Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3892/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1- Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3033/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X4 Suraxanı icra aparatına müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1773 nömrəli sərəncamından görünür ki, vətəndaş X3 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Vətəndaş Ə.Rəhimova ayrılmış sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2000-ci il tarixdə vətəndaş İddiaçı Sənan oğlu rayon icra aparatına müraciət edərək, qarşılıqlı razılaşma əsasında vətəndaş X3 ayrılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 nömrəli sərəncamından görünür ki, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 14 oktyabr 1998-ci il tarixli 1773 saylı sərəncamında 1-ci və 2-ci bəndində dəyişiklik aparılmışdır. Vətəndaş İddiaçı Sənan oğluna fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə, 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Vətəndaş İddiaçıa ayrılmış sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 05 aprel 2000-ci il tarixli Akta əsasən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 nömrəli sərəncamına əsasən Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə, 600 kv.metr torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuş, həmin akta torpaq sahəsinin cizgisi əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mövcud koordinatlar 740,0 kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin tən yarısı və üzərindəki yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks etdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub). Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 16 iyun 2023-cü il tarixli, 14-2/2- 2287/2023 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilən koordinatlar əsasında əlavə araşdırma aparılmışdır. Həmin koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 744 kv.metr torpaq sahəsinin 358 kv.metr hissəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X5 Kompani S.A” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, 386 kv.metr hissəsi isə xaricində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 71113 saylı ləğv olunmuş neft-qaz quyusunun 22 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək torpağın yerləşmə cizgisinin verilməsini xahiş etsə də, cavabdeh orqan xx.xx.2022-ci il tarixli Ə- 195/3-091/3-t/1 saylı cavab məktubu ilə torpaq sahəsinə dair aktın təqdim olunduğunu bildirmiş, lakin cizginin verilməsindən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Lerik rayonunun Veri kəndində anadan olmuşdur. Ona mənzil şəraitini yaxşılaşdırmaq və fərdi yaşayış evi tikmək üçün Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 28 mart 2000-ci il tarixdə 502 nömrəli sərəncamla Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 (altı yüz) kv.metr torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin torpaq sahəsinə dair ona Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 05 aprel 2000-ci il tarixdə akt verilərək, həmin aktda torpaq sahəsinin ölçüləri qeyd olunaraq, naturada pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Aktın arxa hissəsində sözügedən torpaq sahəsinə dair yerləşmə sxemi verilmişdir. Lakin torpağa dair verilmiş 05 aprel 2000-ci il tarixli akt Rayon İcra Hakimiyyəti tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir. O, həmin torpaq sahəsinin üzərində ev inşa etmiş və uzun illərdir orada yaşayır. Hal-hazırda torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmək zərurəti yaranmışdır. Bununla bağlı o, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, ona bildirmişlər ki, həmin akt möhürlə təsdiqlənməlidir. O, təkrar cavabdehə, yəni Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli Ə-195/3-091/3-t/1 saylı cavab məktubu ilə torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini təsdiqləsə də, möhürlə təsdiqlənməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “aktın möhürlə təsdiqlənməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin etrazları: İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin faktiki vəziyyətdə tən yarısı və üzərindəki yaşayış evi Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks elətdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub). Torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eləcə də neft və texniki su kəmərlərinin (10-15 metr), fəaliyyətdə olan neft quyularının (20-25 metr) mühafizə zonası daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər 3-cü şəxs və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə 3-cü şəxs X5 S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı tələbi “Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının cizgi verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Eyni zamanda həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci bəndində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Hazırki işdə torpaq sahəsi iddiaçıya müvafiq rayon icra hakimiyyəti tərəfindən naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Halbuki uzun müddətdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evində yaşayır və həmin torpaq sahəsindən istifadə edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən şəhər rayon icra hakimiyyətlərinin qərarı əsasında ayrılırdı. İş materiallarından görünür ki, torpaq sahəsinin ayrılması barədə Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 nömrəli sərəncamı qüvvədədir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlara aid olmasına gəldikdə isə qeyd olunur ki, əvvəla Dövlət Neft Şirkətinin istinad etdiyi- Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından (xx.xx.2000) uzun müddət sonra bağlanılmış və torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Eləcə də Sazişin müddəaları iddiaçının istifadə hüququnun və torpaq sahəsinə dair cizgi aktını əldə etmək hüququnun məhdudlaşdırılması istiqamətində təfsir olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçıya ayırdığı torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etməklə, bununla da onun hüquq və azadlıqlarını pozan müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı cizgi aktının verilməsi tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3033/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli və iddiaçıya Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı- Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin olunsun. İddiaçı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-3892/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3892/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver