Məhkəmə qərarları › İş №2-1(103)-3890/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3890/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3890/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında yerləşən iddiaçıya məxsus qarajın bazar qiymətini və bazar qiymətinə əlavə olunan 20% satınalma qiymətini təşkil edən 19200 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 58 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında qaraj yerləşdirilməsinə icazə verilmişdir. Qarajın yerləşmə cizgisi rayonun kommunal texniki xidmət sahələri və Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.1993-cü il tarixli 18/02-6/274 saylı məktubla razılaşdırılmışdır. Bundan sonra, xx.xx.1998-ci ildə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin qarajın texniki pasportu tərtib edilmişdir. Eyni zamanda, Xətai rayon İcra Hakimiyyətinin Baş Memarı tərəfindən qarajın yerləşmə cizgisi tərtib edilmişdir. Bir neçə ay bundan əvvəl Xətai rayon MKTB tərəfindən qarajın üzərinə bildiriş yapışdırılmışdır. Həmin bildirişin məzmununda deyilir: "Hörmətli sakinlər! Həyatyanı sahələrin abadlaşdırılması ilə əlaqədar olaraq məhəllədaxili ərazilərdə olan bağ sahələrinin sökülməsi, müvəqqəti quraşdırılan qarajların və abadlaşdırma zamanı maneə törədən tikililərin sökülməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq 2 gün müddətində qarajları götürməyinizi sizdən xahiş edirik". Bu bildirişi gördükdən sonra, o, dərhal Xətai rayon MKTB-yə getmişdir və bildirmişdir ki, həmin qaraj icra hakimiyyətinin sərəncamı əsasında ona verilmişdir, sökülməsini istədikləri qaraja görə iddiaçıya ya başqa qaraj verilsin, ya da kompensasiya ödənilsin. Müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, ona cavab verilmişdir ki, "tapşırıq belədir". Bundan sonra o, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, sökülməsi istənilən qarajın əvəzinə ona başqa qaraj və ya torpaq sahəsi verilməsini və ya qarajın dəyərinin ödənilməsini xahiş etmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda uzun illər əvvəl sakinlər tərəfindən çəpərlənmiş bağ sahələri sökülür, quraşdırılmış dəmir qarajlar götürülərək mərhələli şəkildə abad həyətlər salınır. Aparılan bu işlərin davamı olaraq Xudu Məmmədov küçəsi 29 ünvanında abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur, qeyd olunan ərazidə Nazirlər Kabinetinin qərarına uyğun olaraq yaxın vaxtlarda yeni modul tipli qazanxananın tikintisinə başlanılacaqdır. Əlavə olaraq bildirmişdilər ki, Xətai rayon inzibati ərazi vahidliyində dövlət mülkiyyətinə aid boş torpaq sahələri yoxdur. İddiaçının bütün etirazlarına baxmayaraq, dəyəri ödənilmədən ona məxsus daşınmaz əmlak Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülərək yerlə-yeksan edilmişdir. Xətai rayon İcra Hakimiyyətinin hərəkətləri qanunsuzdur və kompensasiya ödənilmədən ona məxsus əmlakın onun razılığı olmadan sökülməsi mövcud qanunvericiliyin tələblərinə ziddir, özbaşınalıqdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində yaşadığı ünvan 1 ünvanında yerləşən ona məxsus qarajın söküldüyü və mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Xətai rayon ərazisində abadlıq-quruculuq işləri çərçivəsində qeyri-qanuni zəbt olunmuş ərazilərdə bağ sahələrinin və sənədsiz qarajların sökülməsi zərurəti yaranmışdır. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Xudu Məmmədov küçəsində yerləşən 29 nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Vətəndaşlara yuxarıda qeyd olunan ünvanda qarajların söküntüsü ilə əlaqədar xəbərdarlıq edilmiş və iş üzrə İddiaçı iştirakı ilə qaraj sökülərək iddiaçıya məxsus əşyalar özünə təhvil verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında 19.2 kv.m ölçüdə qarajın sökülməsi ilə əlaqədar 13.920 manat (on üç min doqquz yüz iyirmi manat) vəsaitin ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək, cavabdehdən onun xeyrinə cəmi 13920 manat məbləğində pulun tutulması barədə qərar qəbul etmişdir və əmlakın dəyəri ilə bağlı Mütəxəssis rəyi təqdim etməyinə və həmin mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut iş materiallarında olmadığı halda, birinci instansiya məhkəməsi 2 dəfə əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmiş, lakin əmlak söküldüyü üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Dolayısı ilə, cavabdeh inzibati orqan tərəfindən sökülmüş qarajın dəyərinin 16000 manat deyil, 13920 manat olmasını təsdiq edən sübut iş materiallarında olmadığı halda, birinci instansiya məhkəməsi mütəxəssis kimi çıxış edərək, əmlakın dəyərinin 13920 manat olması barədə nəticəyə gəlmişdir. Digər tərəfdən, qanunvericiliyə uyğun olaraq, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməli olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq, iddia tələbini həmin hissədə təmin etməmişdir. Həmçinin, cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 saylı, 11 mart 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və geri qaytarılmışdır. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2633/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - "xxxx" MMC-nin MB15/1396 nömrəli qiymətləndirmə hesabatının nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin (qaraj) 15 oktyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 16 000 (on altı min) manat təşkil edir. - Dövlət Arxivinin Bakı Filialının 06 dekabr 2022-ci il tarixli, BA-07927-2022 nömrəli məktubu ilə göndərilmiş sənədin surətindən görünür ki: Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 58 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyəti X.Məmmədov küçəsi, ev 29, mənzil 80-də yaşayan vəfat etmiş 1-ci qrup əlil Əfqanıstan müharibəsi iştirakçısının həyat yoldaşı vət. Ağayeva müraciət edərək şəxsi maşınını saxlamaq üçün qaraj yerləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Qarajın yerləşmə cizgisi rayonun kommunal-texniki xidmət sahələri və Memarlıq və Şəhərsalma Baş idarəsilə xx.xx.1993-cü il 18/02-6/274 saylı məktubla razılaşdırılmışdır. Yuxarıda qeyd olunanlar və texniki imkanın olduğunu nəzərə alaraq İddiaçı Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında cizgidə göstərilən sahədə (3.2x6,0) m ölçüdə qaraj yerləşdirilməsinə icazə verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/02-6/274 nömrəli xx.xx.1993-cü il tarixli məktubu ilə İddiaçı qaraj quraşdırılması ilə əlaqədar rayon idarələrinin rəyi ilə təqdim edilmiş sxem razılaşdırılmışdır. Qarajin yerləşməsi ilə bağlı Xətai Rayon İH-nin Baş Memarı V.Həsənov tərəfindən cizgisi tərtib olunmuş və möhürlə təsdiq olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: İddiaçı adına verilmiş Xudu Məmmədov küçəsi, 29 nömrəli evin qarşısındakı qaraja dair 30/1163 nömrəli xx.xx.1998-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda Tikintilərin və qurğuların xarakteristikasında qeyd edilmişdir ki, tikili və qurğunun adı: qaraj, tikildiyi il: 1994, bünövrə: beton, divarları: dəmir, dam örtüyü: dəmir, sahəsi 19,2 kv.m., həcmi: 48.0 kv.m., ilkin dəyəri 3941210, həqiqi dəyəri 3941210. Torpaq sahəsi üzrə eksplikasiyada qeyd edilmişdir ki, sahəsi sənədlə 19.2 kv.m., həqiqi 19.2 kv.m., tikinti altında 19.2 kv.m. - Xətai rayon İcra Hakimiyyəti İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-A-4- 150/23 nömrəli məktubunda bildirmişdir ki, “müraciətdə Xətai rayonu, Xudu Məmmədov küçəsi 29 saylı binanın yaxınlığında sökülmüş qarajınızın müqabilində kompensasiyanın ödənilməsi xahiş olunur. Bildiririk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda uzun illər əvvəl sakinlər tərəfindən çəpərlənmiş bağ sahələri sökülür, quraşdırılmış dəmir qarajlar götürülərək mərhələli şəkildə abad həyətlər salınır. Aparılan bu işlərin davamı olaraq Xudu Məmmədov küçəsi 29 ünvanında da abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Qeyd olunan ərazidə Nazirlər Kabinetinin qərarına uyğun olaraq yaxın vaxtlarda yeni modul tipli qazanxananın tikintisinə başlanılacaqdır. Əlavə olaraq bildiririk ki, qarajların quraşdırılması müvəqqəti xarakter daşıdığından sökülərkən kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. - Ədliyyə Nazirliyi 40 saylı Notariat Ofisinin 04 mart 2023-cü il tarixli, X-156 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: xx.xx.2022-ci il tarixli Qaraja dair Müqavilədən görünür ki, birinci tərəf satıcı X9 ünvan 3 ünvanında yerləşən sahəsi 20.7 kv.m. qaraja sahiblik və istifadə hüququnu ikinci tərəf alıcı X2 verir. Satılan qaraja sahiblik və istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tərtib edilmə tarixli, 04/1293 inventar iş nömrəli Texniki pasporta əsasən satıcıya məxsusdur. Satıcı qarajı 9000.00 (doqquz min) manata satdı, alıcı isə həmin qiymətə aldı. xx.xx.2022-ci il tarixli Qaraja dair Müqavilədən görünür ki, birinci tərəf satıcı X7 ünvan 4 ünvanında yerləşən sahəsi 20.1 kv.m. qaraja sahiblik və istifadə hüququnu ikinci tərəf alıcı X1 verir. Satılan qaraja sahiblik və istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tərtib edilmə tarixli, 04/1383 inventar iş nömrəli Texniki pasporta əsasən satıcıya məxsusdur. Satıcı qarajı 20000.00 (iyirmi min) manata satdı, alıcı isə həmin qiymətə aldı. xx.xx.2022-ci il tarixli Qaraja dair Müqavilədən görünür ki, birinci tərəf satıcı X8 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, saylı evin həyətində yerləşən sahəsi 16.24 kv.m. qaraja sahiblik və istifadə hüququnu ikinci tərəf alıcı X3 verir. Satılan qaraja sahiblik və istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tərtib edilmə tarixli, 3/2771 inventar iş nömrəli Texniki pasporta əsasən satıcıya məxsusdur. Satıcı qarajı 12000.00 (on iki min) manata satdı, alıcı isə həmin qiymətə aldı. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə qiymətləndirilmə təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********45 nömrəli məkubunda bildirilmişdir ki, qiymətləndirilməsi nəzərdə tutulan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün qiymətləndirilməsi mümkün olmamışdır. - Məhkəmənin 2-1(112)-3522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6301 nömrəli məktubu ilə göndərilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunda bildirilmişdir ki, 2-1(112)-3522/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 23 avqust 2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi 24 noyabr 2023- cü il tarixinə təyin edilmişdir. Baxış zamanı mübahisəli qarajın faktiki olaraq söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən də, qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, A187-149 nömrəli məktubunda bildirilmişdir ki, “müraciətdə Xətai rayonu, Xudu Məmmədov küçəsi 29 saylı binanın yaxınlığında sökülməsi nəzərdə tutulmuş qarajınızın müqabilində torpaq sahəsinin ayrılması xahiş olunur. Bildiririk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda uzun illər əvvəl sakinlər tərəfindən çəpərlənmiş bağ sahələri sökülür, quraşdırılmış dəmir qarajlar götürülərək mərhələli şəkildə abad həyətlər salınır. Aparılan bu işlərin davamı olaraq Xudu Məmmədov küçəsi 29 ünvanında da abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Qeyd olunan ərazidə Nazirlər Kabinetinin qərarına uyğun olaraq yaxın vaxtlarda yeni modul tipli qazanxananın tikintisinə başlanılacaqdır. Əlavə olaraq bildiririk ki, Xətai rayon inzabi ərazi vahidliyində dövlət mülkiyyətinə aid boş torpaq sahələri yoxdur. Bələdiyyə torpaqlarına gəldikdə isə bildiririk ki, “Bələdiyyə torpaqları ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” xx.xx.2002-ci il tarixli, 274-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və Bələdiyyələrinə dair bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə 466-İİİQD nömrəli 23 oktyabr 2007-ci il tarixli Qanununa əsasən torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələr vasitəsi ilə əldə edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Hazırkı işin hallarından göründüyü kimi Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1994cü il tarixli 58 saylı sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 29 saylı binanın qarşısında cizgidə göstərilən sahədə (3.2x6,0) m ölçüdə qaraj yerləşdirilməsinə icazə verilmişdir. Qarajın yerləşmə cizgisi Xətai Rayon Baş Memarı tərəfindən tərtib edilmiş, cizgi rayonun kommunal texniki xidmət sahələri və Memarliq və Şəhərsalma Baş idarəsilə xx.xx.1993-cü il 18/02-6/274 saylı məktubla razılaşdırılmışdır. Qeyd edilən ərazidə 1994-cü ildə bünövrəsi beton, divarları, dam örtüyü dəmir olan sahəsi 19,2 kv.m ölçüdə qaraj yerləşdirilmiş, həmin qarajın fotoşəkilləri iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmçinin, sözügedən qaraja dair İddiaçı adına 30/1163 nömrəli xx.xx.1998-ci il tarixli texniki pasport verilmişdir. Adıçəkilən sənədlər-yerli icra hakimiyyətinin sərəncamı, yerləşmə cizgisi, razılaşdırma məktubu dövlət arxivində, eləcə də texniki pasport daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın arxivində mövcuddur. Daha sonra iddiaçının adına verilmiş Xudu Məmmədov küçəsi, 29 nömrəli evin qarşısındakı qaraj Xətai rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci ildə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülmüşdür. İddiaçıya aid qarajın söküntüsü barədə cavabdeh tərəfindən xəbərdarlıq edildiyi və qarajın söküntüsünün iddiaçının bilavasitə iştirakı ilə həyata keçirildiyini cavabdeh iddiaçıya ünvanlanmış imtina məktubları, eləcə də iddiaya yazılı etirazında bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən normalardan görünür ki, torpaqların dövlət ehtiyacları üçün alınması əsasları qanunvericiliklə dəqiq müəyyən edilmiş, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir. Hazırkı iş üzrə iddiaçıya məxsus qaraj Xətai rayonu ərazisində abadlıq-quruculuq işləri çərçivəsində sökülmüşdür. Həmçinin iş materiallarından göründüyü kimi qarajın qanunla nəzərdə tutulmuş qaydada yerləşdirilməsinə icazə verilmiş və mülki dövriyyənin obyekti kimi qaraja dair hüquqların reyestrini həyata keçirən orqan tərəfindən texniki pasport tərtib edilmişdir. Qeyd edilən sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla iddiaçının mövcud olmuş qaraja dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” olduğunu deməyə hüquqi əsas verir. İşin mübahisələndirilən halı iddiaçıya ödənilməli olan kompensasiya məbləği ilə bağlıdır. Belə ki, iddiaçı sökülmüş qaraja görə bazar dəyəri 16000 manat və 20% miqdarında 3200 manat əlavə haqqla birlikdə 19200 manat ödənilməsini tələb edir. Göstərilən dəlillər iddiaçının apellyasiya şikayətinin də əsası kimi çıxış etmişdir. Kollegiya ödənilməli olan kompensasiya məbləği ilə bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələbləri nəzərə alınmalıdır. -54.1 alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -54.2 kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. -55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. -55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. -58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. -58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. -58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. -58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmçinin, Kollegiya hazırkı halda sökülmüş qarajın qiymətləndirilməsi ilə bağlı analoji qaydada “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanunun 58-ci maddəsinə uyğun bazar qiymətinin müəyyən edilməsi üçün iddiaçıya aid qarajların yerləşdiyi ərazidə 2022-ci il üzrə baş tutmuş 3 ədəd alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş qiymətlərin orta göstəricisi əsasında kompensasiya məbləğinin hesablanmasını qanuni və mümkün sayır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş 3 ədəd qarajla bağlı notarial müqavilələrə əsasən qarajın qiyməti-9000 manat, 20.000 manat və 12.000 manat olmaqla, ümumilikdə 41.000 manat olmuş, həmin qarajların texniki ölçüləri 20.17 kv.m, 20.1 kv.m və 16.24 kv.m olmaqla, ümumilikdə 56.51 kv.m olmuşdur. Qeyd edilən ümumi məbləğ və ümumi ölçüdən orta hesabla qarajın 1 kv.m ölçüsü üçün kompensiyasiyanın məbləği 725 manat (yuvarlaqlaşdırılmış) təşkil etdiyi (41000 man/56.51 kv.m) müəyyən olunur. İddiaçıya aid olmuş qarajın ölçüsü 19.2 kv.m olduğu nəzərə alındıqda həmin ölçüdə qaraj üçün ümumi kompensasiya məbləği 13920 manat (725 man x 19.2 kv.m) təşkil etdiyi öz təsdiqini tapır. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iş üzrə müəyyən edilən 13920 manat kompensasiya məbləğinin cavabdeh tərəfindən edilmiş müdaxiləyə mütənasib, ağlabatan və ədalətli hesab etmişdir. İddiaçının apellyasiya şikayətinin digər dəlili olan 20 faiz satınalma qiymətinin ödənilməsi ilə bağlı isə qeyd edilməlidir ki, hazırkı iş üzrə əmlakın sökülməsi dövlət ehtiyacları ilə bağlı olmayıb bilavasitə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunla tənzimlənmədiyindən həmin qanunla nəzərdə tutulmuş 20% satınalma qiyməti iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar