Məhkəmə qərarları › İş №2-1(103)-387/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-387/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-387/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8328/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1950-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1966-cı ildə orta məktəbi qurtardıqdan sonra başlamışdır. Belə ki, 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işləmiş, istehsalatda işlədiyi dövrdə Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş və 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi institutda pediatriya ixtisası üzrə təhsil almışdır. Beləliklə, instituta daxil olduqda artıq əmək kitabçası var idi. İnstitutu bitirdikdən sonra 03 avqust 1973-cü ildə 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsinə qəbul olunmuş və 22 iyul 1974-cü ilədək orada internatura keçmişdir. 22 iyul 1974-cü ildə internatura müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Dəmir Yolunun HSX-nin sərəncamına göndərilmiş və 06 mart 1975-ci ildən 06 iyul 1976-cı ilə qədər Azərbaycan Dəmir Yolu Biləcəri Stansiyasının həkim sahəsində həkim pediatr, 06 iyul 1976-cı ildən 02 yanvar 1985-ci ilədək uşaqlar üzrə həkimotolarinqoloq, 02 yanvar 1985-ci ildən 02 yanvar 1990- cı ilədək böyüklər üçün poliklinikanın həkimotolarinqoloqu, 02 yanvar 1990-cı ildən 03 avqust 1990-cı ilədək 0.5 vahid həkim- otolarinqoloq vəzifəsində saxlanılmaqla 0.5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, 03 avqust 1990-cı ildən 02 iyun 1992-ci ilədək 1.0 vahid həkim-otolarinqoloq, 02 iyun 1992-ci ildən 02 iyun 1998-ci ilədək Azərbaycan Dəmir Yolunun X1 baş həkimi, 01 fevral 2000-ci ildən 07 iyul 2002-ci ilədək Yol PEM-in X8 Xidmət Şöbəsində həkim-inspektor, 07 iyul 2002-ci ildən 01 avqust 2002-ci ilədək X4 həkiminspektor, 01 avqust 2002-ci ildən 04 fevral 2003-cü ilədək 0.5 vahid həkim-statist, 04 fevral 2003cü ildən 14 iyun 2011-ci ilədək 1.0 vahid həkim-statist vəzifələrində çalışmışdır. 02 sentyabr 2013cü ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan 29 yanvar 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək 2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə istinad etməklə 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illərin və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövrün də ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını istəmişdir. Müraciətinə cavab verilmədiyi üçün 16 fevral 2021-ci il tarixli təkrar ərizə ilə müraciət edərək, eyni zamanda yaşa görə əmək pensiyası hüququn 01 iyul 2013-cü il tarixdən yarandığı üçün təhsil aldığı illərə görə əmək pensiyasının həmin tarixdən hesablanmasını istəmişdir. Bundan sonra müraciətinə cavabdeh 05 mart 2021-ci il tarixində sms vasitəsilə qısa olaraq bildirib ki: “xx.xx.2006-cı il tarixədək təhsil illəriniz nəzərə alınmaqla sizə 35 il 11 ay sığorta stajına uyğun olaraq 306,68 manat pensiya təyin edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanıza əlavə edilərək ödəniləcəkdir". SMS cavabda təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret olaraq hansı müddətin nəzərə alındığı, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməmişdir. Təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alındığı bildirilsə də, bunu təsdiq edən sübut ona təqdim edilməmişdir. Eləcə də hesablanmış əmək pensiyasının məbləği onu qane etmədiyi üçün 27 aprel 2021-ci ildə rəsmi ərizə ilə müraciət edərək hesablanmış əmək pensiyası barədə məlumatın təqdim edilməsini istəmişdir. Müraciətinə cavabdeh tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, **********3 nömrəli məktubda bildirilib ki: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Araşdırma məlumatına əsasən bildiririk ki, müraciətinizə və təqdim etdiyiniz sənədlərə əsasən xx.xx.2006-cı ilədək əyani təhsil aldığınız müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajınız və fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyanızın yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçürülmüşdür". Göründüyü kimi, ona yenə də ali təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret hansı müddətin ümumi staja daxil edildiyi, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməyib. Yenə də ali təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alınması barədə ona sübut təqdim edilməmişdir. Pensiya hesablanarkən hansı illərin (həm təhsil, həm də iş stajı) nəzərə alındığı, pensiyanın necə hesablandığı ona məlum deyildir. Yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması barədə məlumatın təqdim edilməsi barədə müraciətinə isə baxılmamışdır. Cavabdehin hər iki cavabda bildirdiklərini əsassız hesab edir. xx.xx.2006- cı ilədək əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajın müəyyən edilməsi mümkün deyildir. Çünki onun iş stajı məhz təhsil və internatura illəri daxil edilmədən o qədərdir. Təhsil aldığı dövrlər, internatura keçdiyi müddət və əmək kitabçasında qeyd edilmiş iş stajı nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 41 ildən artıq ümumi iş stajı vardır. Əgər 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmış olsaydı, o zaman aldığı pensiyanın məbləği əhəmiyyətli dərəcədə artmış olardı ki, bu da baş verməmiş, əksinə, yenidən hesablamadan sonra pensiyanın məbləği çox cüzi - 17 manat (?) artırılaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüququnu pozmuşdur. Yaşa görə əmək pensiyası düzgün hesablanmalı, pensiyaya çıxdığı müddətdən yaranmış pensiya fərqi ona ödənilməlidir. Belə ki, onun yaşa görə əmək pensiyası hüququ 01 iyul 2013-cü il tarixdən yarandığı üçün buna müvafiq olaraq təhsil və internatura müddətinin ümumi iş stajına daxil edilməklə həmin dövrlər üzrə əmək pensiyasına əlavə də 01 iyul 2013-cü il tarixdən hesablanmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçıvə xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası tətin edilmişdir. İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1973-cü il tarixədək ali təhsil aldığı, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək internatura keçdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Fondun Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Fondun xx.xx.2021-ci il tarixli **********3 nömrəli “Pensiyanın yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək əyanı təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış 3010,78 manat pensiya kapitalı nəzərə alınmaqla onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,68 manata çatdırıldığı qeyd olunmuşdur. Həmçinin həmin məktubda iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabına köçürüldüyü qeyd olunmuşdur. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********0 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli xidməti məktub ilə sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, İddiaçı sığorta stajı xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü ilədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər daxil edilməklə 35 il 11 il 14 gün təşkil edir." İddiaçı əmək pensiyasının məbləği 35 il 11 ay 14 gün sığorta stajına əsasən müvafiq qaydada hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının 2018-ci ilin fevral ayından yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə(Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Daha sonra cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1950-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 02 iyun 2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə və təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006- cı ilədək əyani təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajının və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçürülmüşdür. - İddiaçının 108869 nömrəli diplomunun surətinə əsasən 1967-ci il tarixdən 1973-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda “pediatriya” fakültəsində əyani təhsil almışdır. - İddiaçının 399 nömrəli vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkiminterna vəzifəsində internatura keçmişdir. - İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə mürəciət edərək 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illərin iş stajına daxil edilərək həmin illərə görə əmək pensiysının yaşa görə əmək pensiyası hüququnun yarandığı 01 iyul 2013-cü il tarixdən hesablanmasını xahiş etmişdir. - ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1972-ci ilədək 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində, Azərbaycan Dəmir Yolu Biləcəri stansiyasının Həkim sahəsində xx.xx.1975-ci ildən həkim pediatr, xx.xx.1976-cı ildən uşaqlar üzrə həkim otolarinqoloq, xx.xx.1985ci ildən böyüklər üçün poliklinikanın həkim-otolorinqoloqu, xx.xx.1990-cı ildən 0,5 vahid həkimotolorinqoloq saxlanılmaqla 0,5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, xx.xx.1990-cı ildən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid həkim-otolorinqoloq, Azərbaycan Dəmir Yolunun Biləcəri qovşaq poliklinikasında xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər HSX-nin HK saylı xx.xx.1992-ci il tarixli əmrinə əsasən poliklinikanın Baş həkimi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “ASƏRDƏ” kiçik müəssisəsində direktoru, Azərbaycan Dövlət Dəmir X16 və Epidemologiya Mərkəzində xx.xx.2000-ci ildən Yol GEM-in X8 xidmət şöbəsində həkim-inspektor, xx.xx.2002-ci ildən İnzibati işçilər aparatında həkim-inspektor, xx.xx.2002-ci ildən 0,5 vahid həkim statist, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək 1,0 vahid həkim statist vəzifəsində işləmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 289,11 manat) 306,68 manat olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmək pensiyasının təyin olunması haqqında qərarına əsasən xx.xx.2013cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq (təyinatdan əvvəlki 317,11 manat) 318,47 manat olmuşdur. Qeyd: 1967-ci ilin arxiv sənədlərin olmadığı və xx.xx.1998-xx.xx.2000-ci illər əmək kitabçasında möhürsüz qeyd olunduğundan sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir. - Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon X10 Sosial Müdafiə Fondunun X6 ünvanladığı xx.xx.2022-ci il tarixli 167 nömrəli məktubunda bildirilir ki, rayon Dövət Arxivində 97 saylı fondda mühafizə edilən sabiq Qırmızı Samux kolxozunun (AİM) 1966-cı il üzrə şəxsi heyəta dair sənəd materialları yoxlanıldı, vətəndaş Qazıyev Firukunun işləyib qazandığı əmək haqqı aşağıdakı kimi qeyd olunub: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində mühafizə olunan Qırmızı Samux kolxozunun 1967-ci ila aid şəxsi heyət üzrə sənəd materialları tapılmadı. - xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər X11 Filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X7, aparıcı mütəxəssisi X2 və Bərdə rayon Dövlət Arxivinin müdiri X13maqla, İddiaçı xx.xx.1966-xx.xx.1967-cı illərdə Bərdə rayonu sabiq Qırmızı Samux kolxozunda işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində 97 saylı Fondda mühafizə olunan şəxsi heyətə dair sənədlərində vətəndaşın adı Qazıyev Firuk kimi qeyd edilmiş, ata adı göstərilməmişdir. Fondda mühafizə olunan 1967-ci ila aid şəxsi heyətə dair sənəd materiallarında (şəxsi hesab kitabı, nəticə cədvəli) vətəndaşın adına rast gəlinmədi. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun: 26.1-cİ maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2006-cı il tarixədək əyanı təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış 3010,78 manat pensiya kapitalı nəzərə alınmaqla nəzərə alınmaqla 289,12 manatdan 306,68 manata, xx.xx.2022ci il tarixdə yenidən hesablanaraq idiaçının 35 il 11 ay 14 gün sığorta stajı, xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü ilədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər nəzərə alınmaqla 318,77 manata çatdırılmışdır. İddiaçı yenidən hesablanmış pensiya məbləğindən narazı olduğundan hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********4 №-li qərarından görünür ki, iddiaçıya pensiya məbləği xx.xx.2006-cı il tarixədək 36 il 04 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı nəzərə alınmaqla onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 317.11 manatdan 318,47 manata çatdırılmışdır. Digər tərəfdən iddiaçının Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, “Qırmızı Samux kolxozu”nda işlədiyi dövrlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı 1967-ci il üzrə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Belə ki, iddiaçının 1967-ci ildə 77 gün faktiki iş günü müəyyən edilmişdir. "SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməylbsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmçinin 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-cİ ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Digər tərəfdən qeyd edilməlidir ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 167 nömrəli məktubuna əsasən Bərdə rayonu, Leninabad kəndi, “Qırmızı Samux kolxozu”nun 1967-ci ilə aid şəxsi heyət üzrə sənəd materiallarında (şəxsi hesab kitabı, nəticə cədvəli) iddiaçının adına rast gəlinmədiyi üçün cavabdeh haqlı olaraq həmin dövrü sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Pensiya işinin surətindən də müəyyən edilir ki, iddiaçının hazırda mübahisələndirdiyi iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2011ci il tarixədək işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyası yenidən hesablanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi əsassız olaraq yenidən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü i! tarixədək internatura keçdiyi dövrün əmək pensiyası təyin edilərkən nəzərə alınmaması ilə bağlı isə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1973cü il tarixdən xx.xx.1974-cü il tarixədək deyil, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək internatura keçmiş və həmin dövr xx.xx.2013-cü il tarixdən etibarən, yəni yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavədə təqdim edilmişdir. Həmin əlavədə İddiaçı sığorta stajına daxil edilən dövrləri əks etdirən cədvəl təqdim edilmişdir. Həmin Cədvələ əsasən qeyd edilmişdir ki: işə daxil olma işdən azad olma il ay gün İl ay gün 1966 kolxoz 1966 1967 9 1 təhsil 1973 6 30 1973 8 3 internatura 1974 7 22 1975 3 6 əmək fəaliyyəti 1998 6 2 2000 2 1 əmək fəaliyyəti 2011 6 14 Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 36 il 03 ay 14 gün, xx.xx.2006-cı il tarixdən sonra 05 il 06 ay sosial sığorta stajı olmaqla, onun iddia ərizəsində qeyd etdiyi xx.xx.1975ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 03 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi (01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddət istisna olmaqla) ümumi əmək stajı, təhsil aldığı müddət və internatura keçdiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmış, lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırılmadan cavabdehin üzrəinə əssasız olaraq öhdəlik qoyulmuşdur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-8328/2022 saylı, 14 dekabr 2022-ci il qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməli və iddiaçının apellyasiya şikayəti rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar