Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3884/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “yerli vergilər üzrə bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5062/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə (bundan sonra mətndə M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus əmlaka və torpaq sahəsinə görə yaranmış 284,73 manat məbləğində borcun M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi barədə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 oktyabr 2024-cü il tarixli, 12/68-06 saylı qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 oktyabr 2024-cü il tarixli, 12/68-06 saylı Qərarı ilə ünvan 2 ünvanında yerləşən ona məxsus əmlaka və torpaq sahəsinə görə yaranmış 284,73 manat məbləğində borcun M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin (Bələdiyyənin) 31 oktyabr 2024-cü il tarixli, 12/68-06 saylı Qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Bələdiyyənin TV-10xx-xx-4197 saylı tədiyyə bildirişi ilə ona bildirilmişdir ki, 2024-cü il üçün ona bələdiyyəyə 80,74 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Bununla razılaşaraq tərəfindən 23 oktyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzi ilə bələdiyyənin büdcəsinə 81 manat məbləğində pul könüllü olaraq ödənilmişdir. Lakin Bələdiyyənin həmin tədiyyə bildirişi ilə ona o da bildirilmişdir ki, guya ötən dövrlər üzrə onun bələdiyyəyə 242 manat 22 qəpik məbləğində vergi borcu və 103 manat 14 qəpik faiz borcu olmaqla ümumi olaraq onun bələdiyyəyə 345 manat 36 qəpik məbləğində vergi borcu vardır. Bununla razılaşmayaraq o bələdiyyənin sədr müavinin qəbulunda olmuş və razılıq verilərək xahiş etmiş, 242 manat 22 qəpik məbləğində vergi borcu və 103 manat 14 qəpik faiz borcu olmaqla ümumi olaraq onun bələdiyyəyə 345 manat 36 qəpik məbləğində vergi borcun hansı dövr ərzində yaranmasını bildirərək, həmin dövr ərzində tədiyyə bildirişlərinin verilməsini təsdiq edən həmin bildirişlərin kötükləri ona təqdim edilmişdir. Lakin Bələdiyyənin əməkdaşları 345 manat 36 qəpik məbləğində həmin vergi borcunun olmasını əsaslandıra bilməmişlər. Bələdiyyənin 31 oktyabr 2024-cü il tarixli, 12/68-06 saylı qərarında da guya onun bu səfər, 284,73 manat məbləğində vergi borcunun olması bir rəqəm olaraq göstərilmiş, lakin bu səfər də həmin vergi borcu açıqlanmamış və heç bir sənədlə əsaslandırılmamışdır. II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “yerli vergilər üzrə bələdiyyə qərarın ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir.
4. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
IV. Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
V. Tədqiq olunan sənədlər:
8. - M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03/890 №-li məktubunda göstərilmişdir ki, “... Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1 -ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq) vergitutma obyekti sayılır. Bu Məcəllənin 200.1-ci və 200.6-cı maddələrində göstərilir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri də vergitutma obyekti sayılır. Məcəllənin 208.1- ci və 208.6-cı maddələrinin tələbinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsbiq edən sənədlər əsasında müəyyənləşdirilir, tikililərin və qurğuların altında olan torpaqlara həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur və vergi yerli (bələdiyyə) büdcəyə ödənilir. Odur ki, ünvan 3 ünvanında mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinə və torpaq sahəsinə görə bələdiyyənin “Yerli vergilər və ödənişlər şöbəsi”ndə adın yeni yerli vergi ödəyici kodu açılmış və hesablamalar aparılmışdır. Hesablanmış əmlak, torpaq vergisi bələdiyyənin büdcəsinə ödənilmədiyindən, onun bələdiyyəyə cari 2024-cü ilin 15 avqust tarixinədək 282.59 (iki yüz səksən iki manat, 59 qəpik) manat vergi borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş müddətdə bələdiyyə büdcəsinə ödənilmədiyindən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ona ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır. Hesablanmış faizin məbləği 103.14 (bir yüz üç manat, 14 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğu binaya və torpaq sahəsinə görə hesablanmış vergini ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ondan tələb edilmişdir ki, qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak, torpaq vergisi və faiz üzrə cari 2024-cü ilin 15 avqust tarixinədək yaranmış 385.73 (üç yüz səksən beş manat, 73 qəpik) manat borcunu 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etsin. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlakının üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı bildirilmişdir. - TV-10xx-xx-4197 №-li “Tədiyyə bildirişi”ndə göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2024-cü il üçün 80.74 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti. 2024-cü il 15 avqust tarixədəki – 40 manat, 37 qəpik; 2024-cü il 15 noyabr tarixədək – 40 manat, 37 qəpik. Ötən dövrlər üzrə vergi borcu: 242 manat, 22 qəpik; Faiz məbləği: 103 manat, 14 qəpik. - M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12/68-06 №-li Qərarında göstərilmişdir ki; ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə onun vergi borcu yaranmışdır. Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaş İddiaçı tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, vətəndaş Binəqədi rayonu. M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış 284,73 (iki yüz səksən dörd manat, 73 qəpik) manat əmlak, torpaq vergi borcunu ödəməkdən yayınır. Bununla da vətəndaş İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11, 16, 77 və 200.5, 200.6, 208.5, 208.6-cı maddələrinin, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 maddəsinin və 5-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanları və 21 oktyabr 2005-ci il tarixli, 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 6.1.8-ci maddələrini rəhbər tutaraq vətəndaş İddiaçı (şəxsiyyət vəsiqəsi FİN xxxxxxx) Bakı şəhəri ünvan 5 ünvanında yerləşən, ona məxsus əmlaka və torpaq sahəsinə görə yaranmış 284,73 (iki yüz səksən dörd manat, 73 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır: - İddiaçıya ünvanlanmış M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/1174 №-li məktubunda göstərilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 2-ci döngə, 7 ünvanında mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış vergi borcunun ödətdirilməsinə dair “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən bələdiyyə tərəfindən barənizdə 12/68-06 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati akt (qərar) qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən bələdiyyənin sözügedən qərarı məlumat üçün göndərilir. - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla məhkəməyə mübahisələndirilən qərarın ləğv olunmasına əsas olmuş sənədlər təqdim olunmaqla yanaşı, göstərilmişdir ki, bələdiyyənin xx.xx.2024-cü il tarixli 12/68-06 saylı qərarı üzrə vətəndaş İddiaçı əsas borcməbləği ötən 3 ili (xx.xx.2021-xx.xx.2024) əhatə etməklə 242,20 manat, faiz məbləği isə 42,53 manat təşkil edir. - Məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarış barədə məlumat cədvəlindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan yaşayış sahəsi (fərdi yaşayış evi) 224 kv. metr, torpaq sahəsi isə 0,11684 kv. metr təşkil edir.
Əsaslandırıcı hissə
VI.Tətbiq olunan hüquq
9. “Bələdiyyələtin statusu haqqında” Qanun: ... Maddə 2. Əsas anlayışlar. 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər ... 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. ... 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: ... 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; ... Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.
10. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): ... Maddə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir. … Maddə 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. ... Maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). ... 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. ...
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. ... 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. ... 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyrirezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
12. “İnzibati icraat haqqında” Qanunun: 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ... Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
VII. Məhkəmənin mövqeyi
13. Hazırkı işin hallarından görünür ki, cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 oktyabr 2024-cü il tarixli, 12/68-06 saylı Qərarı ilə ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus əmlaka və torpaq sahəsinə görə 284,73 manat məbləğində vergi məbləği hesablanmış, bu barədə iddiaçıya bildiriş göndərilsə də, sonuncu tərəfindən müvafiq ödəniş həyata keçirilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
15. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan inzibati aktı qəbul etməzdən əvvəl müvafiq olaraq tələbnamə, həmçinin də yerli (bələdiyyə) büdcəyə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tədiyyə bildirişi tərtib etmiş, tədiyyə bildirişində yaranmış borcun yaranmasına əsas olan halları və əhatə etdiyi dövrü göstərmiş, həmin tədiyyə bildirişini əmlakın yerləşdiyi ünvana göndərmiş və poçt xəbərnaməsinə əsasən həmin sənəd çatdırılmışdır. Son olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli iclasda həmin məsələyə baxılmış, torpaq sahəsinə və əmlaka görə yaranmış 284,73 manat məbləğində borcun İddiaçı tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati akt iddiaçının ünvanına göndərilmiş, poçt xəbərnaməsinə əsasən həmin sənəd çatdırılmışdır
16. Göründüyü kimi cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraatı düzgün aparmış, inzibati aktı qəbul etməzdən əvvəl tələbnaməni və tədiyyə bildirişini iddiaçının ünvanına göndərmiş, eyni zamanda şəxsin dinləmək hüququnun təmin edilməsi istiqamətində tədbirlər görmüşdür ki, göstərilən bu halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsaslı qəbul edildiyini göstərir.
17. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5- dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı şəhərində - 0,4 manat 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu 10000 m²- dək olan torpaqlar – 0,6 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərinin 12 zonası üzrə əmsallar tətbiq edilmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həm torpaq vergisi, həmçinin də əmlak vergisinin məbləği düzgün hesablanmışdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərinin 12 zonası üzrə əmsallar tətbiq edilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar-a və həmin əmsallara əlavəyə əsasən yaşayış sahəsinin yerləşdiyi zona 10-cu zona olmaqla 0,80 əmsal tətbiq edilir.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
22. Eyni zamanda məhkəmə hesablanmış faiz borcuna münasibətdə də qeyd edir ki, cavabdeh inzibati orqan haqlı olaraq ödənilməmiş vergi borclarına görə faiz məbləği hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin normasına görə dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
23. Göründüyü kimi cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanaraq vergilərin ödənilməməsini əsas götürmüş və əsaslı olaraq əlavə faiz məbləği hesablamışdır. 24.
25. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
Nəticə hissəsi
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.