Məhkəmə qərarları › İş №2-1(103)-3884/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3884/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3884/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6530/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X4 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Oğlu, X5, “leytenant” hərbi rütbəsində Beyləqan rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci il İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, fərqləndiyinə görə “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə təltif olunmuşdur. 2021-ci ildə “mayor” hərbi rütbəsi almışdır. Döyüş əməliyyatları bölgəsində yerləşən N saylı hərbi hissədə əvvəlcə tabor komandiri, sonra isə qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində xidmət etmişdir. 2022-ci il iyun ayının 17, N və 19-da hərbi hissə komandirinin müvafiq əmrinə əsasən Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş əsgər V.E.Şəkərzadəni Qusar rayonunda yerləşən intizam xarakterli N saylı hərbi hissəyə təhvil vermək üçün N günlük ezamiyyətə göndərilmişdir. Əsgər V.E.Şəkərzadəni Qusar rayonunda yerləşən intizam xarakterli N saylı hərbi hissəyə təhvil verdikdən sonra 19 iyun 2022-ci il tarixdə xidmət etdikləri hərbi hissəyə qayıdan zaman Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 166,5-ci km-də onların avtomobili "xxxx" MMC-yə məxsus “Man CS 41.400” markalı yanacaq çəni tipli **-OY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, avtomobil qəzası nəticəsində oğlu Yuçif Məmmədli və leytenant Fuad Nəsibov xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşlar. Oğluna “şəhid” statusu verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncu əsasız olaraq “şəhid” statusu verilməsindən imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “...Mərhum mayor X5 2006-2022-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, 19 iyun 2022-ci il tarixində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində avtoqəza nəticəsində vəfat etdiyi üçün Müdafiə nazirinin 15 iyul 2022-ci il tarixli, 0586 nömrəli əmri ilə 19 iyun 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. Məhkəmə tərəfindən iddia olunan məsələyə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin tələbləri və mərumun 19 iyun 2922-ci il tarixdə Kürdəmir rayonunun Şığırlı kəndi ərazisində avtoqəza nəticəsində vəfat etdiyi nəzərə alınmaqla İPM-in 58.7-ci maddəsinin tələbi qaydasında qiymət verilməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6530/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Konstitusiyasını və A qüvvədə olan hərbi qaunvericiliyini səhv təfsir etmiş, oğluna “şəhid” statusu verməli olduğu halda, imtina etmişdir. Halbuki, oğlu döyüş şəraitində olan hərbi hissədə xidmət etmiş, həmin hərbi hissədə alay (briqada) bölmələrinin idarə olunmasının təşkili və saxlanması; alayın (briqadanın) döyüşə və səfərbərliyə hazırlığı; alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılması; qərargahın və alayın (briqadanın) idarə edilməsini təmin edən bölmələrin hazırlanması; qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamı və tərbiyəsi; alayın (briqadanın) şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyəti kimi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Çünki, döyüş təminatı (əməliyyat təminatı) dedikdə - qoşunların (qüvvələrin), silahların və hərbi texnikanın istifadəsi üçün əlverişli şərait yaratmaq məqsədi ilə bütün növ əməliyyatlarda (o cümlədən döyüş əməliyyatlarında) planlaşdırılan, təşkil edilən və həyata keçirilən, habelə düşmənin qoşunlarından (qüvvələrindən) və silahlarından istifadənin effektivliyini azaldan tədbirlər kompleksidir. Hərbi (döyüş) əməliyyatlarının dəstəklənməsinin tərkib hissəsidir. Döyüş təminatının bütün növləri alay, hərbi hissə(birlik) komandirinin qərarı əsasında təşkil edilir və həyata keçirilir. Döyüş təminatının bütün növlərinin əsas təşkilatçısı alayın (birliyin, hərbi hissənin) qərargahı hesab olunur. Odur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən Müdafiə Nazirliyinin üzərinə nazirliyin N nömrəli hərbi hissəsinin qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi mərhum mayor oğluna “şəhid” statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbinin qanuni və əsaslı olmasına baxmayaraq təmin etməmişdir. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli e-2-1(112)- 6530/2024 nömrəli qərarı apellyasiya qaydasında ləğv edilərək, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir (Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının hazırkı öhdəliyin icrası haqqında iddia tələbindən göründüyü kimi, avtomobil qəzasında həlak olan oğlu, mayor X4 “Şəhid” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişldir. İş materiallarında olan sənədlərə (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışa, xx.xx.2022-ci il tarixli ezamiyyət vərəqinə, Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0586 nömrəli əmrindən çıxarışa və 29 iyun 2022-ci il tarixli ölüm şəhadətnaməyə) əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixdək xidmət etmiş, mayor hərbi rütbəsində və Qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi xidməti vəzifəsində olmuş X5 - N nömrəli hərbi hissə komandirinin sərəncamı əsasında xidməti zərurətlə əlaqədar N gün müddətinə, 17 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək N nömrəli hərbi hissəyə (Qusar rayonu) ezam edilmiş, ezamiyyətdən qayıdarkən 19 iyul 2022-ci il saat 10:15 radələrində Kürdəmir rayonu Sığır kəndi ərazisində avtoqəza nəticəsində aldığı "Baş beynın diffuz travması” nəticəsində hadisə yerində ölmüşdür. Konkret halda, iddiaçı tərəfindən mübahisələndirilir ki, oğlu Yusif Məmmədli döyüş şəraitində olan hərbi hissədə xidmətdə olarakən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğu nəzərə alınmaqla ona cavabdeh orqan tərəfindən şəhid statusunun verilməməsi qanunsuzdur. Aşağıdakıara görə məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n 1.2.6-cı yarımbəndinə əsasən: - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, kimlərə ki şəhid statusu verilir, həmin şəxslərin bitmiş siyahısı konkret olaraq sadalanmışdır. Həmin əsaslar sırasında yol-nəqliyyat hadisəsi nəticəsində həlak olma şəhid statusu verilməsinə bərabər tutulan hal kimi nəzərədə tutlmamışdır. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallardan isə göründüyü kimi, mərhum hərbi qulluqçu Yusif Məmmədli yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Yəni, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar və döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamışdır. Belə olan halda, mərhum mayor X3 “Şəhid” hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilən əsaslar olmadığından, ona şəhid stasu verilməsi barədə iddiaçının hazırkı tələbi təmin edilə bilməz. İşə baxan birinci instansiyası da, məhz, əsaslı olaraq öz qərarında belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər sırasına aid olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından mayor X3 vəfat etməsi avtoqəza nəticəsində baş verdiyindən, qeyd olunan qanunvericiliyin tələbləri ona şamil oluna bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi mübahisəni həll edərkən, maddi və prosessual hüquq normalarını pozduğunu, iddia tələbinin qanuni və əsaslı olmasına baxmayaraq, əsasız olaraq iddianın rədd edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6530/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6530/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar