Məhkəmə qərarları › İş №2-1(103)-3886/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3886/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3886/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ İş № 2-1(103)-3886/2023 (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 05 dekabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. - İddiaçının AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1961-cı il tarixdə doğulmuşdur.

2. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-37851/2023 saylı imtina məktubu ilə iddiaçıya etirazda göstərilənlər bildirilmişdir.

3. - “Azneft” İB “X5” İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-1-9/2- 15/2023 nömrəli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə keçmiş “Azqaznəqliyyat” İstehsalat Birliyinin (indiki “X5” İdarəsi) X9 Saxlama stansiyasında neft və qaz çıxarma üzrə operator, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1999-xx.xx.2009cu illərdə həmin stansiyanın rəisi vəzifəsində işləmişdir. İşlədiyi peşənin (N və QÇ üzrə operator) güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və sair neft-mədən avadanlığının fasiləsiz işinin təmin edilməsi. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında boru kəmərlərinin, texnoloji avadanlığın kipliyə yoxlanması, quyuların sınanmasında və qoyulmuş rejimə çıxarılmasında iştirak etmək. Qurğuların, mexanizmlərin, komunikasiyaların və yerüstü mədən avadanlığının qurulması, sökülməsi, texniki təminatı və təmiri. Mədən kommunikasiyalarda hidrat birləşmələrinə, parafin, qətran, duz çökməsinə qarşı profilaktik tədbirlərin aparılması və bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi reagentlərin hesablanıb müəyyən edilməsi. İşlədiyi vəzifənin (sahə rəisi) güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: X5 idarəsi tərəfindən qazın vurulması və götürülməsi haqda təyin olunmuş proqnozları yerinə yetirmək. X5 idarəsinin balansında olan avadanlıq və qurğuları fasiləsiz etibarlı işləməsini təmin edərək qazın vurulmasını və götürülməsinin fasiləsizliyini təmin etmək. X5 idarəsinin istehsalat fəaliyyətinə, sahələrin və ayrı-ayrı mütəxəsislərin istehsalat fəaliyyətlərinə rəhbərlik etmək. Qazsaxlama sahəsinin, el.avadanlıqlarının, mədən xidmətinin, qaz quyularının və başqa mühəndis texniki qurğuların etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 10.2 bəndinə əsasən (“Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi”) təsdiq edilmiş bu vəzifə güzəştli sayılır. Zərərli amil: səs-küy. dBA. titrəmə Db ümumi. Güzəştli iş ştajı: 13 il 10 av 23 gün taskil edir. Arayış AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir.”

4. - “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1/2-749/2023 nömrəli məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, “Sizin SOCAR-a ünvanladığınız sorğu 10 aprel 2023-cü il tarixdə “Azneft” İstehsalat Birliyinə daxil olmuş və müəssisəmizin aidiyyəti mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, sorğu məktubuna əlavə etdiyiniz X5 İdarəsi tərəfindən İddiaçı verilən 14-2-1-9/2-15/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış”dakı və şəxsə məxsus olan İ4T-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, o X5 İdarəsinin Qaradağ qaz saxlama sahəsində (əvvəlki “Azqaznəqliyyat” X3 X10 stansiyası) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək neft və qaz çıxarma üzrə operator, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək dispetçer, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək QKS-nin (Qaz kompressor stansiyası) rəisi, X9saxlama sahəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il taixədək baş mühəndis və xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Qaradağ qazsaxlama stansiyanın (sahəsinin) rəisi, Qaradağ qazsaxlama sahəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək sahə rəisi vəzifəsində işləyir. Məlumat üçün bildiririk ki, “Azneft” İB-nin təşkilati strukturuna daxil olan X5 İdarəsinin (QAİİ) əsas fəaliyyət istiqaməti yay mövsümündə neft və qaz yataqlarından hasil olunan qazın tələbatdan artıq hissəsinin qaz kompressor stansiyalarında sıxılaraq saxlanması üçün mövcud quyular vasitəsi ilə yeraltı qaz anbarlarına vurulması və qış mövsümündə həmin qazın götürülərək (hasil edilərək) istehlakçı təşkilatlara verilməsini təmin etməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci yarımbölməsi “Neft, qaz və qaz kondensatının hasilatı" adlandırıldığı üçün QAİİ-nin yeraltı qaz anbarlarına qazın vurulması, saxlanması və həmin qazın anbarlardan götürülüb istehlakçı təşkilatlara verilməsini yerinə yetirən işçilərə şamil edilmirdi. Yeraltı qaz anbarlarında qazsaxlama sahəsində işləyən işçilərin yerinə yetirdikləri işlərin xüsusiyyətlərinin neft və qazçıxarma sahəsində işləyən işçilərin işinə oxşar olduğunu nəzərə alaraq, siyahının 10.2-ci yarımbölməsinin adında dəyişiklik edilməsi üçün SOCAR və “Azneft” İB tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli 451 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dəyişiklik edilməsi barədə" qərarı ilə həmin siyahının 10.2-ci yarımbölməsinin adında dəyişiklik edilərək “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlandırılmışdır. Siyahının 10.2-ci yarımbölməsinin adında qeyd edilən dəyişiklik aparıldıqdan sonra yeraltı qaz anbarlarında qazın saxlanması işlərinin icrasında məşğul olan işçilərə, yəni QAİİ-nin Qazsaxlama sahələrinin müvafiq (10.2) yarımbölmədə qeyd edilən peşə və vəzifələrdə işləyən işçilərinə də şamil edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarla dəyişiklik edildikdən sonra, İddiaçı Qaradağ qazsaxlama sahəsində (əvvəlki X9saxlama stansiyası) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (01 il 07 ay 29 gün) işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə həmin siyahının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi ilə xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi (09 il 10 ay 23 gün) Qaradağ qazsaxlama stansiyanın (sahəsinin) rəisi vəzifəsi isə həmin yarımbölmədə nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri" vəzifəsi ilə eynilik təşkil edir.”

5. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1980xx.xx.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

6. - İddiaçıya məxsus xx.xx.1979-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək neft və qaz çıxarma üzrə operator, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək dispetçer, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək QKS-nin (Qaz kompressor stansiyası) rəisi, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X9saxlama sahəsində baş mühəndis və xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Qaradağ qazsaxlama stansiyanın (sahəsinin) rəisi, xx.xx.2009-cu il tarixdən hal-hazıradək Qaradağ qazsaxlama sahəsində sahə rəisi vəzifəsində işləyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.1984-xx.xx.1986-cı illərdə “Azqaznəqliyyat” X3 X10 stansiyasında neft və qazçıxarma üzrə operator, xx.xx.1993-xx.xx.1995-ci, xx.xx.1999-xx.xx.2009-cu illərdə həmin stansiyanın rəisi vəzifələrində işləmişdir. İddiaçının güzəştli iş stajı 13 il 10 ay 23 gün təşkil edir. “Azneft” İB “X5” idarəsi tərəfindən verilmiş arayışdar görünür ki, işlədiyi peşə (neft və qaz çıxarma üzrə operator) və vəzifə (sahə rəisi) xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 10.2-ci bəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı sahəsi) güzəştli sayılır. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə, tələb olunan 12 il 6 aydan çox güzəştli və 25 ildən çox ümumi iş stajına malikdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin 24 fevral 2023-cü il tarixli məktubu ilə ona imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

9. Cavabdehin etirazında göstərilmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q37851/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 2007-ci iİ tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi”nin (10) “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması” bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi SOCAR-ın “Azneft” İB “X5” İdarəsinin 11 yanvar 2023-cü il tarixli 14-2-1- 9/2-15/2023 nömrəli arayışında onun 20.04 1993-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək adıçəkilən müəssisənin X9 Saxlama stansiyasında stansiya rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan neft, qaz və qaz kondesatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə vasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan qanunvericiliyin normalarına görə iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır.

12. İşdə olan iddiaçıya aid sənədlərdən görünür ki, iddiaçının xx.xx.1984-xx.xx.1986-cı illərdə (01 il 07 ay 29 gün) Qaradağ qazsaxlama sahəsində (əvvəlki X9saxlama stansiyası) işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi təsbit edilmişdir.

13. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci, 21.1-ci, 31.1-ci, 32.1-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-37851/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur.İddiaçının mərkəzi filiala təqdim etdiyi SOCAR-ın “Azneft” İB “X5” İdarəsinin 11 yanvar 2023-cü il tarixli 14-2-1-9/2-15/2023 nömrəli arayışında onun 20 04.1993-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2009- cu il tarixədək adıçəkilən müəssisənin X9 Saxlama stansiyasında stansiya rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2-1(112)-7901/2023 nömrəli qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə iddiaçının iddia tələbini təmin edərkən “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 14-2-1/2-749/2023 nömrəli məktubu və digər sorğulara gələb cavablara əsaslanmışdır. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normalarının (Bu qərarın 19-24-cü bəndləri) təhlili göstərir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır.

30. İşdə olan iddiaçıya aid sənədlərdən görünür ki, iddiaçının xx.xx.1984-xx.xx.1986-cı illərdə (01 il 07 ay 29 gün) Qaradağ qazsaxlama sahəsində (əvvəlki X9saxlama stansiyası) işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi təsbit edilmişdir.

31. Bundan başqa “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1/2-749/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarla dəyişiklik edildikdən sonra, İddiaçı Qaradağ qazsaxlama sahəsində (əvvəlki X9saxlama stansiyası) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (01 il 07 ay 29 gün) işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə həmin siyahının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi ilə, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi (09 il 10 ay 23 gün) Qaradağ qazsaxlama stansiyanın (sahəsinin) rəisi vəzifəsi isə həmin yarımbölmədə nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri" vəzifəsi ilə eynilik təşkil edir.

32. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-37851/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur.İddiaçının mərkəzi filiala təqdim etdiyi SOCAR-ın “Azneft” İB “X5” İdarəsinin 11 yanvar 2023-cü il tarixli 14-2-1-9/2-15/2023 nömrəli arayışında onun 20 04.1993-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək adıçəkilən müəssisənin X9 Saxlama stansiyasında stansiya rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının güzəştli iş stajı işdə olan digər sənədlərlə yanaşı yuxarıda istinad edilmiş “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1/2-749/2023 nömrəli məktubu-arayışı ilə də təsdiqini tapmışdır.

34. Məhkəmə Kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

35. İddiaçı həmçinin xx.xx.1993-xx.xx.1995-ci il tarixlərdə QKS-nin (Qaz kompressor stansiyası) rəisi vəzifəsində işləmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajı 13 il 10 ay 20 gün təşkil edir: xx.xx.1984-xx.xx.1986-cı illərdə SOCAR-ın “Azneft” İB “X5” İdarəsinin Qaradağ qazsaxlama sahəsində (əvvəlki X9saxlama stansiyası) neft və qaz çıxarma üzrə operator - 01 il 07 ay 29 gün, xx.xx.1993-xx.xx.1995-ci illərdə QKS-nin (Qaz kompressor stansiyası) rəisi -13 il 10 ay 20 gün, xx.xx.1999-xx.xx.2009-cu illərdə (09 il 10 ay 23 gün) Qaradağ qazsaxlama stansiyanın (sahəsinin) rəisi vəzifəsi.

36. Beləliklə də iddiaçı göstərilən vəzifələrdə 13 il 10 ay 20 gün gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını toplamışdır.

37. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

38. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

39. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

41. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

42. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87- ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

43. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

44. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

45. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir.

46. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, qanuni və əsaslıdır, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7901/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar