Məhkəmə qərarları › İş №2-1(103)-3892/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3892/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3892/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyi) “kirayə müqaviləsinin bağlanılması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9198/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci qrup gözdən əlildir. ƏƏSMN nin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə ona Nərimanov rayonunda F.Yusifov küçəsində inşa edilmiş 12 mərtəbəli 132 mənzilli 40A saylı yaşayış evindən 11-ci mərtəbədə yerləşən bir otaqlı 128 saylı mənzil verilmişdir. Həmçinin, evin kommunal xərcləri tərəfindən ödənilir. 2016-cı ilin avqust ayından etibarən həmin mənzildə yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5053/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırda mənzilə DƏDRX-dən çıxarış əldə etmək niyyətindədir, lakin hüquqmüəyyənedici sənəd tələb edilir. İddiaçının mənzilə hüququ ƏƏSMN - nin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə yaranmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.11-ci maddəsinə əsasən tələb olunan sənədlərdən birini təqdim etməlidir. Həmçinin, mənzilin dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər İcra Hakimiyyətinin balansında olduğu qeyd edilir. Məhkəmə qeyd edir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsasən yalnız iddiaçı ilə Bakı ŞİH arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında mənzil özəlləşdirilə bilər. Eyni zamanda, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə də bu barədə müraciət etmişdir. Lakin, Agentlik tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona mənzilə dair mülkiyyət hüququ verən sənədin verilməsinin qanunvericiliyə uyğun olmadığı qeyd edilmişdir. xx.xx.2024-cü ildə mənzilə dair kirayə müqaviləsinin bağlanması məqsədilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, müraciətinə rəsmi cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9198/2024 saylı qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək binanın Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğu üçün iddiaçı ilə kirayə müqaviləsini yalnız cavabdehin bağlaya biləcəyini, kirayə müqaviləsinin bağlanmasının nəzərdə tutulduğu halda iddiaçı ilə müqavilə bağlamaması cavabdehin hakimiyyət səlahiyyətindən əmələ gələn münasibət olduğunu bildirərək Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9198/2024 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən mənzil verilmişdir. 26. İddiaçı – İ qrup – 1 otaq – 57.47 kv.m – mərtəbə 11, mənzil 128 - Məhkəmənin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Nazirliyin sifarişi ilə ünvan 2 ünvanında ünvan 3 olan şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə İddiaçı həmin binada birotaqlı 128 nömrəli mənzillə təmin edilmişdir. Sorğuda qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, həmin mənzilin özəlləşdirilməsi məqsədilə mənzilə dair order və ya kirayə müqaviləsinin verilməsi ilə bağlı İddiaçı Agentliyə daxil olmuş 19 iyun 2023-cü il tarixli 3- 17-3/1-T-18029/2023 nömrəli və 18 avqust 2023-cü il tarixli 3-17-3/1-T-22940/2/2023 nömrəli müraciətlərinə Agentliyin müvafiq olaraq 13 iyul 2023-cü il tarixli 3-17-3/2-T- 20763/2023 nömrəli və 12 sentyabr 2023-cü il tarixli 3-17-3/2-T-27162/2/2023 nömrəli məktubları ilə rəsmi cavab verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 379 nömrəli sərəncamının surətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 01/80 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********76 saylı razılıq məktublarını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli, 11/30-410 saylı müraciətini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus inzibati və yataqxana binaları sökülərək, yerində Cəmiyyətin üzvləri üçün yaşayış binasının tikintisinin layihələndirilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə icazə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Qeyd olunan qanunvericilik normasından göründüyü kimi, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti müqavilə münasibətlərindən irəli gələn mübahisələrə aid olmaqla inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir. Odur ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki qaydada iddia qaldırmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibatiprosessual qanunvericiliyin normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Həmin Qərarın 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9198/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar