Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3872/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(112)-8951/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanında olan mənzilinin mülkiyyətinə verilməsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı və digər tərəf "xxxx" MMC arasında bağlanılan 062001 nömrəli müqavilə əsasında, iddiaçı Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 19, blok 1, mərtəbə 12, ümumi sahəsi 35 kv.m olan 62 saylı mənzili əldə etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli ********** nömrəli ərizə ilə, həmin mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alaraq Dövlət Reyestrindən Çıxarış və Texniki Pasport verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə xx.xx.2025-ci il tarixli **********24 nömrəli məktub ilə binanın istismarına icazənin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından ərizənin icrasına imtina verilmişdir. "xxxx" MMC tərəfindən bir mənzilin bir neçə vətəndaşa satılmasına görə, idarə heyəti huquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmuşdurlar. Bu səbəbdən idarə heyətini tapmaq və binanın istismarına icazə aktının alınmasını tələb etmək mümkün deyil. Binanın idarə olunması komendant tərəfindən qismən yerinə yetirilir, demək olar ki, idarəetmə yoxdur. Binada artıq 5 ildir yaşayış var, bütün kommunikasiya xəttləri mövcuddur və yaşayış üçün hər cür şərait vardır. Həmin binada xx.xx.2021-ci il tarixli ********** və xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətlər əsasında Dövlət Reyestrindən Çıxarış və Texniki Pasportlar əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı əldə etmədən heç bir notarial əməliyyatlar aparılması və həmin ünvana qeydiyyata düşmək mümkün olmadığı üçün və eyni zamanda binadan bir və ya bir neçə vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alaraq, Dövlət Reyestrindən Çıxarış alınması digər mülkiyyətçilərində öz yaşadığı əmlakına dair Dövlət Reyestrindən Çıxarış almasına əsasdır. Cavabdehin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 24.7 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(112)-8951/2025 nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 19 saylı binada xx.xx.2021-ci il tarixli ********** və xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətlər əsasında vətəndaşlar Dövlət Reyestrindən Çıxarış və Texniki Pasportlar əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı əldə etmədən heç bir notarial əməliyyatlar aparılması və həmin ünvana qeydiyyata düşmək mümkün olmadığı üçün və eyni zamanda binadan bir və ya bir neçə vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alaraq, Dövlət Reyestrindən Çıxarış alınması digər mülkiyyətçilərində öz yaşadığı əmlakına dair Dövlət Reyestrindən Çıxarış almasına əsasdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı tərəf məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 01 yanvar 2013-cü il tarixədək qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun: -1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. -12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. -17-ci maddəsinə görə şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə hüquqi və fiziki şəxslərin vəzifələridir. -19-cu maddəsinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. -25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. ““Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 30 avqust 1999-cu il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti-xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X4 Görülməsi və X6 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. 2013-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 19 ünvanında inşa edilmiş yaşayış binasının 62 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə öz növbəsində qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin olmadığından müraciətinə imtina etmişdir. Hazırki halda apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı ünvan 3 ünvanının yerləşdiyi çoxmənzilli yaşayış binası ilə bağlı həmin binanın istismara icazə aktının olmadığı və həmin çoxmənzilli yaşayış binasındakı mənzillərin heç birinə “çıxarışın verilmədiyi” təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilən çıxarışlar sözügedən ünvanda yerləşən qeyriyaşayış sahələrinə mülkiyyət hüquququn tanınmasına dair olmaqla iddiaçıya münasibətdə fərqli rəftar, bərabərlik prinsipinin pozulmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Hazırkı halda iddiaçının iddia etdiyi mənzilərin yerləşdiyi çoxmərtəbəli yaşayış binası olmaqla binanın istismara qəbul aktı (istismara icazəsi) yoxdur. Belə olan halda cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə əsaslanaraq, mənzillərin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlıdır, cavabdeh inzibati orqana müvafiq yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olmuşdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi dəlilə- istismara qəbul olunmamış həmin binada digər 2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, ev 19 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyata alınmış əmlaklara dair əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddia olunan mənzilin yerləşdiyi həmin çoxmərtəbəli yaşayış binasında iki daşınmaz əmlakla (qeyri-yaşayış sahəsi) bağlı hüquqlar qeydiyyata alınmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə X5 Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, ev 19 ünvanında yerləşən 440.7 kvm qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyatdan keçmiş, son olaraq alqı-satqı qaydasında X2 mülkiyyətindədir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 4362/2010 saylı qərarı ilə X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, ev 19 ünvanında yerləşən 480 kvm qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilə bilməz. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil çoxmərtəbəli yaşayış binasında yerləşən çoxsaylı mənzillərdən yalnız biridir və həmin binada yalnız 2 qeyri-yaşayış sahəsi qeydiyyata alınmışdır. Məhkəmə aktları ilə həmin əmlaklara olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan həmin binada məhkəmənin gəldiyi nəticəni əsas götürüb digər əmlaklara, mənzillərə dair hüquqları qeydiyyata almamış, başqa sözlə, məhkəmənin gəldiyi nəticəni öz inzibati praktikasına çevirməmişdir. Məhkəmələrin digər 2 qeyri-yaşayış sahələri bağlı gəldiyi nəticə yalnız həmin əmlaklarla bağlı olduğundan və cavabdeh inzibati orqan məhkəmə aktlarından sonra da digər əmlaklara dair hüquqları qeydiyyata alaraq öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. Hazırkı halda istismara qəbul olunmamış çoxmərtəbəli yaşayış binasında yalnız bir neçə qeyri-yaşayış sahəsinin qeydiyyata alınması Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tətbiqini əhəmiyyətsiz, istismara qəbulla bağlı başqa bir inzibati orqanın apara biləcəyi inzibati icraat (istismara qəbulla bağlı) mərhələsini adlamağa əsas verə bilər ki, bu hal da qanunvericiliyin məqsədinə uyğun hesab edilmir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(112)-8951/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3872/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3872/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver