Məhkəmə qərarları › İş №2-1(103)-3878/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3878/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3878/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi) «çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8779/2025 nömrəli, 11 avqust 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin onun adına rəsmiləşdirilmiş 781/1 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamla mülkiyyətinə ayrılmış 2500 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən faktiki göstərilən sahə bütünlüklə Böyükşor gölünün mühafizəsi zonasında yerləşir, sahəyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti olmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 2-1(112)-8779/2025 nömrəli, 11 avqust 2025-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırki iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin onun adına rəsmiləşdirilmiş 781/1 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamla mülkiyyətinə ayrılmış 2500 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8779/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi bütünlüklə Böyükşor gölünün mühafizəsi zonasında yerləşir. Bundan əlavə, iddia olunan sahəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Böyükşor gölünün akvatoriyasi və mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən Böyükşor gölünün yerquruluşu planının tərtib edilməsi” ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşib-yerləşməməsi faktı tam araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş vəsatətdə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi hissəsində vəsatətə ümumiyyətlə qiymət verməmişdir. Bundan başqa, cavabdeh iddia tələbinə etiraz ərizəsində elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bütünlüklə Böyükşor gölünün mühafizəsi zonasında yerləşməsini, iddia olunan sahəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciətinin olmasını qeyd etmişdir. Lakin qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin qeyd olunan torpaq sahəsinin Böyükşor gölünün mühafizəsi zonasında yerləşməməsi barədə xx.xx.2025-ci il tarixli məktubuna istinad etməklə kifayətlənmiş, göstərilənlərlə əlaqədar hər hansı araşdırma aparmamışdır. Belə ki, faktiki göstərilən torpaq sahəsi ilə sənəddə göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, iddia olunan torpaq sahəsinin Böyükşor gölünün mühafizəsi zonasında yerləşməsi hallarının müəyyən edilməsi üçün sənədlər (torpaq sahəsinin sxemi, cizgisi, plan-ölçü sənədləri və s.) əldə edilməmiş, bununla bağlı sorğular verilməmiş, habelə müvafiq ekspertiza keçirilməmişdir. Eyni zamanda apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddia olunan sahəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Böyükşor gölünün akvatoriyasi və mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən Böyükşor gölünün yerquruluşu planının tərtib edilməsi” ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan müraciət və onunla bağlı inzibati icraat materiallarını əldə etməmiş, müraciətin məzmunu və nəticəsi ilə əlaqədar məsələləri aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» xx.xx.2022-ci il tarixli qərardadı:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instanstiya məhkəməsi tərəfindən göstərilən hallar araşdırılmaqla vəsatətə yenidən baxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti vəsatətin təmin edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8779/2025 nömrəli, 11 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar