Məhkəmə qərarları › İş №2-1(103)-3885/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3885/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3885/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2664/2023 saylı 18 sentyabr 2024-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1296 saylı sərəncamına əsasən Salyan şossesi, 32 ünvanında yerləşən 200 kv. metr torpaq sahəsinin mərhum anası X4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail rayonu, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1296 saylı sərəncamına əsasən Salyan şossesi, 32 ünvanında yerləşən 200 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2664/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Səbail rayonu, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1296 saylı sərəncamına əsasən Səbail şossesi, 32 ünvanında yerləşən 200 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2- 1(103)-23851/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsində 3-cü şəxs qismində cəlb olunmuş X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlbetməsi ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2- 1(103)-3851/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı “çıxarışın” sözü istisna edilməklə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1195/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3851/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli məktubu ilə məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-2664/2023 nömrəli qərarı icra olunması üçün DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən ərizə verilərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2664/2023 nömrəli qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İdarəyə daxil olmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2664/2023 nömrəli qərarının icra edilib məlumat verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2664/2023 nömrəli məktubu ilə bağlı aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, idarənin mütəxəssisləri tərəfindən qeyd edilən torpaq sahəsinə texniki baxış keçirilən zaman iddia olunan torpaq sahəsi deyil, həmin sahədən 10 metr aralı məsafədə yerləşən torpaq sahəsinin göstərildiyi məlum olmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2664/2023 nömrəli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2664/2023 saylı 18 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmiş və sözügedən qərardadın ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə məlumatlandırılmasına baxmayaq 3-cü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, iş üzrə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan Səbail bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 200 kv. metr torpaq sahəsinin vət. Ə.Y.Əkbərovanın adına sənədləşdirilməsi barədə” 1296 №li 30 dekabr 2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2004-cü il tarixli iclasının 68 saylı protokoluna əsaslanaraq, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 200 kv. metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X4 adına sənədləşdirilməsi; Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. Ə.Y.Əkbərova ilə Səbail Bələdiyyəsi arasında alqısatqı aktının tərtib olunması qərara alınmışdır. Səbail bələdiyyəsi ilə X10 arasında imzalanmış “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, bələdiyyə ərazisində 200 kv. metr torpaq sahəsinin satılması barədə 2004-cü il 30 dekabr tarixli 1296 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X10 tərəfindən 140 manat haqq ödənilmişdir. (Qəbz № 169753). Səbail qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251349 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 29 iyul 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 08-ci ayının 11-ci günündə 308 nömrə ilə qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontoru tərfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 29 iyul 2015-ci ildə ölmüş X4 vərəsəsidir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 fevral 2023-cü il tarixli 3-35-1/2-299/2023 №li məktubu ilə məhkəməyə təqdim Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 fevral 2023-cü il tarixli 3-35-1/2-299/2023 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ə.Y.Əkbərovaya ünvanlanmış xx.xx.2007-ci il tarixli 18/03-8/2976 nömrəli məktubunun surətindən görünür ki, sonuncuya ona ayrılmış torpaq sahəsində fərdi ev tikintisinə dair rəy verilməsi barədə müraciətinə İdarədə baxıldığı, ayrılmış torpaq sahəsinin NQÇİ-nin ərazisi olduğundan xahişinin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********49 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, “Bakı şəhəri Səbail bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 200 kv. metr torpaq sahəsinin vət. Ə.Y.Əkbərovanın adına sənədləşdirilməsi barədə” 1296 № li 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə mərhum X5 ayrılmış Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 200 kv. metr torpaq sahəsinə dair təqdim edilmiş planda istinad və məsafələr göstərilməmişdir. İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən şərti sərhədli torpaq sahəsi Səbail rayonu inzibati ərazi vahidinin hüdudları daxilində dövlət mülkiyyətində olan ərazidə yerləşir. İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi 200 kv. metr torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ARDNŞ-nin daimi istifadəsinə verilmiş ərazilərdən kənarda yerləşir. Bakı şəhəri Səbail bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 200 kv. metr torpaq sahəsinin vət. Ə.Y.Əkbərovanın adına sənədləşdirilməsi barədə” 1296 № li 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə mərhum X5 ayrılmış Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 200 kv. metr torpaq sahəsinə dair təqdim edilmiş planda istinad və məsafələrin göstərilməməsi səbəbindən faktiki vəziyyətdə göstərilən şərti sərhədli torpaq sahəsi ilə uyğunluq təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən Şərti sərhədli torpaq sahəsinin faktiki ölçüsü 200 kv.m təşkil edir və hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.” İşə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 10/4738 saylı ekspert rəyi də DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********49 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyinin məzmununa uyğun olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının iddiası təmin olunmuş və bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Hazırki vəziyyətdə cavabdeh qurum məhkəmə qərarının icrasının mümkün olmadığını bildirir və ərizə verərək icraatın yeni açılmış hallarla bağlı təzələnməsini istəyir, belə ki, göstərir ki, iddia olunan torpaq sahəsi deyil, həmin sahədən 10 metr aralı məsafədə yerləşən torpaq sahəsinin göstərildi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Cavabdehin ərizəsində hazırki inzibati işdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas dəlil kimi- idarənin mütəxəssisləri tərəfindən qeyd edilən torpaq sahəsinə texniki baxış keçirilən zaman iddia olunan torpaq sahəsinin deyil, həmin sahədən 10 metr aralı məsafədə yerləşən torpaq sahəsinin göstərildiyinin məlum olması qeyd edilir. Lakin iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş X11 tərəfindən faktiki göstərilən torpaq sahəsinin yerləşməsinə dair koordinatı və sxemi aşağıdakı qaydada göstərilmişdir: X=397518.8946 Y=4463573.0168 X=397525.7921 Y=4463602.2131 X=397545.2563 Y=4463597.6147 X=397538.3588 Y=4463568.4184 Belə olan halda cavabdeh qurum inzibati məhkəmə icraatında müəyyən edilmiş koordinatlar üzrə müvafiq çıxarışın verilməsi vəzifəsini daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətinin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2664/2023 saylı 18 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2664/2023 saylı 18 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar