Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-389/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Hüseyn-zadə Rəfiqə Abdul qızının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərarından cavabdehin nümayəndəsi Z.Kazımov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə görə hesablanmış 33275,25 manat məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Z.Kazımov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Hüseyn-zadə Rəfiqə Abdul qızı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən Çıxarışa əsasən mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə hesablanmış 33275,25 manat kompensasiya məbləğinin dərhal ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha-dan ibarət 1101 H saylı bağ sahəsi MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin 739,45 kv.metr hissəsi yol tikintisi sahəsinə düşmüşdür. Mülkiyyətində olan topaq sahəsinin sözügedən tikinti altına düşməsi barədə cavabdeh tərəfindən nə rəsmi elan, nə də bildiriş qaydasında bu günədək məlumatlandırılmamışdır. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi qaydada müraciət edilməsinə baxmayaraq, bu günədək həmin kompensasiya ona ödənilməmişdir. Lakin şifahi formada ona bildirilmişdir ki, ona məxsus tikinti altına düşən 307,24 kv.metr hissəsi cavabdehin yaratdığı komisiya tərəfindən hər kv.metrinə 45 manat olmaqla (739.45 kv.m x 45=33275.25) 33275.25 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ kompensasiya şəklində ona ödəniləcəkdir.Sözügedən layihənin icrasına başlanılmasından üç il müddət keçməsinə və tikintinin başa çatmasına baxmayaraq cavabdeh özü tərəfindən hesabladığı mübahisəsiz kompensasiya məbləğinin ona ödənilməsindən əsassız olaraq yayınır. Cavabdeh ona kompensasiya ödənilməsinə dair rəsmi qaydada ünvanladığı şikayət ərizəsinə özünün xx.xx.2019-cu il tarixli N-3/16- 8008 saylı məktubu ilə “ona həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur” məzmunlu qeyri-müəyyən bir cavab vermişdir ki, bu da cavabdeh orqanın öz vəzifəsinin icrasından yayınması və cavabdehin üzərinə düşən öhdəliyi pozması kimi dəyələndirilməlidir. Beləliklə ona hesablanmış kompensasiya məbləği sözügedən layihə hesabına ödənilməli olduğu halda cavabdeh üzərinə düşən bu öhdəliyi uzun müddət icra etməmiş və kompensasiyanın ödənilməsinin yubadılması ilə ona əlavə ziyan vurmuşdur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi Z.Kazımov verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avlomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, prespektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseyn-zadə Rəfiqə Abdul qızı, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ sahəsi, 1101 h saylı 0,12 ha bağ sahəsi xx.xx.2010-cu il tarixdə **********56 reyestr nömrəsi ilə Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 243 nömrəli reyestr kitabının 22650 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin H-3/16-8147 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Avtomobil Yolları Dövlət Agentliyinə əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsi ilə bağlı ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində ona məxsus **********56 nömrəli reyestrdə olan 1200 kv.metr torpaq sahəsindən 739,45 kv.metr hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar ona həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyət orqanlarına müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi araşdırması dövründə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində iddiaçı Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızına məxsus **********56 nömrəli reyestrdə olan 1200 kv.metr torpaq sahəsindən yolunun tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə görə dəymiş ziyana görə kompensasiya ödənilib-ödənilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 15/03-121- 1699 saylı məktubda bildirilmişdir ki, keçmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli 3/16- 4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə bağlı keçmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş komissiya və müstəqil qiymətləndirici “xxxx” MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə müəyyən edilmiş qiymətə əsasən Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadəyə məxsus 1200,91 kv.metr torpaq sahəsinin layihə altına düşən 739,45 kv.metr hissəsinə görə 33275,25 manat məbləğində kompensasiya hesablandığı göstərilmişdir. Sorğuda qaldırılan məsələ ilə bağlı Maliyyə Nazirliyində hər hansı sənəd və rəsmi məlumat yoxdur və sorğu edilən məlumatların müvafiq ərazidə daşınmaz əmlakları dövlət ehtiyacları üçün alan orqandan - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən dəqiqləşdirilməsini məqsədəuyğun hesab edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3/09-2010 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir.Həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızının 1200,0 kv.metr torpaq sahəsindən (çıxarış **********56) 739,45 kv.metr hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat 25 qəpik) manat kompensasiya hesablanmışdır.Qeyd olunanlarla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. İşdə olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ sahəsi, 1101 h saylı 0,12 ha bağ sahəsi MA seriyalı, ******* saylı, **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2010-cu il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən 739,45 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür. Tikinti altına düşən 739,45 kv.metr torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği müstəqil qiymətləndirici tərəfindən 33275,25 manat məbləğində hesablanmış, lakin bu günədək iddiaçıya həmin kompensasiya məbləği ödənilməmişdir. İşin hallarından görünür ki, iddiaçı ona hesablanmış 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat 25 qəpik) manat kompensasiya məbləği ilə razıdır və həmin məbləğ onun tərəfindən mübahisələndirilmir, əksinə hazırki iddia tələbi üzrə iddiaçı hesablanmış kompensasiya məbləğinin ona ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğu əsası ilə müraciətin təmin edilməmişdir. Lakin məhkəmə araşdırması nəticəsinə müəyyən edildi ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iddiaçıya kompensasiya ödənilməsi məsələsi ilə bağlı Nazirlikdə hər hansı sənəd və rəsmi məlumat yoxdur. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin yol tikintisi altına düşmüş hissəsinə görə kompensasiya məbləği hesablanmasına, buna dair hər hansı mübahisə olmasına baxmayaraq, bu günədək həmin kompensasiya məbləğinin ödənilməsi ilə bağlı hər hansı hərəkət etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə hesablanmış 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat, iyirmi beş qəpik) manat məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Z.Kazımov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-389/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-389/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver