Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3881/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1ə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə keçirilməsi və buna dair yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8587/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1ə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 26, bina 45, mənzil 93-ün faktiki vəziyyətinə (istifadə, daxili bölümləndirmə, rekonstruksiya, ölçülər və digər faktiki vəziyyəti təsvir edən şərtlər) uyğun olaraq qəbul komissiyasının aktının və bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Cavabdeh1in üzərinə qoyulması, Cavabdeh1 tərəfindən veriləcək vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 26, bina 45, mənzil 93-ün faktiki vəziyyətinə (istifadə, daxili bölümləndirmə, rekonstruksiya, ölçülər və digər faktiki vəziyyəti təsvir edən şərtlər) uyğun olaraq qəbul komissiyasının aktının və bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarı əsasında İddiaçı hüquqlarının dövlət reyestrində və kadastrında qeydiyyatının və ya təkrar qeydiyyatının aparılması öhdəliyinin ƏMDX yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 45 ünvanında yerləşən 93 nömrəli mənzil üzərindəki mülkiyyət hüquqları RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən **********40- 05101-093065 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmçinin, həmin mənzilin altında yəni binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi də **********40-05101-083007 reyestr nömrəli, RX № ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Hər iki əmlakla əlaqədar texniki pasportlar da mövcuddur ki, həm çıxarışların həm də texniki pasportların nüsxələri bu ərizəyə əlavə edilir. Tərəfindən keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planını əldə etmək üçün müxtəlif dövlət qurumlarına müraciətlər edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı sorğu əsasında, Mənzil-Komunal Təsərrüfat Departamentinin 3-52-13/2-51/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu əsasında Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən vətəndaşın mülkiyyətində olan 93 nömrəli mənzilin yerləşdiyi 45 nömrəli binanın mərtəbəli planı təqdim edilmişdir. Əlavə olaraq, mənzilin yerləşdiyi binanın mərtəbəli planı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4967/2024 saylı iş üzrə sorğusu əsasında 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Məhkəmə vasitəsilə təqdim edilmişdir. Qanunvericiliyin yəni Mənzil Məcəlləsinin 21.2.1-ci bəndinə əsasən sahənin keçirilməsi haqqında ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməli olması vurğulanmışdır. Hal-hazırda qeyd edilən mənzil qeyri-yaşayış sahəsi kimi gözəllik salonu formasında istifadə edilir. Bu prosesi aparmaqda məqsəd həmin mülkiyyət obyektinin hüquqi statusunun faktiki istifadə edildiyi vəziyyətə uyğunlaşdırmaqdır. Mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi yenidənqurulması mülkiyyətə keçirilərkən təmin edilmiş formada olmuşdur. Tərəfindən "xxxx" MMC-yə (lisenziya nömrəsi: İNİL-459/2019, xx.xx.2019) müraciət edilərək, sifarişi əsasında “Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 45 saylı 9 mərtəbəli binasının 1-ci mərtəbəsinin bir hissəsində yerləşən, İddiaçı mülkiyyətində olan 93 saylı mənzilin mövcud vəziyyətdə “Eskizi” hazırlanmışdır. Hal-hazırkı faktiki vəziyyəti özündə əks etdirən bu sənəd də ərizəyə əlavə edilir. Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Qeyd edilən şərtlərin hamısı tərəfindən təmin edilmişdir. Yəni, qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən yəni digər sahədən həyata keçirilir (eskizə diqqət); Sahə ümumiyyətlə mənzil kimi istifadə edilmir; Daimi yaşayış yeri kimi istifadə edilmir; Üzərində hər hansı yüklülük yoxdur; Mənzil birinci mərtəbədə yerləşir. Tərəfindən qüvvədə olan Mənzil Məcəlləsinin 21.2, 21.3-cü maddələrinə uyğun sənədləşmələr təqdim edilməklə, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 93 saylı mənzilin faktiki vəziyyətinə uyğun olaraq, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi cavabdeh Nərimanov RİH-dən xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-14/2-5-15-162/24 nömrəli məktubda əraziyə baxış keçirildiyi, müvafiq icazə sənədləri olmadan təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olması, sahədən istifadənin yaşayış və qeyriyaşayış sahələri üçün qanunvericilikdə müəyyən edilmiş texniki norma və qaydalara uyğun olmadığının müəyyən edildiyi, bu səbəblərə, həmçinin Mənzil Məcəlləsinin 25.1.3-25.1.5 maddələrinə əsasən ərizənin müsbət həllinin mümkün olmadığı vurğulanmışdır. İnzibati orqan öz məktubunda obyektə baxış keçirildiyini vurğulasa da, obyektə hər hansı baxış keçirilməmiş və bununla bağlı heç bir tələb və ya rəsmi müraciət də edilməmişdir. Obyektin yenidənqurma və ya yenidən planlaşdırma işlərinə münasibətdə isə obyekt alınarakən artıq faktiki olaraq qeyri-yaşayış sahəsi formasında olmuşdur. Rayon icra Hakimiyyətinin də qeyd edilən prosesdən yəqinki xəbəri olmuşdur. Sahənin uyğunluğu ilə əlaqədar tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmiş, Nazirlik yanında X3 Agentliyi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli, 3-14-22/2-170/2024 nömrəli məktublar tikilinin eyvan hissəsində həyata keçirilmiş tikinti işlərinin texniki xarakterli olmasından dolayı X3sının obyekti olmadığı vurğulanmışdır. Lisenziyalaşdırılmış təşkilat olan "xxxx" MMC tərəfindən obyektin yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq yoxlamalar aparılmış, yanğın təhlükəsizliyi ilə əlaqədar bütün cihaz və avadanlıqların qüvvədə olan standart və normalara uyğun olmasına dair akt təqdim edilmişdir (əlavə edilir). İmtinanın əsaslarından biri kimi göstərilən qonşuların və digər üçüncü şəxslərin mənafeylərinə toxunması halı ilə əlaqədar isə bilavasitə qonşuların razılıq ərizələri yığılmışdır və məhkəmə prosesində təqdim ediləcəkdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8587/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən icraata qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi üzərindən AR İN yanında ƏMDX, DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia həcminin azaldılması və 1-ci cavabdeh Nərimanov RİH-ə münasibətdə isə iddianın öz qüvvəsini qoruduğuna dair ərizə təqdim edilmişdir. Elektron Məhkəmə sistemi üzərindən də görünür ki, ərizə məhkəmə iclasından əvvəl təqdim edilmişdir. Həmçinin, iclasın təxirə salınmasına dair tərəflərindən əlavə xahişə dair ərizə də təqdim edilmişdir. Qeyd edilən hallara baxmayaraq, iddia ərizəsi mümkün hesab edilməmişdir. Hesab edirlər ki, elektron məhkəmə sistemi üzərindən verilən elektron ərizənin məhkəmədaxili kargüzarlıqla əlaqədar gec təqdim edilməsi vətəndaşın hüquqlarının pozulmasına səbəb olmamalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8587/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşdən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarət olmuş, iddiaçının tələbi Cavabdeh1ə münasibətdə İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 26, bina 45, mənzil 93-ün faktiki vəziyyətinə (istifadə, daxili bölümləndirmə, rekonstruksiya, ölçülər və digər faktiki vəziyyəti təsvir edən şərtlər) uyğun olaraq qəbul komissiyasının aktının və bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarın qəbul edilməsi, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə isə Cavabdeh1 tərəfindən veriləcək vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 26, bina 45, mənzil 93-ün faktiki vəziyyətinə (istifadə, daxili bölümləndirmə, rekonstruksiya, ölçülər və digər faktiki vəziyyəti təsvir edən şərtlər) uyğun olaraq qəbul komissiyasının aktının və bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarı əsasında İddiaçı hüquqlarının dövlət reyestrində və kadastrında qeydiyyatının və ya təkrar qeydiyyatının aparılması olmuşdur. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddia tələbləri aydın deyil və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir. Belə ki, tələb birinci hissədə, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Cavabdeh1in üzərinə qoyulması ayrıca müstəqil tələb olaraq qaldırılmalı və gələcəkdə həmin işin nəticəsindən asılı olaraq icra hakimiyyətinin buna dair qərarı əsasında iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunduğu (hərəkətsizliyi) təqdirdə iddianın ikinci hissəsində qeyd edilən tələb ilə məhkəməyə müraciət edilə bilər. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona xx.xx.2024-cü il tarixli təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir). Eyni zamanda, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli iclasda) iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) qaldırdığı iddialara cavab verməli olan inzibati orqanların qeyd edilərək, yəni müvafiq tələblər üzrə cavabdehlərin ayrılaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqanların hər birinə müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni iddia tələblərinin aydın olmaması və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olmamaları, tələbin birinci hissədə, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Cavabdeh1in üzərinə qoyulmasının ayrıca müstəqil tələb olaraq qaldırılmalı olması, iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddia tələbinin dəqiqləşdirilməməsi ilə əsaslandırsa da, işdən görünür ki, xx.xx.2024-cü il tarixində, saat 09:14-də, yəni iddianın mümkünsüz sayılması ilə bağlı qərardadın qəbul edildiyi iclasın təyin edildiyi saatdan (16:00-dan) öncə elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək qeyd edilmişdir ki, iddia ərizəsi üzrə cavabdehlərdən AR İN yanında ƏMDX-nin DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı verilmiş yekun “xahiş edirik” hissəsindəki 2-ci iddia tələbi olan “Cavabdeh1 tərəfindən veriləcək Vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev 26, bina 45, mənzil 93-ün faktiki vəziyyətinə (istifadə, daxili bölümləndirmə, rekonstruksiya, ölçülər və digər faktiki vəziyyəti təsvir edən şərtlər) uyğun olaraq qəbul komissiyasının aktının və bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərarın əsasında vətəndaş İddiaçı hüquqlarının dövlət reyestrində və kadastrında qeydiyyatının və ya təkrar qeydiyyatının aparılması öhdəliyinin ƏMDX yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulsun” hissəsini çıxararaq, iddia həcmini bu hissədə azaldırlar, 1-ci cavabdeh Nərimanov RİH-ə münasibətdə isə iddia öz qüvvəsini qoruyur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi göstərmiş olduğu hüquqi yardıma cavab olaraq təqdim edilmiş qeyd olunan ərizəyə münasibət bildirməmiş, əsassız olaraq iddianın mövcud vəziyyətdə mümkün sayılmaması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8587/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3881/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3881/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver