Məhkəmə qərarları › İş №2-1(103)-387/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-387/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-387/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-3275/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh2nə və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən, Cavabdeh2ndən və "xxxx" MTK-dan 90000 (doğsan min) manat kompensasiya tutulması və ona ödənilməsi dair, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı fərmanında nəzərdə tutulmuş 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsini nəzərdə tutulduğundan, ona ödəniləsi olan 9000 manatın 20 faizi miqdarında, yəni 18000 ( on səkkiz min) manatın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci il tarixdə XDS İcrayyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X1 ayrılmışdır. Həmin il ərzində X5 qaraj inşa etdirmiş, xx.xx.1993-cü il tarixdə alqısatqı müqaviləsinə əsasən həmin qarajı ona satmışdır. 2014-cü ilə kimi həmin qaraj onun mülkiyyətində və istifadəsində olmuşdur. xx.xx.2001-ci il tarixində həmin qaraja qarşı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.metrdən ibarət olan tikintini qanunsuz olaraq sökülmüş, ona ayrılmış torpaq sahəsi zəbt edilmişdir. Qanunsuz söküntü nəticəsində ona vurulmuş maddi ziyanı (kompensasiya) ödənilməsinə dair ərizə ilə o, cavabdehə müraciət etmişəm. Cavabdeh2 onun mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işləri aparılması faktından boyun qaçırır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli K-4/2-126 saylı cavab məktubunda göstərilmişdir ki, onun qeyd edilən ünvanda qarajı və ya müvafiq sənəd əsasında istifadəsində torpaq sahəsi olmamışdır. xx.xx.2019-cü il tarixli 1/171 saylı cavab məktubu ilə ona bildirmişlər ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmış, həmin ünvanda onun qarajının olması və həmin qarajın kimin tərəfindən sökülməsi məlumatı yoxdur. Ona məxsus qaraja və torpaq sahəsinə cavabdehlər tərəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox cəmi 1 (bir) gün ərzində mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh onu Konstitusiya və digər qanunlara verilmiş hüquqlardan azad etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mülkiyyətində olan 18 kv.metrdən ibarət olan qarajın hər kv.metrinə görə 5000 manat, yəni 90000 manat (18x5000=90000) ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2856/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Baxışova,E.Nağıyeva,H.Həmidov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı qismən- Bakı şəhəri Cavabdeh2nə qarşı iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, iş Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmış iddia tələbinə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş,əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda qaraj yerləşdiyi sahədə "Bakixanov Rezidens” MTK tərəfindən Sabunçu rayon İH-nin razılığına əsasən yeni bina inşa edilmişdir. Təkçə bu fakt bütün iddianı sübut edir. Bundan başqa, məhkəməyə sübut növü kimi təqdim edilmiş İcra Hakimiyyətinin cavab məktublarından cavabdehlər tərəfindən qarajın sökülməsi faktı müəyyən olunur. xx.xx.1988-ci il tarixdə XDS İcraiyyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X2 ayrılmışdır. Həmin il ərzində Yəhyayev Azər qarajı inşa etmiş, xx.xx.1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin qarajı ona satmışdır. 2014-cü ilə kimi həmin qaraj onun mülkiyyətində və istifadəsində olmuşdur. xx.xx.2001-ci il tarixdə həmin qaraja dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehlərin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.m-dən ibarət olan tikintini qanunsuz olaraq sökmüşdülər. Ona ayrılmış torpaq sahəsini zəbt etmişdilər. Qanunsuz söküntü nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsinə dair ərizə ilə iddiaçı dəfələrlə Cavabdeh2nə və “Bakıxanov Rezidens" MTKna müraciət etmişdir. Cavabdeh2 iddiaçının mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işlərinin aparılmasını boynundan ataraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü-tikinti işlərinin aparılması üçün verilmiş sərəncamı gizlədir. Belə ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli K-4/2-126 saylı cavab məktubunda deyilmişdir ki, M.Fətəliyev küçəsi 29A və 31B saylı binaların sakinləri qarajlar tikinti altına düşən torpaq sahəsinin müvafiq sənədləri olan sahiblərinə paylanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda qarajınız və ya müvafiq sənəd əsasında istifadənizdə torpaq sahəsi olmamışdır. Halbuki, iddiaçının qarajı M.Fətəliyev 68 ünvanında yerləşirdi. Bundan əlavə xx.xx.2019-cu il tarixli 1/171 saylı cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmışdır, həmin ünvanda iddiaçının qarajının olması və həmin qarajın kimlər tərəfindən sökülməsi barədə məlumatı yoxdur. Cavabdeh2 xx.xx.1988-ci il tarixli sərəncam və Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş texniki pasporta əsasən qaraj qanuni əsaslarla onun mülkiyyətində olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-229/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1574/2021 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-229/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli protokolu əsasında Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088- ci məhəllədə qaraj tikilməsi üçün sahənin X3 ayrılmış, həmin il ərzində sonuncu tərəfindən qaraj inşa edilmiş, xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qarajı ona satılmışdır. xx.xx.2001-ci il tarixdə qarajın texniki pasportunun tərtib edilmişdir. İddiaçi 2014-cü ilədək qarajın cavabdehin əməkdaşları tərəfindən sökülərək, ona ayrılmış torpaq sahəsinin zəbt edildiyini göstərmiş, kompensasiya ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etmiş və yekun olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, iddiaçı ona məxsus olmuş qarajın sökülməsinin Bakı şəhəri Cavabdeh2 tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər, həmçinin məhkəmə araşdırması zamanı söküntü işlərinin məhz Bakı şəhəri Cavabdeh2 tərəfindən aparılması müəyyən edilmədiyindən iddiaçının cavabdehdən ona məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiya tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyilə razılaşmır və aşağıda göstərilən maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya sökülmüş qaraja görə kompensasiya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1096.1-ci mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Sabunçu rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 50 saylı protokolu və 1 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2001-ci il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanının həyətindən yerləşən İddiaçı məxsus metal qarajın ümumi sahəsi 18 kv.metr təşkil edir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, işdə sözügedən qarajın quraşdırılmasına dair Lenin rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 30 nömrəli protokol, qarajın alqı-satqısı barədə xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin qarajın texniki pasportu da mövcuddur. Belə olan halda işə baxan məhkəmə dəmir qarajın pasportunun həqiqiliyinin yoxlanılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdində olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərməli və məsələni araşdırmalı idi. AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin müvafiq göstərişlərini nəzərə alan məhkəmə tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı AR ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, iddiaçıya məxsus qarajın texniki pasportun həqiqiliyinin yoxlanılması məqsədilə, həmin pasportun qeydə alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********21 №-li məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Fətəliyev küçəsi, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. Göründüyü kimi dəmir qarajın pasportunun həqiqiliyi məhkəmə icraatı zamanı təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sökülmüş qaraj iddiaçının sahibliyində olduğundan, o, sahibliyində olan qarajın söküntüsü ilə bağlı haqlı olaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçıya məxsus qarajın kim tərəfindən sökülməsi ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, iş materiallarında olan müvafiq cavab məktubları ilə Bakı şəhəri Cavabdeh2 tərəfindən ünvan 5 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Bakı şəhəri, Cavabdeh2ndə hər hansı məlumatın mövcud olmadığı qeyd edilsə də, Cavabdeh2 iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubunda Cavabdeh2 tərəfindən Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə abadlıq işləri aparıldığı göstərilmişdir. Həmçinin Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 84/1 saylı məktubunda Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 saylı binanın 44 saylı MKİS-in xidməti balansında olduğu, 2014-cü ildə həmin binanın qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qarajların MKİS tərəfindən sökülərək yerində abadlıq işlərin aparılması və həmin həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi barədə bildirilmişdir. 2013-2014-cü il üçün vətəndaş İddiaçı müvəqqəti quraşdırıb istifadə etdiyi qaraja görə hər il üçün 2 manat 16 qəpik pul ödəyibdir. Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil- kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinın abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14) Beləliklə, ünvan 6 ünvan) iddiaçıya İddiaçı məxsus sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın olması, həmçinin qeyd edilən ünvanda abadlıq işlərinin aparılması ilə əlaqədar müvafiq qarajların sökülməsi iş materialları ilə öz təsdiqini tapdığından, qanunvericiliklə söküntü və abadlaşdırma işlərinin aparılması Yerli İcra Hakimiyyəti orqanının, yəni Bakı şəhər Cavabdeh2 səlahiyyətlərinə aid edildiyindən məhkəmə kollegiyası hesab edir ki, müvafiq qarajın cavabdeh tərəfindən sökülməsi təsdiq edilir. Məhkəmə kollegiyası iddiaçıya ödəniləcək kompensasiya məbləği ilə bağlı qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, iş üzrə mütəxəssis cəlb edilməklə müvafiq rəyin verilməsi “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinə həvalə olunmuşdur. Mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı məxsus olan ünvan 7 ünvan Kirov küçəsi 4, 4088-ci məhəllə) ünvanında yerləşən, 2014-cü il tarixdə sökülmüş, sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən analoji qarajların qiymətinə əsasən real bazar qiyməti nə qədər təşkil etmişdir?” “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş № MB-15/0435 saylı, xx.xx.2022-ci il tarixli Qiymətləndirmə rəyinə əsasən qarajın 2022-ci il üzrə real bazar dəyəri 15 000 (on beş min) AZN təşkil edir. Eyni zamanda "xxxx" MMC tərəfindən 21 saylı Vəkil Bürosunun vəkili Vəkil2 tərəfindən sifarişi ilə təqdim edilmiş 18 mart 2022-ci il tarixli, REC-03-22/M-03 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvanında yerləşən, 2014-cü il tarixdə sökülmüş, sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən analoji qarajların qiymətləri 18 mart 2022-ci il tarixə 15 000 ( on beş min) manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəylərinə əsaslanaraq hesab edir ki, sökülmüş qarajın real bazar dəyəri hazırki dövrdə 15 000 (on beş min) manat olduğundan iddia tələbi qismən təmin edilməklə iddiaçıya Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdeh Bakı şəhər Cavabdeh2ndən 15000 (on beş min) manat kompensasiya tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsində qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, iddiaçının əmlaklar üzərində istifadə və sahiblik hüququnun 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından “mülkiyyət” təşkil etdiyi məhkəmələr tərəfindən nəzərə alınmamış, həmin əmlakın məhv edilməsinə görə iddiaçının mülkiyyətində olan əmlakın bir hissəsinə kompensasiya verilməsi nəticəsinə gəlmişlər. Halbuki, həm yerli qanunvercilikdə, həm də 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin qərarlarında “mülkiyyət” daha geniş anlayışdır. “...fiziki hallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. (Önəryıldız Türkiyəyə qarşı iş 124) X11 Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı“ qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəllcədən ödənilməsi şərtilə dövlət ehtiyacıları üçün müsadirə yolu ilə; və ya (ii) Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə və 2009-cu il Mənzil Məcəlləsinin 31-ci mqaddəsinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə, və ya (iii) Mülki Məcəllənin 203.3-cü maddəsinə nəzərdə tutulmuş digər xüsusi hallarda; lakin yuxarıdakı prosedurların heç birinə riayət ediılməmiş və məhkəmələr bununla bağlı hər hansı hüquqi və ya faktiki qiymətləndirməni təmin etməmişdirlər. F) Mülkiyyət hüququna müdaxilə, Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunnun 1-ci maddəsinə ziddir. 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvercilikdəki formal təsnifatdan asılı deyildir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı (BP), №31107/96, 54-cü paraqraf, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyelkti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, №18768/05, 103-cü paraqraf, 27 may 2010-cu il). İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3275/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvanında yerləşən sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın sökülməsi ilə əlaqədar cavabdeh Bakı şəhər Cavabdeh2ndən 15000 (on beş min) manat kompensasiya məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar