Məhkəmə qərarları › İş №2-1(103)-3882/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3882/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3882/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pensiyanın yenidən hesablanması və kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş sosial təminat, pensiya təminatı, güzəşt hüququ bərpa edilərək, qanunvericiliyin tələbinə uyğun indeksasiya edilməklə pensiyanın yenidən hesablanması, ezamiyyət, məzuniyyət, geyiməşya, işdənçıxarma pulu, sanatoriya yollayışı əvəzi kompensasiya, xidməti davam etdirməməyə səbəb olan xəsarətə görə birdəfəlik kompensasiya ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, vurulmuş ziyana görə cavabdehdən iddiaçıdan tələb etdiyi 30 milyon manatın 0,5 faizi həcmində 150 min manat tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağımıza təcavüz olunan ilk gündən AMEA-nın aspirantlıq şöbəsində təhsilini, elmi işini atıb, 2 körpə uşaqlı ailəsini qoyub zabit rütbəsində Qarabağ savaşında iştirak etmişdir. 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenant hərbi rütbəsi dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbəsi polkovnikə kimi yüksəlib. Son xidmət yeri DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi təminatını, pensiyasını qərəzlə düz hesablamır, qanunvericiliklə nəzərdə tutulmuş ödənişləri, güzəştləri vermir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 15v maddəsinə görə, 1-ci dərəcəli müharibə əlillərinin pensiyalarına minimum pensiyanın 300 faiz həcmində əlavə, 23b maddəsinə görə 1-ci dərəcəli əlilə qulluğa görə minimum pensiyanın 100 faiz həcmində əlavə, 58-ci maddəyə əsasən dolanışıq xərcləri indeksinin dəyişməsi ilə əlaqədar pensiyası yenidən hesablanmayıb. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 180-ci maddəsinə əsasən, yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrıayrı ehtiyatda olan zabitlərə onlar hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə istisna qaydasında, xidmət ilindən asılı olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir-üç pillə yuxarı hərbi rütbə verilə bilər. İddiaçıya 1991- ci ildə vəzifəyə təyin olunanda polkovnik-leytenant, 1993-cü ildə Ağdərədə batalyon komandiri vəzifəsinə uyğun polkovnik rütbəsi verilməli idi. Ona-1978-ci ildən zabit rütbəsi daşıyan şəxsə isə DİN MPİ və DQ rəsmi məktublarla Azərbaycan SQ-də zabit rütbəsində xidmətdə olmadığı bildirilir (əlavə olunur). "Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" NK-nın xx.xx.1992-ci il tarixli Əsasnaməsinə əsasən, Azərbaycan SQ-nin, Azərbaycan və keçmiş SSRİ daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin vəzifələrində xidmət müddəti ilk zabit rütbəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. Cavabdeh DİN (MPİ və DQ) rəsmi məktublarla bunu təsdiq edir. (DİN MPİ-nin məktublarından biri əlavə olunur). Amma bunu saxtalıqla ona tətbiq etmir ki, zabit rütbəsində xidmətdə olmamışdır. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsi mənzil təminatı hüququnu təsbit edir. 11-ci maddəyə görə, hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə xidmətdə olduğu dövrün digər təqvimilləri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçıya isə müharibəyə "xidməti ezamiyyətə", yaralanıb hospitalda "məzuniyyətə" getməyi bildirilir. (Əlavə olunur). Amma nə ezamiyyət, nə də məzuniyyət pulu, kompensasiya ödənilir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtinasında bunu belə əsaslandırıb ki, "DİN-in xx.xx.2016-cı il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş DİN-in Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlama yeri və müddəti haqqında syahının 9.4.22-ci bəndinə əsasən xidməti ezamiyyət və məzuniyyət üzrə yazışmalar 1 (bir) il müddətində saxlanılır". Birincisi, DİN-in Qərarı Qanundan üstün ola bilməz, bu Konstitusiyanın 149-cu maddəsinə ziddir, ikincisi, cavabdehin vəzifəsi yazışmaları saxlamaq yox, ezamiyyət məzuniyyət pulunu hərbçi müharibə əlilinə ödəməkdir. Qanunun 13.6-cı maddəsinə görə, müharibə əlillərinin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. NK-nın "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının (NK-nın xx.xx.2001 tarixli, 190 nömrəli Qərarı ilə DİO-nun digər əməkdaşlarına da şamil olunur) 2-ci bəndinə əsasən, əməkdaş xidməti davam etdirməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona ərzaq payı əvəzinə pul kompendasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin 50 (əlli) misli miqdarında birdəfəlik kompensasiya ödənilir. Cavabdeh bu barədə sorğulara , ümumiyyətlə cavab vermir, halbuki ödənməlidir. NK-nın xx.xx.1992-ci il tarixli, 631 saylı "Zabit heyətinə mənsub şəxslərə...uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Qərarının 1-ci bəndinə əsasən, BDU-nun hərbi hazırlıq kursunda 4 illik müddət, həqiqi hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə- AMEA-da işləmək dövrü, 10-cu bəndə əsasən, SSRİ dövründəki xidmətim xidmət ilinə hesablanmayıb. 3-cü bəndə əsasən, səhhətinə görə tərxis olunmuş zabitlərə 5 (beş) aylıq axırıncı ştat vəzifəsi, hərbi və xüsusi rütbə üzrə maaşlardan hesablanmaqla işdənçıxarma müavinəti ödənilməyib. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla bunu müdafiə nazirinin əmri ilə "əsaslandırıb". Halbuki müdafiə nazirinin əmri, əvvəla, düzgün izah olunmur, ikincisi, NK Qərarından üstün ola bilməz, bu Konstitusiyaya ziddir. 5-ci bəndə görə, 1-ci dərəcəli müharibə əlili kimi ona sanatoriya yollayışı əvəzində 2 ildə bir dəfə öz istəyi ilə minimum pensiyanın 5 misli miqdarında kompensasiya da ödənilməyib. Cavabdeh bunu "2007-ci ildən DSMF-in ödəməli olması ilə" əsaslandırıb. Birincisi, onun sanatoriya-kurort hüququ saxlanılır, ikincisi, 1993-cü ildən 2007-ci ilə kimi ki DİN ödəməlidir. Prezidentin xx.xx.2021-ci il tarixli, 1525 saylı Fərmanı ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20 faizlik əlavə müəyyən edilib. Pensiyası bu artıma uyğun yenidən hesablanmalı olduğu halda, DSMF cavabdeh DİN-in hesablamasını tələb edir, DİN MPİ isə təqdim etmir. NK-nın xx.xx.2013-cü il tarixli, 2 saylı Qərarı ilə ərzaq payı norması 64 manatdan 128 manata qaldırılıb, hazırda 200 manatdır. 12 ildir bu NK Qərarı da ona şamil edilməyib. DSMF yenə DİN-in hesablayıb Fonda göndərməsinin vacibliyini bildirir. Amma DİN əməl etmir. Döyüşlərdə batalyon komandiri olmağını Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalın verdiyi xx.xx.1993-cü il tarixli, 296 saylı notarial qaydada təsdiq edilmiş arayış sübut edir. (Əlavə olunur) Eyni zamanda, DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun DİN müavini, general Əsgər Ələkbərova ünvanladığı xx.xx.1999-cu il tarixli, 19/299 №-li, hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun DİN X5 İdarəsinin rəisi, polkovnik Mehman Mehmanova ünvanladığı 01.3.1998-ci il tarixli, 30/21 Nömrəli arayış xarakterli məktublarda sərəncamda olan tabur komandiri olmağı bildirilib. (Hər 2 sənəd əlavə olunur). Nizami hərbi komissarlığı arxiv materialları və hərbi bileti əsasında 2012-ci ilə kimi xidmətdə olmağını xx.xx.2013-cü il tarixli, 126 №-li arayışı ilə təsdiq edib. (Notarial qaydada təsdiq edilən arayış əlavə olunur). Eyni zamanda qanunvericiliyin tələbinə görə, zabitlərin ehtiyatda xidməti də xidmətə aiddir və zabitlərin xidməti NK-nın xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 2ci bəndinin son abzasına əsasən, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Xidmət ilinin düzgün olmayan hesablama ilə güzəştlə 4 ildən çox olması təsbit olunub. 2-5 il arası xidmətə görə faiz əlavəsi isə 10 faiz müəyyən olunub. Ona isə 1993-cü ildən 10 faiz əlavə hesablanmaq əvəzinə, 2007-ci ildən 5 faiz əlavə hesablanır. Faiz əlavəsinin təqvimi ilinə əsasən hesablandığı bildirilir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Qərarında təsbit olunub ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə pensiya təyin olunmuş şəxslərə xidmətin güzəştli hissəsi tətbiq edilməlidir. İddiaçının pensiyası, təminatını qərəzlə, cinayətkar saxtalıqla düz hesablamırlar, heç bir güzəştini tanımırlar, ona qarşı faktiki düşmən münasibəti sərgiləyirlər. Müraciətləri obyektiv cavablandırılmır, müdafiə nazirinin, DİN-in ona aid olmayan əmrləri Qanundan, Prezident Fərmanından, NK Qərarından üstün tutulur. Konstitusiyanın 149-cu maddəsinə görə, qanunun, prezident fərmanının, NK qərarının icrası və tətbiqi məcburidir. Konstitusiya ilə təminat verilən bərabərlik, sosial təminat, şərəf və ləyaqətin müdafiəsi, müraciət etmək, inzibati və məhkəmə təminatı, hüquqi yardım, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququm kobud pozulur. Cavabdeh Prezident, Ali Baş Komandana müraciətinə görə ondan - özünün 1-ci dərəcəli Qarabağ əlilindən 30 (otuz) milyon "şərəfhaqqı" tələb edir, təminatını ən aşağı zabit vəzifə maaşına uyğun hesablayır, məlum olur ki, heç ona mülki, sıradan vəzifə də yazılmayıb, 3 il qabağa kimi vəzifə maaşı cəmi 390 manat olub, halbuki bu maaş döyüşçü əsgərin maaşından da 3 dəfə azdır. Cavabdeh o qədər qərəzlidir ki, məhkəmə təminatı, hüquqi yardım hüququna qadağa qoymağa özünə Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü X1, 2022-ci ildən aparat rəhbəri X2 vəkil tutub; bu vəkillər də etibarnaməsi, hüquqverici sənədi olmadan məhkəmə işlərinə çıxır, özünü "DİN-in vəkili və səlahiyyətli nümayəndəsi" kimi təqdim edib, işə mahiyyəti üzrə baxılmasına imkan vermirlər, saxta iddianın mümkün sayılmaması haqqında qərardadı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi kimi tərtib etdiririb, inzibati və məhkəmə müdafiəsi hüququna qadağa qoydururlar. DİN-də, ölkənin ən əsas hüquq mühafizə orqanında vəkil ştatı var? Heç bir dövlət orqanı, xüsusilə ittiham, istintaq orqanı olan DİN sıradan vətəndaşa, özünün 1-ci dərəcəli Qarabağ əlilinə qarşı vəkil tuta bilməz, bu Konstitusoyaya ziddir, dövlətin hüquqi, demokratik adına ləkədir. Konstitusiyanın 12-ci maddəsinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını qorumaq, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etməkdir. Cavabdeh isə DİN-in 1-ci dərəcəli Qarabağ əlilini hüququnu tələb etdiyinə, məhkəməyə, Prezidentə müraciət etdiyinə görə təqib edir, sosial, pensiya təminatını mənimsəyir, məhkəməyə də sifariş verib, məhkəmə müdafiəsinə qadağa qoydurur. 2014- cü ilin 14 iyununda, 2024-cü ilin 22 fevralında, 2025-ci ilin 08 yanvarında DİN rəhbərlərinin, cənab nazirlərin qəbulunda olmaq hüququndan yararlanıb, pensiyanın, təminatının qərəzlə düz hesablanmamasından şikayət etmişdir. Nazir müvafiq göstərişlər versə də, yenə də MPİ və DQ qərəzindən əl çəkmir, saxta cavablarla Konstitusiyanı, qanunu, Prezident Fərmanını, NK qərarlarını, DİN rəhbərliyinin göstərişini icra etmir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Siz DİN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsinin bölük komandirinin müavini vəzifəsindən, baş leytenant rütbəsi ilə 18 iyun 1993-cü il tarixində xəstəliyinizə görə DİOdan xaric edilmisiz. Xidmət müddətiniz təqvimi hesablama ilə 1 il, 5 ay, 29 gün, imtiyazlı hesablama ilə 4 il, 15 gün təşkil etmişdir. Xaric olunduğunuz tarixə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı 1-ci əlillik qrupunuz nəzərə alınmaqla Sizə pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixədək Daxili İşlər Nazirliyi tərəfindən ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir. Filialdan aldığımız şifahi məlumata əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Sizin pensiya təminatınız hazırda: 771,70 manat aylıq pul təminatınızın (vəzifə maaşı - 530,0 manat, rütbə maaşı — 144,0 manat, xidmət illərinə görə 5 faiz əlavə — 33,70 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,0 manat.) 100 faizi hesabı ilə 771,70 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində əmək pensiyaçılarına verilən 10 faiz məbləğində əlavə maddi yardım, xx.xx.2023-cü il tarixdən orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 14,7 faiz, xx.xx.2024-cü il tarixdən 11,2 faiz, xx.xx.2025-ci il tarixdən 8,1 faiz indeksləşdirilərək yeni hesablama qaydasına görə 1.170,39 manat təşkil edir. Təminat xərcliyiniz sonuncu xidmət etdiyiniz vəzifə üzrə hesablandığı baxımından əmək pensiyanızın yenidən hesablanması üçün heç bir əsas yoxdur. Müraciətinizdə qaldırdığınız digər məsələlərlə bağlı bildiririk ki, DİN-in Daxili Qoşunlarının Baş İdarəsindən alınmış məlumatlara əsasən Azərbaycan Respublikasının Daxili İşlər nazirinin xx.xx.2007-ci il tarixli 015 nömrəli əmri ilə hərbi qulluqçunun geyim attestatı və geyim cədvəlinin təminatdan çıxarıldıqdan sonra 3 il müddətində saxlanıldığı baxımından məhv edildiyini nəzərə alaraq, Sizin hansı geyim əmlakı ilə təmin edilmənizi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.1993-cü il tarixli 249 nömrəli əmrinə əsasən təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 236-cı maddəsinin “q” bəndinə əsasən həqiqi hərbi xidmətə sonuncu dəfə çağırıldıqdan (təyin olunduqdan) sonra bir il xidmət etməmiş hərbi qulluqçulara işdənçıxma müavinəti ödənilmir. Sizin DİN-in Daxili Qoşunlarında xidmət müddəti xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək təqvimi hesablama ilə 4 ay, 18 gün təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş DİNin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlama yeri və müddəti haqqında siyahının 9.4.22-ci bəndinə əsasən xidməti ezamiyyət və məzuniyyət üzrə yazışmalar bir il müddətində saxlanılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddətinin 10 (on) il təşkil etməsi səbəbindən yuxarıda qeyd olunan tələblərin təmin edilməsi qeyri-mümkündür. Sığorta məsələləri, eləcə də sanatoriya-kurort göndərişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid olduğundan həmin Nazirliyə müraciət etməniz məqsədəmüvafiq olardı.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı birdəfəlik kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, vurulmuş ziyana görə cavabdehdən iddiaçıdan tələb etdiyi 30 milyon manatın 0,5 faizi həcmində 150 min manat tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə xidmətdən xaric edilməsi ilə əlaqədar müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, iddia ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Qeyd edilməlidir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə kollegiyası iddia tələbinin pensiyanın yenidən hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin belə bir səlahiyyəti yoxdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə əsasən:

1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya hüquqi yardım göstərilərək pensiyanın yenidən hesablanması ilə bağlı müraciətin pensiyanı təyin edən orqana yönəldilməli olduğu bildirilsə də, iddiaçı tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar