Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3888/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “plan cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RİH başçısının 02 fevral 2005-ci il tarixli 65 saylı sərəncamına (Suraxanı RİH başçısının 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamı) əsasən ona ayrılmış 600 kv. metr torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək, ona verilməsi vəzifəsi öhdəliyinin Suraxanı RİH-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı RİH Başçısının 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün onun əri X4 Bakı şəhəri Zığ qəsəbəsinin şimal şərqində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onun ərinə yerində təhvil verilmiş, lakin həmin torpaq sahəsinin ərinə təhvil verilməsi barədə ayrıc aktı və yerləşmə sxemi təqdim edilməmişdir. Əri 21 fevral 2002-ci il tarixdə vəfat etmiş və Suraxanı RİH Başçısının 02 fevral 2005-ci il tarixli 65 saylı sərəncamı ilə Bakı şəhəri Zığ qəsəbəsinin şimal şərqində 600 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmişdir. O, artıq 30 ilə yaxındır ki, həmin torpaq sahəsini hasara aldıraraq həmin torpaq sahəsindən istifadə etsə də, həmin torpaq sahəsini hal-hazıra qədər özəlləşdirməmişdir. Hal-hazırda o, qeyd edilən torpaq sahəsini özəlləşdirmək istəyir və bunun üçün isə ona torpaq sahəsinin yerləşmə sxemi lazım olacağına görə o, Suraxanı RİH Başçısının 02 fevral 2005-ci il tarixli 65 saylı sərəncamı ilə ona ayrılmış və hal-hazırda onun istifadəsində olan Bakı şəhəri Zığ qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinin yerləşmə sxeminin (cizgisinin) tərtib edilərək ona verilməsi barədə Suraxanı RİH-yə müraciət etmişdir. Suraxanı RİH-nin 22 avqust 2023-cü il tarixli məktubu ilə onun müraciətindən imtina edilmiş, imtinanın əsası kimi İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətinin nəzərdə tutulmaması göstərilmişdir. Göründüyü kimi Suraxanı RİH-nin 02 fevral 2005-ci il tarixli 65 saylı sərəncamı ilə ona 600 kv. m torpaq sahəsinin ayrılmasına, həmin torpaq sahəsinin faktiki olaraq ona verilməsinə və 30 ilə yaxın müddət ərzində torpaq sahəsinin onun tərəfindən istifadə edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin ona ayrılıb verilməsi barədə sxem tərtib edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair yazılı münasibətində (etirazında) göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin, koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair (plan-cizginin) verilməsi” tələbinə dair iddianın mümkün sayılmamasını qanunamüvafiq hesab edirlər. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 65 saylı sərəncamı (Suraxanı RİH başçısının 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamı əsasında) ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsinin şimali şərq hissəsində ayrılmış 600 kv. metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) tərtib olunaraq, verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (plan sxemin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 28 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda, şübhə yaradan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün onun əri X4 ayrılmış Bakı şəhəri Zığ qəsəbəsinin şimal şərqində yerləşən 600 kv.metr torpaq sahəsinə Sərəncama uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (plan sxemin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 28 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. İş materiallarından görünür ki; - Suraxanı RİH Başçısının “Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsi, ev 22, mənzil 132-də yaşayan vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1996-cı il tarixli, 644 №-li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal-şərqində 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. - Suraxanı RİH Başçısının “Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamında dəyişiklik aparılması haqqında” xx.xx.2005-ci il tarixli, 65 №-li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Əhmədli qəsəbəsi, Sarayev küçəsi ev 22, 132 saylı mənzildə yaşayan İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamı ilə mərhum ərinin adına Zığ qəsəbəsinin, şimal-şərqində, fərdi yaşayış evi tikmək üçün ayrılmış 600,0 (altı yüz) kv. m torpaq sahəsinin adına dəyişdirilməsini xahiş etmişdir. Qeyd olunanlar, həmçinin ölüm haqqında şəhadətnaməyə (AZ № 147357.26 mart 2002-cı il tarixli ) əsaslanaraq, Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamının ləğv edilməsi və “Zığ qəsəbəsinin şimal-şərqində 600.0 (altı yüz) kv. metr torpaq sahəsinin İddiaçı istifadəsinə verilsin” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № X- 1237 saylı məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşamış və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsinin ərizəsinə əsasən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhum X2 vərəsəsidir. Vərəsəlik işinin həlli üçün mərhum X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimalşərqində fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinə dair çıxarışı və texniki pasportu sorğunu təqdim edən şəxs vasitəsilə onlara göstərilməsi xahiş olunmuşdur. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Suraxanı RİH-nin 5-20/2-M-202-091/2023 №-li xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. - Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********13 №-li cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Qaraçuxur İNM). Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Torpaq sahəsinin cənub tərəfdən hasarboyu 108 mm-lik orta təzyiqli qaz xətti keçir. İşin faktiki hallarından görünür ki, ilk öncə Suraxanı RİH Başçısının “Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsi, ev 22, mənzil 132-də yaşamış mərhum X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1996-cı il tarixli, 644 №-li sərəncamı ilə iddiaçının mərhum əri vət. X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal-şərqində 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. Daha sonra isə Suraxanı RİH Başçısının “Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamında dəyişiklik aparılması haqqında” xx.xx.2005-ci il tarixli, 65 №-li sərəncamı ilə Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamı ləğv edilərək, Zığ qəsəbəsinin şimal-şərqində 600.0 (altı yüz) kv.metr torpaq sahəsinin İddiaçı istifadəsinə verilsin” kimi oxunması qərara alınmışdır. Hazırda iddiaçı torpaq sahəsinin planı və ölçü sxeminin tərtib edilərək ona verilməsini xahiş edir. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətlərinin nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan qərara yerləşmə cizgisi əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı RİH Başçısının “Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamında dəyişiklik aparılması haqqında” xx.xx.2005-ci il tarixli, 65 №-li sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Zığ qəsəbəsinin, şimal-şərqində, fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı RİH Başçısının “Suraxanı rayon İHB-nın 20 iyun 1996-cı il tarixli 644 saylı sərəncamında dəyişiklik aparılması haqqında” xx.xx.2005-ci il tarixli, 65 №-li sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3888/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3888/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver