Məhkəmə qərarları › İş №2-1(103)-3891/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3891/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3891/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “müsahibə nəticələrinin ləğv edilməsi və yenidən müsahibə keçirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10997/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə İddiaçı nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək İddiaçı xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələrinin ləğv edilməsi və İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2018-ci il təvəllüdlüdür. Orta təhsil almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə nitq qabiliyyəti imtahanı vermişdir. Lakin imtahan komissiyasının qərarı ilə rus bölməsində təhsil alması məqbul hesab edilməyərək suallara tam cavab verməməsi adı altında məktəbə qəbuluna imtina verilmişdir. Bununla bağlı apellyasiya komissiyasına elektron müraciət edərək qərarın əsassız olması və həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Eyni olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də apellyasiya komissiyasında müraciətə baxılması və əvvəlki nəticənin qüvvədə qalması bildirilmişdir. İddiaçı hesab edir ki, məhkəməyə edilən müraciət qanuni və əsaslı olduğundan təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10997/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələrinin ləğv edilməsi və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarının 21,22,23 abzaslarında ağlabatan mütənasiblik əlaqəsindən söhbət getsə də, qərar hissəsində bu öz əksini tapmamışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan bölməsində təhsil alacağı təqdirdə rus dilində təhsil almış ailə üzvlərinin tədris prosesi ilə əlaqədar ona kömək etmək imkanı çətinləşəcək və bu hal isə birbaşa iddaçının təhsil hüququnun sərbəst və maneəsiz şəkildə həyata keçirilməsi ilə əlaqədar əlverişsiz şəraitin yaranmasına səbəb olacaqdır. Məhkəmə hesab edib ki, iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil. Lakin bərabərlik prinsipinə istinad edən məhkəmə cavabdeh tərəfindən tətbiq olunan hansı vasitəni uyğun hesab etmədiyini bildirmir. Bundan əlavə məhkəmənin yenidən müsahibə keçirilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla özünündə qeyd etdiyi “ağlabatan mütənasiblik əlaqəsini” necə təmin etməsini açıqlamamışdır. Yenidən müsahibənin keçirilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması, məhkəmə qərarının əsaslandırması hissəsində qeyd edilən məqsədlərlə heç bir əlaqəsi yoxdur. Belə ki, müsahibənin yenidən keçirilməsi iddiaçının müsahibə nəticəsindən asılı olaraq mütləq rus bölməsində təhsil alacağı anlamına gəlmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə ev mühitində daima rus dilində danışılır, ailənin bütün üzvləri rus dilində təhsil almışdır, İddiaçı müsahibəni uğurla keçə bilməməsinin səbəbi müsahibə stressi ilə əlaqədar həyəcanlanması olmuşdur. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü iddiaçı X7 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən iştirak etmiş, lakin imtahan komissiyasının qərarı ilə rus bölməsində təhsil alması məqbul hesab edilməyərək suallara tam cavab verməməsi əsası ilə məktəbə qəbuluna imtina verilmişdir. Bununla bağlı iddiaçı tərəf apellyasiya komissiyasına elektron müraciət edərək qərarın əsassız olması və həmin qərarın ləğv edilməsi xahiş etsələrdə, əvvəlki nəticə qüvvədə qalmışdır. Daha sonra iddiaçı tərəf hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi; 1.0.19. ibtidai təhsil – ümumi təhsilin birinci səviyyəsi; 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. … 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Maddə 22. Uşağın təhsil almaq hüququ Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyaya dair 1 saylı Protokolun 2-ci maddəsinə əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Avropa Sosial Xartiyası: Maddə 17. Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ Şəxsiyyətin tam inkişafına dəstək verən şəraitdə uşaqların və gənclərin tərbiyə almaq hüququnun səmərəli surətdə həyata keçirilməsi məqsədilə Tərəflər bilavasitə və yaxud dövlət və ya özəl təşkilatların əməkdaşlığı ilə aşağıdakılar üçün bütün lazımi və zəruri tədbirlərin götürülməsi öhdəliyini götürürlər: 1)a) valideynlərinin hüquq və öhdəliklərini nəzərə almaqla uşaq və gənclərin onlara zəruri olan qayğı, yardım, təhsil və peşə hazırlığı almasını, o cümlədən bunun üçün yetərli və adekvat olan müəssisə və xidmətlərin yaradılması və yaxud dəstəklənməsi yolu ilə təmin etmək; 2) uşaq və gəncləri pulsuz ibtidai və orta təhsillə təmin etmək, həmçinin sabit məktəb davamiyyətinə yardım etmək. 18.Birləşmiş Millətlər Təşkilatı X6: Məqsəd 4. Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək 19.Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: İş materiallarından müəyyən edilir ki, İddiaçı (xx.xx.2018-ci il təvəllüdlü) atası X8 və anası X12 milliyyətcə ləzgidir. İş materiallarına əlavə olunmuş A 366907 nömrəli Əsas təhsil haqqında Şəhadətnaməyə əsasən İddiaçı anası X11 Azərbaycan Respublikası Qusar şəhər 2 saylı orta məktəbində ana dili olaraq ləzgi dilində təhsil almışdır. - İş materiallarına əlavə olunmuş A 441889 nömrəli Orta təhsil haqqında Attestata əsasən İddiaçı atası X1 rayonu F.İsgəndərov adına 157 saylı orta məktəbində ana dili olaraq rus dilində təhsil almışdır. - Bakı şəhəri üzrə Təhsil İdarəsi F.İSgəndərov adına 157 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 625 nömrəli Arayışa əsasən İddiaçı bacısı X2 rayonu F.İsgəndərov adına 157 №-li tam orta məktəbdə 6-cı sinifdə (rus bölməsi) oxuyur. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçının ailə üzvləri rus dilində təhsil almış, ümumi olaraq istifadə etdikləri dil də rus dilidir. Kollegiya ilk növbədə onu qeyd edir ki, məhkəmənin qərarı əsasında iddiaçı ilə yenidən müsahibənin keçirilməsi, hər kəsin müsahibədən uğursuz nəticə əldə etdikdən sonra yenidən məhkəmə vasitəsi ilə müsahibəyə cəlb olunacağı anlamına gelmir. Lakin hazırkı vəziyyətdə məhkəmə nəzərə alır ki, iddiaçı Azərbaycan bölməsində təhsil alacağı təqdirdə rus dilində təhsil almış ailə üzvlərinin tədris prosesi ilə əlaqədar ona kömək etmək imkanı çətinləşəcək və bu hal isə birbaşa olaraq iddiaçının (uşağın) təhsil hüququnun sərbəst və maneəsiz şəkildə həyata keçirilməsi ilə əlaqədar əlverişsiz şəraitin yaranmasına səbəb olacaqdır. Digər tərəfdən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ev mühitində də ailə üzvləri və digər şəxslərlə rus dilində ünsiyyət qurması, eləcə də müsahibəni məhz həyəcanlanması nəticəsində uğurla keçə bilməməsi məhkəmədə şübhə yaratmır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının qanuni nümayəndəsi olan atanın məhkəmə iclası zamanı verdiyi izahatından belə məlum olmuşdur ki, iddiaçı hazırkı vəziyyətdə belə mövcud tədris proqamından geridə qalmaması üçün fərdi qaydada rus dilində hazırlıq keçməkdədir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, uşağın (iddiaçının) qanuni mənafelərinin qorunmasını və keyfiyyətli təhsil hüququnun realizə edilməsinin təmin edilməsini əsas meyar kimi nəzərə alan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün qərar qəbul etmişdir. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10997/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar