Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3871/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məmmədov İlkin Yaşar oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı Məmmədov İlkin Yaşar oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Məmmədov İlkin Yaşar oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ## ######## 2024-cü il tarixli inzibati aktının ləğv edilməsi və müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin ## ##### 2005-ci il tarixli *** nömrəli qərara əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Məmmədov İlkin Yaşar oğlunun mülkiyyətinə verilmişdir.Torpağın alqısatqısına dair ## ##### 2005-ci il tarixli, 035 n-li kassa mədaxil qəbzinə əsasən Məmmədov İlkin Yaşar oğlu tərəfindən 6664000 milyon manat vəsait ödənilmişdir. Qeyd edilən torpaq sahəsinin eskiz sxemi mövcuddur. Həmçinin qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikilib. ##.##.2024-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh ##.##.2024cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir.Cavabdeh formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Bakı şəhər Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan Məmmədov İlkin Yaşar oğlunun mülkiyyətinə verilmişdir.
11. ##.##.2005-ci il tarixli *** nömrəli Kassa mədaxil orderinin qəbzinə əsasən Məmmədov İlkin Yaşar oğlu torpaq alqı-satqısı üçün 6664000 manat mədaxil edilmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008 ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin ## ###### 2009 cu il tarixli akta əsasən məhv edildiyindən tələb etdilmiş sənədlərin sürətlərini təqdim etmək imkanı olmamışdır.
13. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinə müraciət edilməsi tövsiyə olunur.
14. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan qərar Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
15. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 598.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahədən 1.0- 4.6 metr məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə sahədəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur.
16. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
17. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2025ci il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Sabunçu rayonu Bilgəh bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli Qərarı ilə Məmmədov İlkin Yaşar oğluna 490 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.
18. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı Məmmədov İlkin Yaşar oğluna ünvanlanmış ##.##.2024-cü il tarixli ************ nömrəli imtina məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
19. Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008 ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin ## ###### 2009 cu il tarixli akta əsasən məhv edilmişdir. Ona görə də, Bilgəh bələdiyyə Şurasının ##.##.2005 ci il tarixli 35 № li qərarı ilə Məmmədov İlkin Yaşar oğluna ayrılmış, Bilgəh qəsəbəsi XX Qurultay küçəsində yerləşən 0.0490 ha torpaq sahəsinə dair aidiyyatı sənədlərin surətlərinin verilməsi tərəflərindən mümkünsüzdür. Həmçinin bildirilmişdir ki, Məmmədov İlkin Yaşar oğlu X5 Sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bilgəh bələdiyyə Şurasının ##.##.2005 ci il tarixli *** nömrəli qərarına əsasən Məmmədov İlkin Yaşar oğluna ayrılmış, Bilgəh qəsəbəsi XX Qurultay küçəsində yerləşən 0.0490 ha torpaq sahəsinə görə ##.##.2025 ci il tarixə kimi torpaq vergi borcu yoxdur.
20. İş materiallarına mübahisəli torpaq sahəsinin yaxın ətrafında yerləşən torpaq sahələrinin çıxarışları əlavə edilmişdir.
21. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bundan əlavə torpaq sahəsinin bələdiyyə ərazisi olması və sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını və koordinatları məhkəməyə təqdim edilmişdir. ##.##.2026-cı il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi m/ daşı ilə hasarlanıb, bir tərəfi yol, üç tərəfi qonşudur. Torpaq sahəsi üzərində iki mərtəbəli tikintialtı sahəsi 91.0 kv.m olan yaşayış evi və həyət tikililəri inşa olunub.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vardır. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
29. Belə ki, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan Məmmədov İlkin Yaşar oğlunun mülkiyyətinə verilmişdir.
30. Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Məmmədov İlkin Yaşar oğlu X5 Sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bilgəh bələdiyyə Şurasının ##.##.2005 ci il tarixli *** nömrəli qərarına əsasən Məmmədov İlkin Yaşar oğluna ayrılmış, Bilgəh qəsəbəsi XX Qurultay küçəsində yerləşən 0.0490 ha torpaq sahəsinə görə ##.##.2025 ci il tarixə kimi torpaq vergi borcu yoxdur.
31. Məhkəmə tərəfinfən müəyyən edilir ki, iddiaçı Məmmədov İlkin Yaşar oğlu Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli müvafiq qərarı ilə qanuni əsaslarla torpaq sahəsini mülkiyyətə əldə etmiş, qərar icra olunmuş və ötən dövr ərzində sözügedən əmlak üzərində onun sahiblik və istifadə hüququ qüvvədə qalmışdır. Həmçinin bələdiyyənin rəsmi məktubundan göründüyü kimi, iddiaçı X4 Məlumat Sistemində qeydiyyata alınmış, torpaq sahəsinə görə bütün vergi öhdəliklərini tam və vaxtında yerinə yetirmiş və heç bir borcu yaranmamışdır. Bu isə iddiaçının torpaq sahəsinə münasibətdə vicdanlı mülkiyyətçi kimi davrandığını və əmlakın hüquqi statusunun təmizliyini təsdiq edir.
32. Göstərilənlərə əsasən, qanunvericiliyə uyğun qaydada mülkiyyətə verilmiş və vergi öhdəlikləri tam icra edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmaması onun əmlak hüquqlarının pozulmasına səbəb olur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5- ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparılmaqla qəbul olunur.
35. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
36. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
38. Eyni zamanda, nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin imtinasını həm hüquqi müəyyənlik və etimadın qorunması prinsipi, həm də Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ baxımından qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qanun və məhkəmə qarşısında bərabərlik prinsipi, 29-cu maddəsində isə mülkiyyət hüququ təsbit edilmişdir. Konstitusiyanın 71-ci maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarına riayət etmək dövlət hakimiyyəti orqanlarının borcudur. Hüquqi dövlət prinsipinin tərkib hissəsi olan hüquqi müəyyənlik prinsipi isə dövlət orqanlarının fəaliyyətində ardıcıllığın, sabitliyin və proqnozlaşdırıla bilənliyin təmin edilməsini tələb edir. Hüquqi müəyyənlik prinsipindən irəli gələn etimadın qorunması prinsipi şəxsin dövlət orqanlarının qəbul etdiyi aktların hüquqi qüvvəsinə inanmaq və həmin aktların yaratdığı hüquqi nəticələrə etibar etmək hüququnu təmin edir. Şəxs dövlət orqanının qəbul etdiyi qərara əsaslanaraq öz davranışını formalaşdırmış, əmlak münasibətlərinə daxil olmuş, uzun müddət həmin hüquqdan istifadə etmişdirsə, dövlət sonradan həmin şəxsin hüquqi vəziyyətini əsassız olaraq pisləşdirə bilməz. İş materiallarından görünür ki, iddiaçı torpaq sahəsini səlahiyyətli dövlət orqanının qəbul etdiyi qərar əsasında əldə etmişdir. Həmin qərar uzun illər ərzində qüvvədə olmuş, aidiyyəti dövlət orqanları tərəfindən etibarsız hesab edilməmiş, ləğv edilməmiş və onun hüquqi nəticələri aradan qaldırılmamışdır. Belə olan halda iddiaçının həmin qərarın hüquqi qüvvəsinə etimad göstərməsi tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanlarının fəaliyyətində ardıcıllıq və sabitlik hüquqi dövlət prinsipinin əsas elementlərindən biridir. Dövlət bir tərəfdən şəxsin hüququnun yaranmasına əsas verən inzibati akt qəbul edib, digər tərəfdən isə həmin aktın nəticələrinin tanınmasından imtina edə bilməz. Əks yanaşma hüquqi müəyyənlik prinsipini mənasız edər və şəxslərin dövlət hakimiyyətinə olan etimadını sarsıdar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə görə hüquqi müəyyənlik prinsipi şəxslərin qanuni şəkildə əldə etdikləri hüquqların sabitliyinə təminat verir. Dövlət orqanlarının fəaliyyəti nəticəsində formalaşmış hüquqi vəziyyətlər sonradan yalnız mühüm ictimai maraq olduqda və qanunla nəzərdə tutulmuş prosedurlar əsasında dəyişdirilə bilər. Belə hallar olmadıqda şəxsin qanuni gözləntiləri qorunmalıdır. Bundan başqa, İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququ yalnız mövcud əmlakı deyil, həm də kifayət qədər hüquqi əsasa söykənən legitim gözləntiləri əhatə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə dövlət orqanlarının qərarları əsasında yaranmış və şəxsin əsaslı şəkildə güvəndiyi əmlak xarakterli maraqlar da mülkiyyət hüququnun müdafiə dairəsinə daxildir. Kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınacağına dair gözləntisi təsadüfi və ya mücərrəd deyil, qüvvədə olan inzibati akta əsaslandığından legitim gözlənti xarakteri daşıyır. Cavabdehin həmin gözləntini nəzərə almadan yalnız formal əsaslarla qeydiyyatdan imtina etməsi mülkiyyət hüququnun mahiyyətinə uyğun hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası həmçinin cavabdehin davranışını bərabərlik hüququ baxımından qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu norma yalnız ayrı-seçkiliyin qadağan edilməsini deyil, həm də eyni vəziyyətdə olan şəxslərə münasibətdə dövlət orqanlarının eyni hüquqi yanaşma nümayiş etdirməsini tələb edir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin yaxın ətrafında eyni dövrdə qəbul edilmiş torpaqayırma qərarları əsasında digər torpaq sahələri dövlət qeydiyyatına alınmış və həmin torpaq sahələri üzrə çıxarışlar verilmişdir. Cavabdeh tərəfindən həmin şəxslərin hüquqlarının tanındığı halda iddiaçının müraciətinin fərqli qaydada qiymətləndirilməsi üçün obyektiv və ağlabatan əsaslar göstərilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə oxşar vəziyyətdə olan şəxslərlə fərqli rəftar yalnız obyektiv və ağlabatan əsas mövcud olduqda yol veriləndir. Belə əsas olmadıqda fərqli münasibət bərabərlik prinsipinin pozuntusu hesab olunur. Kollegiya hesab edir ki, eyni hüquqi əsaslarla əldə edilmiş torpaq sahələri üzrə digər şəxslərin hüquqları dövlət qeydiyyatına alınarkən iddiaçının müraciətinin rədd edilməsi hüquqi dövlət, hüquqi müəyyənlik, etimadın qorunması və bərabərlik prinsiplərinə uyğun deyildir. Dövlət orqanı oxşar hallarda formalaşdırdığı inzibati təcrübədən yalnız əsaslandırılmış səbəblər olduqda kənara çıxa bilər. Hazırkı işdə belə səbəblər müəyyən edilməmişdir. 41.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının legitim gözləntilərinə, hüquqi müəyyənlik prinsipinə, dövlətə etimad hüququna, Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik hüququna və Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququna uyğun olmadığından qanunsuz hesab edilməli, iddia təmin edilməlidir. 42.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi üzərində Məmmədov İlkin Yaşar oğlunun mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. 43.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi üzərində Məmmədov İlkin Yaşar oğlunun mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov