Məhkəmə qərarları › İş №2-1(103)-3877/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3877/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3877/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Bakı şəhəri 27 №-li şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 27 №-li şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(112)-867/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixində təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasnı xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2019-cu il tarixindən ümumi xəstəlikdən, “Stabil gərginlik stenokardıyası İİİ f.s. İnfarktan sonrakı kardioskleroz Ürək çatmamazlığı, İİİ f.s. Qan dövranı çatmamazlığı İİ В m. Hipertoniya xəstəliyi İİ mərhələ Stendləşmə əməliyyatından sonrakı vəziyyət, (xx.xx.2018) Qasıq yırtığının ləğvi, prolen torla hernioplastika, iki tərəfli varikaselektomiya əməliyyatı (xx.xx.2017) diaqnozu ilə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2024-cü il tarixə müəyyən edilmişdir. 2024-cü ilin yanvar ayından ona pensiya ödənişi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə onu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət etdilər. Adi yoxlama keçirilib getməyini bildirmişlər. Onun pensiyanın dayandırılması ilə əlaqədar müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək, bildirdilər ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. O, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Dəfələrlə xəstəxanalarda müalicə almışdır. Əlillik təyin edildikdən sonra 2022-ci ildə Mərkəzi Klinik xəstəxanasında, 2023-cü ildə Akad. C.M.Abdullayev adına Elmi X5nda stasionar müalicə olunmuşdur. Hal-hazırda yenidən əməliyyat olunmalıdır. O, 2019-cu ildən sonra uzun müddət ərzində əlilliyə görə pensiya almış və əlilliyi ilə bağlı cavabdeh tərəfindən ona hər hansı bir irad və nöqsan bildirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. O, əyani müayinədə olmuşdur. Müayinənin necə keçirilməsini yuxarıda qeyd etmişdir. Lakin əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması barədə ona məlumat verilməmişdr. Hesab edir ki, qanuna müvafiq olaraq ona təyin edilmiş ikinci dərəcə əlilliyi bərpa edilməlidir.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(112)-867/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və X4-Sosial ekspert komissiyasının (Tam reabilitasiya olma barədə) xx.xx.2023-cü il tarixli qərarının İddiaçı münasibətdə ləğv edilməsi, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən 05 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Nəsibov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçı aid: xx.xx.2018-ci il tarixli 0ZDY910002 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 125 - Ürəyin xroniki işemik xəstəliyi => Təsnifatı: 125.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları; Diaqnozun mətni: Stabil gərginlik stenokardiyası İİİ f.s İnfarktdan sonrakı kardioskleroz; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz fiziki yük.medikamentoz sınaqlarla təsdiqlənməyib.Lipid spektri olunmayıb.Hiperdiaqnostikaya yol verilib. xx.xx.2019-cu il tarixli 0ZDY9100025 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => İ20.8 - Təsnifatı: Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stabil gərginlik stenokardiyası İİİ f.s. İnfarktan sonrakı kardioskleroz Ürək çatmamazlığı, lllf.s Qan dövranı çatmamazlığı İİ B m. Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ mərhələ Stendləşmə əməliyyatından sonrakı vəziyyət,(xx.xx.2018). Qasıq yırtığının ləğvi, prolen torla hernioplastika. İki tərəfli varikoselektomiya əməliyyatı.(xx.xx.2017); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,...; Müddət: 5 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2024. xx.xx.2023-cü il tarixli 0ZDY9100026 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stabil gərginlik stenokardiyası İİİ f.s. İnfarktan sonrakı kardioskleroz Ürək çatmamazlığı, lllf.s Qan dövranı çatmamazlığı İİ B m. Hipertoniya xəstəliyi İİ mərhələ Stendləşmə əməliyyatından sonrakı vəziyyət,(xx.xx.2018). Qasıq yırtığının ləğvi, prolen torla hernioplastika. iki tərəfli varikoselektomiya əməliyyatı.(xx.xx.2017); Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib.

11. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ş-27291/2023 №-li bildirişində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nin 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik, əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq o, xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşdur.

12. Dövlət Tibbi Sosial-Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki; - Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 2 (iki) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və aşağıdakıları müəyyən etmişdir: - Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Bakı 27 nömrəli Şəhər Poliklinikasının 0098003AABT4 nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ş-27291/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. - Müayinəyə gələrkən ürək nahiyyəsində ağrı, hərəkət zamanı yaranan tənginəfəslik hissindən şikayət etmiş, miokard infarktı keçirdiyini bildirmiş və bir neçə dəfə stend implantasiyası olduğunu söyləmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. - Təqdim edilmiş sənədlərdən ET Kardiologiya İnstitutunun xx.xx.2018-xx.xx.2018- ci il tarixli 2473 nömrəli epikrizində diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.S. Stendləmə əməliyyatından sonrakı vəziyyət. İnfarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı İİİ F.S. Qan dövranı çatışmazlığı İİ. Arterial hipertoniya xəstəliyi İİ dərəcə olmuş Mərkəzi Klinikanın xx.xx.2018-xx.xx.2018-ci il tarixli 572045 nömrəli epikrizində xəstəyə xx.xx.2018-ci il tarixində Koronar angioplastika əməliyyatı icra edildiyi qeyd edilmiş, eyni müəssisənin xx.xx.2022-xx.xx.2022-ci il tarixli 572045 nömrəli epikrizində xx.xx.2022-ci il tarixində yenidən “Koronar angioplastika” icra edildiyi qeyd edilmişdir - Ak. C.Abdullayev adına ET Kardiologiya İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1647 nömrəli epikrizində diaqnoz “ÜİX. İnfarktdan sonrakı kardioskleroz (2018). Koronar angioplastikadan sonrakı vəziyyət (2 dəfə 2018-ci və 2022-ci illər). ÜÇ -İ F.S (birinci). Arterial hipertoniya xəstəliyi (3-cü dərəcə) Risk İV (dörd). İnsulindən aslı olmayan şəkərli diabet.” olmuşdur. - Obyektiv müayinə zamanı düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar təmiz, çəhrayı olmuş, aşağı ətraflarında tük örtüyü dəyişiksiz, temperatur fərqi olmamış, distal nəbz əllənmiş, ödem müşahidə olunmamışdır. Auskultasiyada ürək tonları ritmik, aydın olmuş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. - ƏƏSMN-nin tabeliyində DTSERA-da aparılmış Transtorokal exokardioqrafiya müayinə nəticəsi “Koronar angioplastikadan sonrakı vəziyyət. Aorta sərtləşib. Septumun cüzi hipertrofiyası (1,2 sm). Sol qulaqcıq genişlənib (4,3 sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=59%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. - Anamnestik məlumatlar obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.

13. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-30804/2023 №-li məktubunda göstərilmişdir ki, əmək zəmanəti barədə Bakı Qida və Yağ Fabriki MMC-dən daxil olan müraciətə baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu ii tarixindən beş il müddətinə ikinci dərəcə əlillik (Yüngül işlərdə işləyə bilər) müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əmək zəmanətinin dəqiqləşdirilməsi məqsədilə, müayinələrinə dair bütün tibbi sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s.) Agentliyə getməsi tövsiyə olunmuşdur.

14. Dövlət Tibbi Sosial-Ekspertiza və X6 Heyətinin xx.xx.2024-cü il tarixli, № 3-17- 4/3-3-56/2024 №-li Qərarında göstərilmişdir ki, - X9 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. - Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 6 (altı) nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir.

15. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 2 (iki) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmışdır. Həmin vətəndaşlardan 2 (iki) nəfərin “əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması”, 2 (iki) nəfər barəsində “Tam reabilitasiya olunması”, 2 (iki) nəfər barəsində isə “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir, (siyahı əlavə olunur). - Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 19766/2023 nömrəli qərarını və 3-17-4/3-1-96486/2023 nömrəli xidməti məruzəsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X10 qərara alır: - xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərarları ləğv edilsin və “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. - xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 2 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılsın. - Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 2 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilsin.

16. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-999/2024 №-li bildirişində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o, xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. İddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur.

17. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən verilmiş T 320/2025 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki; - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: 125-ürəyin xroniki işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİİ f.s, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma: 150-ürək çatmamazlığı İİİ f.s., 199-qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, qan dövranı çatmamazlığı İİ .m. Yanaşı xəstəliklər: 110-essensial (birincili) hiperetenziya, hipertoniya xəstəliyi İİ mərhələ, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Stendləşmə əməliyyatından sonrakı vəziyyət (xx.xx.2018), qasıq yırtığının ləğvi, prolen torla hernioplastika, ikitərəfli varikoselektomiya əməliyyatı (xx.xx.2017)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması müşahidə edilməmişdir. - Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Akademik C.Abdullayev adına X2”nun konsultativ-poliklinika şöbəsinə müraciət etmiş və EKQ və EXO KQ müayinələri əsasında ona “İ20.8-ÜİX, gərginlik stenokardiyası İİ F.S., İİ 1.0-hipertoniya xəstəliyi İİİ dərəcə., El 1şəkərli diabet İİ tip, insulin tələbli forma., Z95.5- koronar angioplastikadan sonrakı vəziyyət x4., İ50.0-XÜÇ İ F.S” diaqnozu təyin edilmişdir. - Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, sahə poliklinikasında qeydiyyata götürülürlər və vaxtaşırı müayinə olunmaqla həkim nəzarətində təyin olunmuş dərman preparatlarını qəbul edirlər.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”ni (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni(ləğv edilmiş), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nı,“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alaraq bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

23. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

24. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya 5 il müddətinə xx.xx.2019-cu il tarixdən əlillik təyin edilmiş, daha sonra cavabdeh ilkin olaraq xx.xx.2024-cü il tarixədək iddiaçının müddətli əlilliyinin olmasını gözləmədən onun tam reabilitasiya olunması barədə qərara gəlmiş, aparmış olduğu müxtəlif tarixli tibbi müayinələrin nəticəsində də iddiaçıya əlilliyin təyinatından imtina etmişdir.

25. Beləliklə, hazırkı iş üzrə düzgün nəticəyə gəlinməsi baxımından müddətli təyin edilmiş əlilliyin növbəti yoxlama müddətindən əvvəl qüvvədən salınması məsələsinə qiymət verilməsi zəruridir. Məhkəmə hesab edir ki, bu zaman əlilliyin ləğv edilməsi və tam reabilitasiya kimi anlayışlar arasında fərqləndirmənin aparılması zəruridir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının müddətli təyin edilmiş əlilliyinin qüvvədən salınması onun tam reabilitasiyası ilə bağlı olmuşdur. Bu zaman isə cavabdeh ümumiyyətlə nəzərə almamışdır ki, xəstəliklərin xüsusiyyətlərindən asılı olmaqla əlillik təyinatının müddətli və müddətsiz olması xəstəlikdən əziyyət çəkən şəxsin sağlamlıq vəziyyətinin əliliyin təyinatına təsiri baxımından müəyyən edilmişdir. Belə ki, hər hansı bir xəstəlik sağala bilən xəstəlikdirsə, məntiqi nəticə etıbarı ilə əlilliyin müddətli təyin edilir. Yalnız müəyyən müddət ərzində bu xəstəliklər davam etdiyindən həmin xəstəliyin növbəti dəfə müddətsiz təyin edilməsi qanunvericiliklə təsbit edilmişdir. Bəzi növ xəstəliklər isə tibbi baxımından sağalmaz xəstəlik hesab edildiyindən həmin xəstəliklərlə bağlı əlillik təyinatı da məhz müddətsiz aparılır.

26. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən 5 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək təyin edilmişdir. Cavabdehin diqqətinə çatdırılır ki, bu o deməkdir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə əlaqədar sağlamlıq vəziyyəti yaxşılaşa bilər və tam reabilitasiya olunma səbəbindən növbəti dəfə ona əlillik təyinatı aparılmaya bilər. Lakin bu zaman cavabdeh, həmçinin onu da nəzərə almalıdır ki, xx.xx.2024-cü il tarixədək iddiaçının sağlamlıq vəziyyəti müxtəlif dövrlər üzrə həm yaxşılaşa, həm də pisləşə bilər.

27. Odur ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə yaxşılaşa bilər və əlillik təyinatına əsas verən xəstəlik onda mövcud olmaya bilər. Lakin, həmin xəstəliyin yenidən mövcud olması və ya ağırlaşması istisna edilməməlidir. Bu səbəbdəndir ki, şəxsə müddətli əlillik təyinatı aparılan zaman müddət müəyyən edilir. Əks halda, əlilliyi müəyyən edilmiş şəxsin müntəzəm olaraq sağlamlıq vəziyyətinin yoxlanılması zərurəti olar ki, həmin hallar nəzərə alınmaqla qanunvericiliklə əlilliyə müddət müəyyən edilmişdir.

28. Odur ki, tam reabilitasiya olunma nə qədər ki, əlilliyin təyinatına dair qərar qanunsuz və əlverişsiz inzibati akt kimi müəyyən edilməklə ləğv edilməyib, təyin edilmiş əlilliyin hüquqi nəticələrinin aradan qaldırılması əsası qismində çıxış edə bilməz. Cavabdeh əlilliyin müddəti bitdikdə şəxsin reabilitasiya vəziyyətini yoxladıqdan sonra növbəti təyinatın aparılıb-aparılmaması barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur ki, cavabdeh isə həmin halı nəzərə almadan, ilkin təyinatın qanunsuz və əsassızlığına qiymət vermədən tam reabilitasiya olma barədə mövqeyə gəlmişdir.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tam reabilitasiya olma barədə qərar qanuni və əsaslı olmadığından, iddiaçı barəsində sonradan əlillik təyinatından imtina barədə mövqeyidə əsassız olmuşdur. Göstərilən qanunsuz və əsassız yanaşma, həmçinin cavabdeh tərəfindən inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlir.

30. Nəzərə alınmalıdır ki, iddiaçıya ilkin əlilliyin təyinatına əsas olan qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi və ya digər formada əlillik statusunun itirilməsi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun əlillik təyinatından 5 il müddətində səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir.

31. Göründüyü kimi cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi faktiki olaraq ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamış, iddiaçının növbəti müayinə tarixinə kimi sağalması, vəziyyətinin yaxşılaşması kimi hallarının mövcud ola biləcəyi, həmin halın hər bir halda mövcudluğunun əlilliyin ləğv edilməsinə səbəbiyyət verməməsi kimi hallarını nəzərə almamışdır.

32. Həmçinin iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibib sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da cavabdehin qərarının və faktiki xarakterli hərəkətlərinin qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizayın təyininə zərurət müəyyən edilməmişdir. Belə ki, iddiaçı tam reabilitasiya olunsa belə növbəti müayinə tarixi müəyyən edilmiş əlilliyin ləğvinə və iddiaçı üçün mənfi nəticələrə əsas vermir.

33. Beləliklə, əlilliyin ləğvi əsassız olmuşdur.

34. Digər tərəfdən məhkəmə araşdırılması zamanı əldə olunmuş ekspert rəyindən müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə “Akademik C.Abdullayev adına X2”nun konsultativ-poliklinika şöbəsinə müraciət etmiş və EKQ və EXO KQ müayinələri əsasında ona “İ20.8-ÜİX, gərginlik stenokardiyası İİ F.S., İİ 1.0-hipertoniya xəstəliyi İİİ dərəcə., El 1şəkərli diabet İİ tip, insulin tələbli forma., Z95.5-koronar angioplastikadan sonrakı vəziyyət x4., İ50.0-XÜÇ İ F.S” diaqnozu təyin edilmişdir. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, sahə poliklinikasında qeydiyyata götürülürlər və vaxtaşırı müayinə olunmaqla həkim nəzarətində təyin olunmuş dərman preparatlarını qəbul edirlər.

35. Göründüyü kimi iddiaçının hazırki faktiki sağlamlıq vəziyyəti ilkin əlillik təyin edildiyi dövrdə əliliyin təyininə əsas verən diaqnozla uyğunluq təşkil edir. Cavabdeh isə eyni diaqnoz əsasında iddiaçıya ən azından 2019-cu il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmiş və həmin xəstəliyin əlillik təyin etməməsi qənaətinə gəlmişdir.

36. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

37. Belə olan halda, 2019-cu ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(112)-867/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar