Məhkəmə qərarları › İş №2-1(103)-3872/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3872/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3872/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümyəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamına əsasən bir neçə şəxsə, o cümlədən hazırkı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında hər birinə 0,04 ha ölçüdə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi durumu ilə əlaqədar iddiaçı ona ayrılmış torpaq sahəsində bir neçə il tikinti işləri apara bilməmişdir. Torpaq sahəsind sonradan, yəni 2007-ci ildə tikinti işlərinə başlanılmış və bu tikinti 2009-cu ildə başa çatdırılmışdır. Ev iki mərtəbəli, mansardlı olmaqla üç otaqdan ibarətdir. Birinci mərtəbədə sahəsi 32 kv.m olan qonaq otağı, 14 kv.m olan mətbəx, 4 kv.m olan sanitar qovşağı, 20 kv.m olan dəhliz, ikinci mərtəbədə isə, hər birinin sahəsi 18 kv.m olan yataq otağı və sahəsi 30 kv.m olan dəhliz yerləşir. Mansardın sahəsi 30 kv.m, evin ümumi sahəsi 201 kv.m-dir. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı 2021-ci ildə evə və onun yerləşdiyi 0.04 torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir (nümayəndəsi vasitəsilə). İdarənin mühəndisləri bir neçə dəfə torpaq sahəsinə və evə ölçü işləri aparmışlar. Lakin sənədləşmə işi uzanmış və iddiaçı reyestrdən çıxarış ala bilməmişdir. Sonradan ona məlum olmuşdir ki, sənədlər hüquq mühafizə orqanına göndərilmişdir və araşdırma zamanı müəyyən edilmişdir ki, Xətai RİH-in sərəncamı ona müvafiq qaydada təqdim edilməmişdir. Xətai RİH tərəfindən ona verilmiş sənədlərin qanunamüvafiq olmadığını iddiaçı və övladı (nümayəndəsi) bilməmişlər. Yəni, onların hər-hansı təqsiri olmamışdır və bu aparılmış təhqiqatla da tam təsdiqini tapmışdır. Onlar həmin sənədi mötəbər sənəd kimi bilərək evi tikmişlər. Reyestrdən çıxarış almaq üçün 2021-ci ildə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin «Əmlak Məkanı Xidməti»nə təqdim edilən müvafiq sənədləri 2007-ci ilin payızında Xətai RİH-dən bir şəxsdən əlbəəl almışlar. 30 noyabr 2007-ci il tarixli 5051 saylı arxiv arayışını da ona həmin şəxs vermişdir ki, evi inşa etdirəndən sonra həmin evə və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınsın. Evin sənədləşməsi işi bir müddət ləngimişdir. İddiaçı 2021-ci ildə evinin sənədləşdirilməsi ilə bağlı cavabdehə iki dəfə müraciət etmiş, lakin müraciətlər imtina bildirişləri ilə cavablandırılmışdır. 30 noyabr 2021-ci il tarixli imtina bildirişinin dəlilləri və bunlara dair izahlar aşağıdakılardan ibarətdir: 1) İmtinanın ilkin dəlili budur ki, “Müvafiq sorğuya cavab olaraq arxiv qurumundan göndərilmiş 29 aprel 2021-ci il tarixli məktubda Xətai RİH başçısının 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamının arxivdə saxlanılan nüsxəsində İddiaçı barəsində heç bir məlumat yoxdur." Qeyd edilən imtina dəlili evin tikilisi ilə bağlı hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. O, evi qanuniliyini bildiyi sənədlər əsasənda tikmişdir. 2) Digər imtina dəlili odur ki, “Elektron kadastr məlumatlarına əsasən Xətai RİH başçısının torpaq sahəsi ayrılmasına dair 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş ərazi Zığ təmizləyici qurğuları stansiyasının yaxınlığı qeyd olunsa da, təqdim edilmiş yerləşmə cizgisi fərqli əraziyə dair tərtib edilib." Bu dəlilə etiraz ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən,yerləşmə yerinin uyğunsuzluğu hüquqi sənədlər və faktiki istifadəşilik əsas tutulmaqla Əmlak Məsələləri Dövlət Xidməti (Xidmətin tabeçiliyində olan orqan və qurumlar,o cümlədən də qeydiyyat orqanı tərəfindən) aradan qaldırılmalıdır. 3) İmtina üçün digər dəlil odur ki, “torpaq sahəsi sənəddə qeyd olunan (400 kv.m) sahədən azdır (233 kv.m).” Bununla bağlı qeyd olunur ki, hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsinə deyil, tikiliyə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması tələb olunur. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrini aparan orqanda həyata keçirilən inzibati icraatda qanuni sənədlərdəki ölçülərdən az olan sahənin qeydiyyatının aparılması praktikası artıq yaranmışdır. Faktiki istifadədəki 233 kv.m torpaq sahəsinin istifadə hüquqları ilə və azalma ilə (400 kv.m-dən az olmaqla) qeydiyyatının aparılmasına etiraz olunmur, 233 kv.m-dən geridə qalan sahə ərazidə tikinti işləri aparılarkən yol infrastrukturuna çıxışların daha əlverişli şəkildə təmin edilməsi üçün onun razılığı ilə qonşunn istifadəsinə artıq neçə illərdir ki verilmişdir. 4) İmtinanın dəlillərindən biri də odur ki, “göstərilən əraziyə digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur.” Bununla bağlı yaxşı olardı ki, daha geniş açıqlama verilərdi, fiziki şəxsin kimliyi və hansı sənədlər əsasında, nə zaman müraciət etməsi, müraciətə baxılmasının nəticəsi barədə məlumat verilərdi. Çünki, inzibati icraat maraqlı şəxslərin cəlb olunması ilə keçirilməlidir. Həmin fiziki şəxs 400 kv.m-dən geridə qalan sahənin faktiki sahibi olan qonşudur. İddiaçı həmin sahənin onun faktiki sahibliyinə (istifadəsinə) verilməsinə və adına qeydiyyatının aparılmasına etiraz etməmiş və hazırda da etiraz etmir. Bu öz aralarında razılıqla həll edilmişdir. 5) İmtinada həmçinin bildirilir ki, “təqdim edilən fərdi yaşayış evinə dair eskiz layihənin lisenziyası əlavə edilməmişdir.". Bu dəlil də əsassızdır. Eskiz layihəsi Xətai RİHdə razılaşdırılıb, sənədə İH-nin Təsərrüfat hesablı Layihə-Smeta Bürosunun ştampı, həmçinin RİH-nin Ümumi şöbəsinin üzərində “layihələr üçün” yazılmış möhürü vurulub. Xətai İH-nin Təsərrüfat hesablı Layihə-Smeta Bürosu müvafiq icazələri olan bir qurumdur. Bu sənəd özü də halhazırda mötəbərdir, heç bir orqan tərəfindən indiyədək mübahisələndirilməmişdir, o cümlədən də təhqiqat orqanı tərəfindən həmin layihənin qanunsuz olmasına dair faktlar müəyyən edilməmişdir. 23 dekabr 2021-ci il tarixli imtina bildirişində isə imtina bununla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindənVtikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı tikinti işlərini mötəbər hesab etdiyi torpaqayırma sənədləri əsasında yerli icra hakimiyyəti orqanının müvafiq sənədləşməsi əsasında aparmış və qanuni olaraq ev tikmiş, evin lahiyəsi təsdiqlənmişdir. Sonradan – tikinti işləri başa çatdıqdan və üstündən də 12 il keçdikdən sonra torpaqayırma sənədinin qanuna müvafiq olmamasının müəyyən edilməsi hüquqlarımın qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, «İnzibati İcraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə, «İnzibati İcraat haqqmda» Qanunun 67.5 və 67.6-cı maddələrinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onlan qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə, yuxanda göstərilənlərdən aydın olur ki, inzibati icraatda o (iddiaçı), maraqlı şəxsdir və onun etimadın qorunması hüququ vardır. Belə ki, o, qanuni və mötəbər hesab etdiyi torpaqayırma sənədi əsasında faktiki istifadəsində olmuş torpaq sahəsində tikilini qanunamüvafiq qaydada tikmişdir. Həmin əmlak artıq 13 ildir ki, faktiki sahibliyindədir və halhazırda da oradan istifadə edir, yaşayış evi olaraq orada yaşayır. İndiyə kimi ona qarşı hər hansı fiziki şəxs və ya hər-hansı dövlət, bələdiyyə orqanı tərəfindən hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə, sözügedən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan heç birisi mövcud deyildir. Təqdim edilmiş sənədlərdən də görünür ki, torpaq sahəsi əldə etməsi və orada ev tikməsi tam qanuni olmuşdur. İddiaçı hesab edirəm ki, etimadın qorunması prinsipi əsas tutulmaqla, hüquqlarının qeydiyyatı mümkündür. İddiaçı göstərilənləri əsas tutaraq, bir müddət bundan əvvəl – 2022-ci ilin oktyabr ayında hüquqlarının qeydiyyatı üçün yazılı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Artıq həmin vaxtdan 1 aydan çox zaman keçməsinə baxmayaraq, ərizə cavablandırılmamışdır. Bu isə faktiki olaraq hüquqların qeydiyyatından imtina deməkdir. O, hesab edir ki, cavabdeh inzibati orqanın müraciəti cavablandırmaması və öz hərəkətsizliyi ilə ona reyestrdən çıxarış verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş əmlaka mülkiyyət hüququnu, mülki qanunvericiliklə müəyyən edilmiş əmlakdan istifadə hüququnu və daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı hüququnu, həmçinin qanunla qorunan maraqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə və İPM-in 2, 45, 46-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139, 157-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsaslanaraq, iddiaçının Bakı şəhəri, Nobel prospekti 67 ünvanında yerləşən faktiki istifadəsindəki 233 kv.m torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.7-ci yarımbənd) yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində inşa olunduğunu iddia etdiyi fərdi yaşayış evinə hüququnun qeydiyyata alınması üzrə inzibati icraatda hüquqmüəyyənedici sənəd qismində ona həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Xətai RİH-in 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamından çıxarışı və RİH tərəfindən təsdiqlənmiş evin layihəsini təqdim etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqanın “iddiaçının adının Xətai RİH-in vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamında qeyd olunmaması” dəlili öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka, o cümlədən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı bu əsaslar sırasındadır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələbin əsası kimi təqdim edilmiş Bakı şəhəri Xətai RİH-in 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar