Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3891/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi ilə əlaqədar verilmiş reyestrdən çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10 cəlb olunmaqla) “mənzilin özəlləşdirilməsi ilə əlaqədar verilmiş reyestrdən çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2921/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzilin özəlləşdirilməsi ilə əlaqədar verilmiş reyestrdən çıxarışın etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X11 arasında 3 dekabr 2010-cu il tarixdə nikah bağlanmışdır. Onlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Aslanbəyov küçəsi, 22 saylı evin 1 saylı mənzilinə köçmüş və həmin ünvana qeydiyyata alınmışlar. Birgə nikahdan onların qız övladı doğulmuşdur. Həmin mənzil dövlət mənzil fonduna aid olduğundan, ailə 2013-cü ildə onu özəlləşdrmək qərarına gəlmişdir. Mənzilin kimin (hazırkı iddiaçı, onun əri və digərlərinin) adına özəlləşdirilməsi məsələsi üzrə mübahisə yaransa da, sonda iddiaçının qaynatası X1 adına rəsmiləşdirilmişdir. Mənzilin onun adına özəlləşdirilməsinə razılıq barədə notarial qaydada ərizə verilmişdir. X10 gələcəkdə mənzil satılarkən ailə üzvlərinə bərabər həcmdə pul çatacağı barədə yazılı ərizə imzalamış və həmin ərizə notarial qaydada təsdiqlənmişdir. Lakin sonradan sözgedən ərizə X10 və ailənin digər üzvü tərəfindən məhv edilmişdir. Ailə üzvləri arasında hər hansı narazılıq olmamışdır. İddiaçının əri X11 28 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra ailə üzvlərinin ona və uşağına qarşı münasibətləri dəyişməyə başladı. Onlar iddiaçının və uşağının mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışlar, onları mənzildən çıxarmaqla çətin duruma salmışlar. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onların birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, mənzildə yaşamaq hüququndan imtina kimi qiymətləndirilə bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, İPM-in 33, 35-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarına əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinin özəlləşdirilməsi ilə əlaqədar mənzilə verilmiş ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız sayılmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Daha sonra məhkəmənin qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün İnzibati Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, hazırki iddia üzrə iddiaçının dəlili inzibati orqanın mənzilə mülkiyyət hüququnun reyestrdə qeydiyyatı ilə bağlı hərəkətlərin qanunsuz aparılmasını deyil, mülki subyektlər (iddiaçı və ailənin digər üzvləri) arasında son münasibətlərdən fikrinin dəyişməsidir. Hansı ki, belə hal inzibati orqana qarşı inzibati mübahisə üzrə iddianın əsaslandırılması kimi çıxış edə bilməz. İddiaçı mənzil özəlləşən dövrdə iradəsini ifadə etmişdir və hazırda da inzibati orqanın onun hüquqlarını pozan hər hansı hərəkətinin qanunsuzluğuna istinad etmir. Bu isə, o deməkdir ki, iddiaçının hüququna cavabdeh inzibati orqanın aşkar müdaxiləsi baş verməmiş və belə müdaxilə nəzərə də çarpmır. Lakin buna baxmayaraq məhkəmə sorğu verərək “Daşınmaz Əmlakın Dövlət Kadastr və X24 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi” tərəfindən verilmiş özəlləşdirməyə dair sənədlərin surətindən görünür ki, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi əmlakı özəlləşdirilərkən mənzildə yaşayanların razılıq ərizələrini tələb etməmiş, bununla da qanunvericiliyin tələbini pozaraq, mənzildə yaşayanların hüquq və vəzifələrini pozmuşdur. Tərəflərin izahatları İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs və cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Prosses iştirakçısı işə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10 cəlb olunmaqla) tələbi “3-cü şəxsə (qaynatasına) mənzilin özəlləşdirilməsi ilə əlaqədar verilmiş reyestrdən çıxarışın etibarsız sayılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli B-1800 nömrəli Arxiv çıxarışından müəyyən olunur ki, Kirov rayonu X9 İcraiyyə komitəsinin 17 may 1974-cü il tarixli 14 nömrəli protokolu ilə 182 nömrəli məktəbin xadiməçisi Əliyə Əsəd qızına ünvan 3 ünvanında 29.47 kv.m. sahəyə malik 2 otaqlı yaşayış sahəsinin verilməsi qərara alınmışdır. Həmin protokolun icrası ilə bağlı xx.xx.1974-cü il tarixli Order təqdim olunmuşdur, hansı ki, 4 nəfər şəxsin adı qeyd olunmuşdur: Əliyə Əsəd qızı özü və oğulları X14, X16 və X19. Sonradan orderdə “Əliyev” soyadının “Bayramov” kimi oxunmasına dair xx.xx.2013-cü il tarixli qeyd aparılmışdır. Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli arayışının sürətindən görünür ki, arayış X4 ondan ötrü verilir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev, ev 22, mənzil 1-də yaşayır və 6 nəfər ailə üzvü- X10, X6, X16, X5, X11 və X7 həmin ünvanda daimi qeydiyyatdadırlar. İşdən müəyyən olunur ki, adına order verilmiş Əliyə Əsəd qızı vəfat etdikdən sonra oğlu (orderdə adı olan) X10 yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev, ev 22, mənzil 1 üzərində xüsusi mülkiyyət hüququ reyestr kitabının 187399 nömrəli vərəqində qeydiyyata alınaraq onun adına xx.xx.2013-cü il tarixdə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı adına xx.xx.2013-cü il tarixdə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmiş 3-cü şəxsin (qaynatasının) gəlinidir, 3-cü şəxsin oğlu X11 ilə nikaha girərək, bu nikahından xx.xx.2011-ci il tarixdə qızı X12 doğulmuşdur. İddiaçı Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 80 saylı Mənzil-Kommunal İstismarı sahəsinin xx.xx.2022ci il tarixli 576 nömrəli arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev, ev 22 saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə iddiaçının əri X11 vəfat etmişdir. Hazırda iddiaçı qaynatasının adına xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışı mübahisələndirir və hesab edir ki, özəlləşdirilən mənzildə faktiki faşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi ilə bağlı razılığının olması mənzildə yaşamaq hüququndan imtina kimi qiymətləndirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi. Hazırki işdən göründüyü kimi, iddiaçı sözügedən mənzilə 3-cü şəxsin oğlu ilə nikaha daxil olduqdan sonra- 2010-cu ildə qeydiyyata düşmüş, mənzil özəlləşdirilən zaman həmin mənzildə yaşasa da, yuxarıda adı çəkilən Qanun əsasında mənzilə hüququ olan şəxs, 3-cü şəxsin ailə üzvü olmamış, buna görə də mənzilin özəlləşdirilməsi zamanı razılığı alınmalı olan şəxs də olmamışdır. İddiaçının iddia ərizəsi və apellyasiya şikayətində istinad etdiyi dəlillər isə formal xarakterli olub, 3-cü şəxsin adına verilmiş reyestrdən çıxarışın məhz bu dəlillər əsasında ləğv və ya etibarsız hesab olunması ilə bağlı iddiaya mahiyyəti üzrə baxılması üçün heç bir əsas vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3891/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3891/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver