının xidmət göstərdiyi şəxslərin hüquqlarının qorunması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq bildirişlər ən azı 4 (dörd) ay əvvəlcədən verilərək iddiaçıya öz öhdəliklərinin vaxtında icrasına və tənzimlənməsinə şərait yaradılmışdır. Eləcə də iddiaçının xidmət göstərdiyi şəxslərin telekommunikasiya xidmətlərindən fasiləsiz istifadə edə bilməsinin təmini üçün müvafiq tədbirlər görülmüşdür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə görə isə həmin Qanun qüvvəyə minənədək operatora və ya provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Eyni zamanda, iddiaçıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda həmin resurslardan səmərəli istifadə edilməmiş, təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Həmçinin nömrə resurslarının ayrılmasında üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanunun qüvvəyə minənədək (xx.xx.2005) operatora və ya provayderə verilmiş nömrə resursuna şamil edilir. Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixindən etibarlı olan “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” müqavilə imzalanmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6557/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, Nömrə resurslarının nazirlik tərəfindən iddiaçıdan geri alınmasının hüquqi əsası mövcud deyildir. Belə ki, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 03 sentyabr 2012-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 5-ci maddəsi nömrə resurslarının iddiaçıdan geri alındığı halları bildirir. Həmin hallar arasında müqaviləyə xitam verilməsinə dair nazirliyin müraciəti nəzərdə tutulmamışdır. Tərəflərdən yalnız iddiaçının müraciəti əsasında nömrə resurslarının geri alınması qaydası nəzərdə tutulub. Maddənin tələbindən və mahiyyətindən də göründüyü kimi 5-ci maddədə qeyd edilən hallar məhdudlaşdırıcıdır və onların müqavilə ilə genişləndirilməsi hüquqa uyğun deyildir. Nömrə resurslarının ayrılması və istifadəsi həmin Qaydalarla müəyyən edildiyi üçün müqavilə bağlanması zamanı qaydaların tələblərinin nəzərə alınması mütləqdir. İmperativ normaya zidd olan müqavilə şərtinin əhəmiyyətsiz dərəcədə etibarsız olduğu da məlumdur. Ona görə də hər nə qədər tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində tərəflərdən hər ikisinin, yəni həm iddiaçının, həm də nazirliyin müqaviləyə təktərəfli qaydada xitam verə bilməsi hüququ müəyyən edilsə də, eyni məsələni tənzimləyən Qaydaların 5-ci maddəsində nömrə resursunun geri alınması əsasları içərisində nazirliyin müqaviləyə təktərəfli qaydada xitam verməsi (ləğv etməsi) göstərilməmişdir. İşin mübahisəsiz halıdır ki, nazirliyin müqaviləni xitam etmə cəhdi nömrə resurslarının iddiaçıdan geri alınması məqsədinə xidmət etmək üçün həyata keçirilmişdir. Belə olan halda nazirliyin müqavilənin ləğvi barədə iddiaçıya təqdim etdiyi 10 oktyabr 2024-cü il tarixli bildirişi əsaslı hesab etsək belə, bu nömrə resurslarının iddiaçıdan geri alınmasına hüquqi əsas verməyəcəkdir. Əhəmiyyəti səbəbindən xüsusi qeyd etmək istədiyim bənd qaydaların 5.1.2-ci bəndidir. Həmin bəndə əsasən telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda nömrə resursları ərizəçidən geri alınır. İlk başda düşünülə bilər ki, nazirliyin 10 oktyabr 2024-cü il tarixli bildirişi ilə müddət başa çatdığı üçün nömrə resurslarının geri alınmasının hüquqi əsasını da bu hal təşkil etməkdədir. Ancaq həmin bənddə xüsusi razılıqla qeyd edilən fəaliyyət iddiaçının göstərdiyi fəaliyyətdən başqadır. Qaydaların 2.1-ci maddəsində nömrə resursları ayrılması üçün təqdim edilən ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı göstərilmişdir. 2.1.4-cü maddəyə əsasən telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti ərizəyə əlavə edilir. Buradan hasil olan məntiqi nəticəyə görə nömrə resursları xüsusi razılıq (lisenziya) tələb olunmayan fəaliyyət növləri üzrə də alına bilər və iddiaçının nömrə resurslarına dair fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət hesab olunmur. Əgər Qaydaların 5.1.2-ci maddəsində xüsusi razılıq deyildikdə tərəflər arasında bağlanmış 09 fevral 2011-ci il tarixli müqavilə nəzərdə tutulsaydı onda ərizəyə əlavə edilməli olan sənədlər siyahısında 2.1.4-cü maddədə həmin xüsusi razılıq qeyd-şərtlə göstərilməzdi. Lisenziyalar və icazələr haqqında qanunun “Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı” başlıqlı 1 nömrəli əlavəsinin 6.5 və 6.6-cı, həmin qanunun “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı” başlıqlı 2 nömrəli əlavəsinin 4-1-ci bəndlərində lisenziya tələb olunan telekommunikasiya sahələri göstərilmişdir. Nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə isə lisenziyalar siyahısında deyil, həmin qanunun “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” başlıqlı 3 nömrəli əlavəsinin 39-cu bəndində göstərilmişdir. Deməli nazirliyin 5.1.2-ci bəndə, yəni müddətin bitməsinə istinad edərək nömrə resurslarını geri alması da hüquqa uyğun olmayacaqdır (nazirlik həmin bəndə istinad etməyib, müqaviləyə xitam verilməsinin həmin bəndlə əlaqələndirilməsi ehtimalına qarşı qeyd edilir). Nazirliyin müqaviləyə xitam verməsi ilə bağlı bildirişi nömrə resurslarının geri alınması üçün hüquqi əsas olmadığına görə, o ən yaxşı halda iddiaçının 5.1.1-ci maddəyə əsasən müraciət etməsi üçün çağırış və ya xahiş ola bilər. Elə bu hal da nömrə resurslarının növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında iddiaçının üstünlük hüququnun mövcudluğunu şərtləndirir. Hüquqi cəhətdən iki seçim imkanı mövcud olmuş olur: birincisi nazirliyin xitam vermə hüququnu müəyyən edən norma qaydaların 5-ci maddəsi ilə (imperativ norma ilə) ziddiyyətdə olduğundan əhəmiyyətsiz dərəcədə etibarsız hesab edilməlidir; ikincisi isə ən yaxşı halda həmin bildiriş iddiaçının növbəti müddətdə üstünlük hüququndan istifadə edib-etmədiyi barədə, o cümlədən nömrə resurslarının geri alınmasına dair müraciət edib-etməyəcəyi barədə nazirliyin məlumat almasına xidmət edə bilər. Hər iki halda nazirlik iddiaçının razılığı olmadan təktərəfli iradə ifadəsi ilə iddiaçı üçün hüquqi nəticə meydana gətirə bilməz. Qaydaların 3.1-ci maddəsində nömrə resurslarının istifadəsinin müddətli və ya daimi olmasının iddiaçının müraciəti ilə əlaqələndirilməsinin də yeganə məntiqi nəticəsi bundan ibarətdir. Diqqət etdikdə istifadənin daimi və ya müddətli olmasıərizəçinin müraciəti nəzərə alınmaqla müəyyənləşdirilir. Əlavə olaraq qeyd edilməsi mühüm əhəmiyyət kəsb edən digər məqam ondan ibarətdir ki, nömrə resurslarının ayrılması və istifadəsi barədə müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə sifarişçi qismində çıxış edən şirkətin yenidən müqavilə bağlamaq üçün müraciət etmək hüququnu istisna etmir. Nazirlik tərəfindən 10 oktyabr 2024-cü il tarixində müqaviləyə xitam verilməsi barədə bildiriş təqdim edildikdən sonra iddiaçı yenidən müqavilə bağlamaq istəyini nazirliyə dəfələrlə bildirmiş, yazılı müraciət göndərmiş, hətta bu barədə görüş də keçirilmişdir, ancaq nazirlik tərəfindən həmin müraciətlərin hansı əsasla nəzərə alınmadığı qeyri-müəyyən olaraq qalmaqdadır. İddiaçı yalnız bundan sonra 06 dekabr 2024-cü il tarixində müqavilə bağlanılmasında üstünlük hüququndan istifadə etdiyini bəyan edən yazılı müraciəti nazirliyə təqdim etmişdir. İddiaçı daha əvvəl müraciət etsə də nəticədə 2025-ci il üçün nömrə resursları iddiaçıdan sonra müraciət edən Fast Solutions MMC üçün ayrılmışdır. Hesab edirəm ki, bu hal da iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Nömrə resursları nazirlik tərəfindən ayrılsa da onların istifadəsi ilə bağlı abunəçilərlə müqavilələr iddiaçı tərəfindən müstəqil şəkildə bağlanır. Həmin müqavilələrin bağlanmasında hər hansı dövlət orqanı iştirak etmir. İddiaçı biznes fəaliyyəti çərçivəsində abunəçilərlə razılıq əldə etməklə, öhdəliklər və risklər iddiaçıya məxsus olmaqla müəyyən müştəri bazası toplamışdır. Bir sözlə abunəçilərlə müqavilə münasibətlərinin qurulması və uğurla davam etdirilməsi iddiaçının işgüzar münasibətləri, göstərdiyi xidmətin keyfiyyəti, xidmət üçün sərf olunan xərclər, insan resursu, peşəkarlıq, reklam və digər iddiaçıya məxsus xüsusiyyətlər ilə sıx bağlıdır. Üstəlik bağlanılan hər müqavilə əsasında abunəçiyə xidmət göstərilməsi üçün iddiaçı tərəfindən operatorlara qoşulma ödənişi və aylıq ödənişlər həyata keçirilir. Məsələn, hər yeni qoşulan abunəçi üçün AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinə, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinə iddiaçı tərəfindən birdəfəlik ödəniş, abunəlik müddətində isə aylıq ödənişlər həyata keçirilir. Eyni zamanda hər abunəçi üçün digər operatorlara da aylıq ödənişlər həyata keçirilir. Belə olan halda nazirlik tərəfindən məhz iddiaçınin işgüzar keyfiyyətləri nəticəsində qazanılmış müştəri bazasının (abunəçilərin) Fast Solutions MMC-yə ötürülməsi haqsız rəqabətə səbəb olmaqdadır. Rəqabət Məcəlləsinin 1.1.15-ci maddəsinə əsasən müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləri haqsız rəqabət hesab olunur. Apellyasiya şikayətinə qarşı etiraz: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz iddiaya etirazla eyni şəkildə əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən qərar qismən ləğv edilməlidir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Hazırki mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən doğan mübahisədir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, inzibati akt Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “X11”MMC arasında bağlanmış müqavilə üzrə nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazənin ləğvi ilə bağlı olsa da, iddiaçının adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. Təsis sənədlərinə əsasən xx.xx.2009-cu ildə qeydiyyata alınmış “X11” MMC (VÖEN **********) xx.xx.2025-ci il tarixdə İddiaçı MMC (VÖEN **********) adı altında yenidən qeydiyyata alınmışdır. Bununla bağlı mübahisəli məqam mövcud deyildir. İddia düzgün cavabdehə qarşı verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti üzrə qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.14-ci maddəsinə əsasən nömrə resursu - rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsidir. - 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. - 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. - 7.3-cü maddəsinə əsasən nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. - 7.4-ci maddəsinə əsasən telekommunikasiya operatoruna, provayderinə, eyni zamanda digər hüquqi və fiziki şəxslərə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir: 7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi; 7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması; 7.4.3. sağlam rəqabətə şərait yaradılması; 7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması. - 7.5-ci maddəsinə əsasən nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. .... - 7.8-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur. .... - 7.11-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. - 8-ci maddəsinə əsasən telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. - 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir. - 17.1-ci maddəsinə əsasən lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 19.1-ci maddəsinə əsasən lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. - 20.1-ci maddəsinə əsasən lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə); 20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə. - 20.2-ci maddəsinə əsasən lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə: Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxildir: ........ 39.nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə; Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 1 nömrəli 2012-ci il 3 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”: - 3.1. Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. - 3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. - 3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. - 4.1. Ərizəçiyə nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə qərarların verilməsi və icrasına nəzarət Nazirlik tərəfindən həyata keçirilir. - 4.2. Nömrə resurslarından bu Qaydalara uyğun olmadan istifadə halı müəyyən edildikdə, Nazirlik ərizəçini yazılı formada xəbərdar edir və fəaliyyətini bu Qaydalara uyğun qurması haqda tələbini bildirir. Bu kimi hal təkrarlandıqda, Nazirlik nömrə resurslarının geri alınması barədə qərar qəbul edir. - 4.3. Ərizəçiyə ayrılmış nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində tam və ya qismən istifadə edilir. Ayrılmış nömrə resurslarının 90%-dən çox hissəsi istifadə olunduğu halda, nömrə resursları tam istifadə olunmuş hesab edilir. Ayrılmış nömrə resurslarının bir hissəsi istifadə olunduğu halda, nömrə resursları qismən istifadə olunmuş hesab edilir. - 4.4. Nazirlik, nömrələnmə planına uyğun olaraq, ayrılmış və boş nömrələr barədə məlumatlar göstərilməklə nömrə resurslarının reyestrini aparır. - 5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə; 5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda. - 5.2. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır. - 5.3. Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir. - 5.4. Nömrə resurslarının ərizəçidən geri alınması barədə qərar qəbul edilən zaman, abunəçilərin və istifadəçilərin müvafiq müəssisələrlə müqavilə hüquqları və öhdəlikləri Nazirlik tərəfindən nəzərə alınır, onlara göstərilən telekommunikasiya xidmətlərində fasilələrə yol verilmir. - 5.5. Nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə Nazirliyin İnternet səhifələrində məlumatlar verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati işin hallarından görünür ki, tərəflər arasında nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə bağlanarkən onun müddəti 1 il müəyyən edilsə də, tərəflərdən hər hansı birinin həmin müqavilənin ləğvi ilə bağlı müraciəti olmadığı üçün müqavilə münasibətləri 2025-ci ilin fevral ayına kimi davam etmiş, lakin sonradan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə Nazirlik tərəfindən ərizəçiyə nömrə resurslarından səmərəli istifadə edilməməsinə (təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunduğu üçün) və müqavilə müddətinin bitməsinə istinad olunaraq ayrılmış nömrə resurslarının istifadə müddətinin xx.xx.2025-ci il tarixdə dayandırılacağı bildirilmişdir. Bundan sonra Nazirlik tərəfindən “Ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000-9999” nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X11” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin) ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli, № 3-27/3-6- 1/2025 saylı qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin müddətinin bitməsi ilə əlaqədar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci, 26.1.2-ci maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59-cu maddələri və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3.1-ci, 3.2-ci bəndləri, eləcə də sözügedən müqavilənin 5.1-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndi rəhbər tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçı nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (tərəflər arasında bağlanmış müqavilənin) ləğvi barədə xx.xx.2025-ci il tarixli qərarı mübahisələndirir. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, inzibati orqanla iddiaçı arasında bağlanmış müqavilə müvafiq sahibkarlıq sahəsində fəaliyyətə verilmiş icazə hesab edildiyindən və mübahisələndirilən inzibati aktla iddiaçının sahibkarlıq sahəsində fəaliyyəti üzrə icazə ləğv edildiyindən bu hal iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. İddiaçı qaldırmış olduğu tələb üzrə onun üçün əlverişsiz inzibati aktın həmçinin qanunsuz olmasına istinad edərək tamamilə ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh dövlət orqanı tərəfindən müqavilənin müddətinin uzadılmaması onun müəyyən olunmuş diskression səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. Mövcud halların hüquqi təhlili göstərir ki, cavabdeh tərəfindən müqavilənin müddətinin başa çatması faktı nəzərə alınmaqla, hüquqi münasibətlərin davam etdirilib-etdirilməməsi barədə qərar qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulmuş qaydada, o cümlədən tərəfin əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsinə riayət olunmuş, bu zaman iddiaçı tərəfindən nömrə resurslarından qeyri-səmərəli istifadə hallarının müəyyən edildiyinə istinad olunaraq, onunla müqavilə münasibətlərinin davam etdirilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq diqqətə çatdırır ki, tərəflər arasında müddətli müqavilə münasibətləri üzrə hazırki mübahisə məhz publik hüquq münasibətlərindən doğan mübahisə olduğu üçün həmin konteksdə də qiymət verilməlidir. İddiaçı inzibati orqanın icazənin ləğvi ilə bağlı inzibati aktını mübahisələndirməklə mövcud müqavilə münasibətlərinin davam etdirilməsini xahiş edir. Göründüyü kimi, tərəflər arasında yaranmış müqavilə münasibətlərinin davam etdirilməsi, yenidən bağlanması məhz sözügedən qərarın ləğvindən asılıdır. 09 fevral 2011-ci il tarixli müqavilənin 1.1-ci bəndindən aydın olduğu kimi bu müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Sifarişçiyə, Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Göründüyü kimi, müqavilə bağlanarkən Nömrə resurslarının ayrılması və istifadəsinə dair qanunvericilik normalarına istinad edilmişdir. İddiaçının onun barəsində qəbul edilmiş inzibati aktın qanunsuz və əlverişsiz akt olması ilə bağlı gətirdiyi dəlillər ondan ibarətdir ki: -nömrə resurslarından istifadəyə əsas verən müqavilə müddətli bağlanmış olsa da artıq 13 il müddətinə avtomatik uzadılma olmuş və xarakterinə görə müddətsiz müqaviləyə çevrilmiş, həmçinin sadalanan qanunvericilik normalarına istinad edərək üstünlük hüququnun istifadəsini tələb etmiş, inzibati orqan üstünlük hüququna dair iddiaçının tələblərini cavabsız qoymuş, eyni zamanda Qaydaların 5-ci bəndində qeyd edilən geri alınma şərtləri mövcud olmadığı halda inzibati orqan diskresion səlahiyyətlərini aşmışdır. Cavabdehin irəli sürdüyü arqumentlər ondan ibarət olmuşdur ki: - nömrə resurslarından istifadə dövlətin müstəsna səlahiyyətindədir, inzibati orqan ona verilmiş səlahiyyət əsasında iddiaçının müraciəti əsasında onunla 1 illik müqavilə bağlamışdır, müqavilənin 5.1-ci bəndinə istinad edilərək əvvəlcədən növbəti il üçün uzadılmama barədə bildirişlər göndərilmiş və növbəti il üçün müddət uzadılmamışdır. Müqavilənin müddətli və ya daimi olması qanunun tələbidir. Bununla bağlı inzibati orqanın diskresion səlahiyyəti mövcud deyildir. İddiaçı ona ayrılmış 10001 ədəd nömrə resusrlarının səmərəli istifadə etməmiş, həmçinin istinad olunan üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanunun qüvvəyə minənədək (xx.xx.2005) operatora və ya provayderə verilmiş nömrə resursuna şamil edilir. Məhkəmə kollegiyası irəli sürülən iddia tələbi ilə həmçinin cavabdehin gətirdiyi arqumentlərlə qismən razılaşaraq mübahisələndirilən qərarın qanuniliyinə qiymət verilməsi məqsədilə tərəflər arasında bağlanmış müqavilənin təbiətinə, müqavilə şərtlərinə, müqavilənin istinad edildiyi qanunvericilik normalarına diqqəti çəkir. Qeyd edilməlidir ki, Telekommunikasiya haqqında Qanunun 7-ci maddəsinə əsasən, nömrə resursları dövlət mülkiyyətindədir və onların ayrılması müvafiq icra hakimiyyəti orqanı (hazırki cavabdeh) tərəfindən həyata keçirilir. Bu norma nömrə resurslarının mülkiyyət hüququnun iddiaçıya keçmədiyini göstərir. Lakin bu, istifadə hüququnun müqavilə və inzibati aktla qorunmadığı anlamına gəlmir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə bir məqamda razılaşır ki, cavabdehin inzibati orqanın müvafiq sahədə diskresion səlahiyyətləri mövcuddur. Bilindiyi kimi diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdehin iddiaçıya nömrə resurslarının ayrılması məqsədilə verilmiş icazəni ləğv etməsi və bununla da nömrə resurslarının geri alınması nəticəsinə gəlməsi və iddiaçının üstünlük hüququnun nəzərə alınmaması ilə bağlı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İnzibati orqan sözügedən müqavilənin müddətli olmasına istinad edərək mübahisələndirilən inzibati aktı qəbul etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə sorğularına verilmiş cavab məktublarından da aydın olur ki, inzibati orqan “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3-cü bəndində qeyd edilən üstünlük hüququnun məhz “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək operatora və ya provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malik olması ilə əlaqələndirir. İcazənin ləğvi isə məhz bağlanmış müqavilənin müddətinin bitməsi ilə əlaqələndirilir. Məhkəmə araşdırmaları zamanı isə inzibati orqanın səlahiyyətli nümayəndəsi istinad edilən üstünlük hüququnun həyata keçirilməsi üçün səmərəli istifadənin mövcud olmadığını diqqətə çəkmişdir. Məhkəmə kollegiyası ilkin olaraq göstərilən dəlillərə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış müqavilə müddətli olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 illik müddət 2011-ci ildən bəri növbəti il üçün uzadılmışdır. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, sözügedən bəndə əsasən tərəflərdən biri ən azı 1 ay qabaqcadan müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim edərək müqaviləni ləğvinə nail ola bilər. Lakin inzibati orqan müqavilə bağlanan zamanı istinad edilən “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3-cü bəndində qeyd edilən üstünlük hüququnun tətbiqi ilə bağlı səhv mövqe əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 12 mart 2007-ci il tarixli 36 nömrəli əmri ilə təsdiq edilmiş (xx.xx.2011-ci il tarixli əmrlə əlavələ edilmiş) “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3-cü bölməsi- 28,29,30-cu bəndləri Nömrə resursların istifadə müddəti ilə bağlıdır. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 3 sentyabr 2012-ci il tarixli 01 nömrəli əmri ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3-cü bölməsi-3.1,3.2,3.3-cü bəndləri Nömrə resursların istifadə müddəti ilə bağlıdır. Həm əvvəlki Qaydaların 30-cu bəndində, həm də hazırki mübahisəli münasibətin yarandığı dövrdə qüvvədə olan Qaydaların 3.3-cü bəndində aydın şəkildə göstərilibdir ki, nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Sözügedən üstünlük hüququ məhz elə nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə tərəfinin malik olduğu hüquqdur. Göründüyü kimi, müvafiq Qaydalara istinad edilərək nömrə resurslarından istifadə müddətli olması ilə bağlı tərəflər arasında müqavilə bağlanmış olsa da, məhz elə həmin Qaydalarda aydın şəkildə qeyd edilmişdir ki, müddət tamam olduqdan sonra əvvəlki istifadəçi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. İnzibati orqan 1 illik müqavilənin bağlandığı vaxtdan uzun müddət keçdikdən sonra müqavilənin ləğvinə əsas verən icazənin ləğvi nəticəsinə gəlməkdə mövqeyini həm də onunla əsaslandırır ki, iddiaçı tərəfindən nömrə resurslarından səmərəli istifadə həyata keçirilməmişdir. Bele aydın olur ki, məhz bu səbəbdən üstünlük hüququndan yan keçərək orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, üstünlük hüququ mütləq xarakter daşımır, dövlətin idarəetmə səlahiyyətini aradan qaldırmır və yalnız resursdan qanuni, vicdanlı və səmərəli istifadə edən subyekt tərəfindən həyata keçirilə bilər, bununla yanaşı əsaslandırılmış imtinanı tələb edir. Müddətin bitməsi, şərtlərin pozulması və ya resursun təyinatı üzrə istifadə edilməməsi hallarında üstünlük hüququna istinad hüquqi nəticə doğurmur. Yuxarıda sadalanan normanın məzmununda da qeyd edilir ki, “… müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.” Burada söhbət müqavilənin bağlanmasından gedir, avtomatik uzadılmadan yox. Üstünlük hüququ mülki hüquqda aşağıdakı məna daşıyır: digər şəxslər qarşısında prioritetlik, lakin müqavilə bağlamaq məcburiyyəti yaratmır, yalnız bərabər şərtlər daxilində tətbiq olunur. İşin hallarından aydın olur ki, cavabdeh tərəfindən müddətin başa çatması barədə bildirişlər ünvanlanan ərəfədə iddiaçı mövcud nömrə resurslarının 426-sına münasibətdə müxtəlif xidmət müqavilələri bağlamışdı və həmin nömrə resursları təyinatı üzrə istifadə olunurdu. Hazırki iş üzrə irəli sürülmüş müvəqqəti xarakterli təminat tədbirinə dair məhkəmə aktları qəbul edilən zamanı da qeyd edilən hal araşdırılmışdır. Geri qalan 9575 ədəd nömrə resursuna münasibətdə isə real istifadə mövcud deyildi. Yəni, istifadəçi kimi iddiaçı ayrılmış 9575 ədəd nömrə resursunu istifadəsiz saxlayıb, iqtisadi dövriyyəyə buraxmamışdır. Bu əsasla məhkəmə kollegiyası məhz 426 nömrə resursuna münasibətdə icazənin ləğvi zamanı iddiaçının üstünlük hüququnun pozulduğu qənaətindədir. İş üzrə 3cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-yə nisbətdə araşdırma aparan məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, məhz istifadəyə verilmiş nömrə resurslarına münasibətlə üstünlük hüququna məhəl qoymadan sözügedən nömrələr üzrə də müqavilələrin "xxxx" MMC-yə ötürülməsi baş versə də müəyyən olunmuş fakt ondan ibarətdir ki, sonuncu tərəfindən daha az yalnız 405 nömrəyə münasibətdə xidməti müqavilələr bağlanmışdır. Həmçinin, məhkəmənin rəsmi sorğusuna cavab olaraq da inzibati orqan müraciət edən şirkət kimi yalnız "xxxx" MMC-nin müraciətinin mövcud olduğunu və onun müvafiq sahədə təcrübəsi nəzərə alınaraq onunla müqavilə bağlandığını bildirmişdir. İnzibati orqanın iddiaçıya ünvanladığı məktublar aşağıdakı məzmunda olmuşdur: - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X11” MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli, № 3-27/2-7402/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X11” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilə ilə “*” işarəsi ilə başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən “X11” MMC-yə “*0000-9999” nömrə resursları ayrılmışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri qarşı tərəfə ən azı bir ay qabaqcadan yazılı müraciət təqdim etməklə müqavilənin qüvvədə olma müddətini növbəti il üçün uzatmaya bilər. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə ayrılmış və istifadəyə verilmiş nömrə resurslarının daha səmərəli istifadəsini təmin etmək üçün Nazirliklə “X11” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədə uyğun hesab etmirlər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, telekommunikasiya fəaliyyəti o cümlədən nömrə resurslarının səmərəli istifadəsi prinsipi əsasında həyata keçirilir. Ölkənin nömrə resursları dövlətə məxsusdur və ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur”. - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X11” MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli, № 3-27/2-8783/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X11” MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə bağlanmış və “*” işarəsi ilə başlayan “*0000-9999” nömrə resursları ayrılaraq ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılmışdır. Qeyd olunan sənədin müvafiq şərtinə əsasən, müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasının məqsədəuyğun hesab edilməməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-27/2-7402/2024 nömrəli məktubu ilə “X11” MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi zərurəti və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin, həmçinin “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5.1.2-ci yarımbəndinin, eləcə də mövcud müqavilənin 5.1-ci yarımbəndinin tələbləri nəzərə alınaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “X11” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 09 fevral tarixli 97 nömrəli müqavilə üzrə münasibətlər, onun qüvvədə olma müddətinin xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Mövcud müqavilə əsasında tərəfinizdən abunəçilərə ayrılmış nömrə resursları barədə məlumatların bu məktuba əlavə olunan cədvələ uyğun tərtib edilməklə mümkün qısa müddət ərzində nazirliyə təqdim edilməsi xahiş olunur”. - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-27/2-877/2025 saylı məktubunda göstərilmişdir ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədilə “✱0000-9999” nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X11” MMC arasında bağlanılmış müqavilə üzrə münasibətlər xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən “✱0000-9999” nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanılmış müqavilə əsasında "xxxx" MMC-nin istifadəsi üçün ayrılmışdır. “✱XXXX” nömrə resursundan istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar "xxxx" MMC ilə birgə tədbirlər görülməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktın qanunsuz sayılaraq ləğv edilməsi dəlillərinə qiymət verilməsi üçün onun qəbulu zamanı qanunvericilik normaları ilə müəyyən edilmiş şərtlərə tamamilə riayət edilib-edilmədiyi ətraflı yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən Qaydaların 3.3-cü bəndinə əsasən üstünlük hüququnun tətbiqi üçün iddiaçının vaxtında müraciət edib-etməməsi, müvafiq hissə üzrə borcu və ya pozuntusunun olub-olmaması, istifadənin effektiv olub-olmaması məqamları araşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan aydın görünür ki, iddiaçı cavabdeh tərəfindən ona bildirişlər göndərildikdən sonra Qaydaların 3.3-cü bəndinə istinad edərək, üstünlük hüququndan istifadə edərək, müqavilə münasibətlərinin davam etdirilməsi tələbi ilə inzibati orqana müraciətlər etmişdir. İnzibati orqan isə həmin müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda diqqətə çatdırmışdır ki, müqavilə münasibətləri müddətli olmuş və müddət bitmişdir. Həmçinin, nömrə resusrlarının ayrılmasında üstünlük hüququ “Telekommunikasiya haqqında” qanuna əsasən həmin qanun qüvvəyə minənədək operatora və provayderə verilmiş nömrə resursuna şamil edilir. Beləliklə, aydın olur ki, iddiaçı göstərilən bildirişlərə cavab olaraq üstünlük hüququnun tətbiq edilməsi və müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı bir neçə müraciətlər ünvanlamış, sonuncu müraciəti xx.xx.2025-ci il tarixdə olmuşdur. Lakin inzibati orqan iddiaçının müqaviləyə xitam verilənədək dəfələrlə etmiş olduğu müraciətlərə məhz istismarda olan nömrələrə münasibətdə əsaslandırılmış cavab verə bilməmişdir. Bundan əlavə məhkəmə araşdırmaları zamanı cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı ilə hətta 426 nömrə resursuna münasibətdə səmərəli, təyinatı üzrə istifadənin mövcud olmadığı fikrini bildirərək hətta inzibati orqanın səlahiyyətlərinin müstəsna olduğunu, Qaydaların 5.1.-ci bəndinə əsasən ayrılmış nömrə resurslarının geri alınması barədə qərar qəbul etmə səlahiyyətinə malik olduğunu bildirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5-ci bəndi nömrə resurslarının geri alınması qaydasını tənzimləyir. Həmin Qaydaların 5.1-ci bəndində qeyd edilir ki, Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə; 5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda. Göründüyü kimi, 5.1.3 və 5.1.4-cü bəndlərdə ayrılmış nömrə resurslarından 1 il ərzində istifadə edilməməsi və həmçinin təyinatı üzrə istifadə edilməməsi geri alınmaya əsas kimi göstərilmişdir. Bu halı nəzərə alan kollegiya bir daha diqqətə çatdırır ki, hətta müqavilə münasibətləri davam edən ərəfədə qeyd edilən hallara inzibati orqanın istinad etmək səlahiyyət olsa da bu halın bütövlükdə verilmiş 10001 ədəd nömrə resursuna münasibətdə tətbiqi qanuni sayıla bilməz. Bununla bağlı da məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsi nömrə resurslarının qismən ayrılmasının mümkün olmaması ifadəsini işlətsə də, məhz elə Qaydaların 5.3-cü bəndi də ərizəçiyə ayrılmış nömrə resurslarının tam, yaxud qismən geri alınmasının mümkün olduğunun bariz nümunəsidir. Belə ki, həmin normada qeyd edilir ki, ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir. Yəni, müqavilə müddəti bitməsə belə müvafiq hallar aşkar edildikdə nömrə resurslarının qismən alınması da həyata keçirilə bilər. Həmçinin, tədqim olunmuş xidmət müqavilələrindən də görünür ki, müxtəlif abunəçilərlə bir və ya bir neçə fərqli nömrələr üzrə müqavilələr bağlanmışdır. İddiaçı isə Qaydaların geri alınma ilə bağlı hallarının heç birinin hazırki mübahisəyə tətbiqinin doğru olmadığını, normativ hüquqi aktda konkret olaraq nömrə resursunun istifadəçisi kimi özünün nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malik olduğunu iddia edir. Beləliklə, iş üzrə araşdırmaların yekunu olaraq müəyyən olunan mübahisəsiz hal ondan ibarətdir ki, müvafiq müqavilə ilə 10001 ədəd “*0000-9999” nömrə resursu mövcud resusrlardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə iddiaçıya ayrılmışdır. Müxtəlif illər üzrə həmin nömrə resusrlarının müxtəlif saylarda istifadəsi həyata keçirilmişdir. Sözügedən 10001 ədəd nömrə resursu bir birindən ayrılıqda təyinatı üzrə istifadəsi mümkündür. Mübahisə yaranan anadək iddiaçı mövcud nömrə resurslarının 426 ədədini real abunəçilərlə müqavilə bağlayaraq istismara vermişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, tam geri alma artıq müdaxilə kimi qiymətləndirilməlidir. Dövlət resursunun səmərəli idarə olunması legitim məqsəddir. Lakin faktiki istifadə olunan 426 nömrənin də eyni qaydada geri alınması mütənasiblik prinsipinə uyğun qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı da xx.xx.2025-ci il tarixə kimi xidmət göstərilən Ulduz nömrələr və partnyorlar üzrə siyahı, həmçinin müxtəlif partnyorlarla bağlanmış sözügedən ikitərəfli xidmət müqavilələri məhkəməyə təqdim edilmiş və məhkəmə kollegiyası tərəfindən baxış keçirilmişdir. Belə olan halda kollegiyanın qənaəti ondan ibarətdir ki, Nazirliyin müqavilənin müddətinin bitməsinə istinad etməsi formal baxımdan qanuna uyğundur, lakin faktiki istifadə olunan 426 nömrə hissəsində üstünlük hüququnun nəzərə alınmaması və həmin hissənin də geri alınması proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, burada artıq real iqtisadi fəaliyyət mövcud olmuş, 426 müxtəlif partnyorlarla abunə müqavilələri bağlanmış, biznes əlaqələri formalaşmış, qanuni gözlənti yaranmış və səmərəli, təyinatı üzrə istifadə həyata keçirilmişdır. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş müraciət mövcuddur. 426 nömrə resursuna münasibətdə iddiaçının hansısa bir icra edilməmiş öhdəliyi mövcud deyildir. İstifadə effektiv həyata keçirilir. İnzibati orqan məhkəmə araşdırmaları zamanı bütövlükdə nömrə resusrlarından səmərəli təyinatı üzrə istifadə edilmədiyini bildirsə də, 426-sına dair sübut təqdim edə bilməmişdir. Bununla belə məhkəmə kollegiyası iddianı tam əsaslı hesab etməyərək 9575 nömrə resursuna münasibətdə diqqətə çatdırır ki, həmin hissədə dövlət resursunun səmərəsiz istifadəsi, uzun müddət bloklanması, bazarda süni məhdudiyyət yaradılması ictimai maraqlara da ziddir. “Telekommunikasiya haqqında” Qanuna görə nömrə fondu səmərəli idarə olunmalıdır. Bununla da kollegiya istifadə olunmayan 9.575 nömrə üzrə isə Nazirliyin geri alma səlahiyyətinin, müqavilə münasibətlərinin davam etdirilməsində üstünlük hüququnun nəzərə alınmamasının əsaslı və qanuni olması qənaətindədir. Yuxarıda göstərilənlərə məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən əsaslı olduğundan 426 nömrə resursuna münasibətdə inzibati orqanın qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6557/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, 3-27/3-6-1/2025 saylı qərarı qismən 426 nömrə resurslarına münasibətdə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3869/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3869/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver