Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3894/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər "xxxx" QSCni, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini və "xxxx" Şirkəti cəlb olunmaqla) “texniki pasporta və çıxarışa düzəliş edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X2 prospekti, 77 “L” ünvanında dair "xxxx" MMC-nin adına verilmiş “əmlak kompleksi kimi müəssisə”yə dair **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasporta və mülkiyyət hüquqlarına dair çıxarışa, eyni ünvanda ona məxsus və istifadəsində olan əmlakla bağlı olan hissəsinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" QSCni, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini və "xxxx" Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı (hakim F.Mədətli) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia məhkəmə qətnməsinin mübahisələndirilməsi ilə bağlı deyildir. Hazırki iddia qətnaməni icra etməli olan inzibati orqanın qətnamənin müəyyən etdiyi hallardan kənara çıxaraq icra etməsi ilə bağlıdır ki, qətnaməni icra etməli olan qurum qətnamə ilə müəyyən edilmiş tikiliyə deyil, qətnamədə göstərilməyən tikiliyə dair çıxarış vermiş və texniki pasport tərtib etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı Capellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının tələbi Bakı şəhəri, X2 prospekti, 77 “L” ünvanında dair "xxxx" MMC-nin adına verilmiş “əmlak kompleksi kimi müəssisə”yə dair **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasporta və mülkiyyət hüquqlarına dair çıxarışa, eyni ünvanda ona məxsus və istifadəsində olan əmlakla bağlı olan hissəsinə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında ibarətdir. Birinci instansiya məhkəməsində icraat zamanı Nərimanov rayonu, X2 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına verilmiş RX seriyalı, ******* nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli **********36-12301 reyestr nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış sənədlərdən müəyyən edilir ki, Nərimanov rayonu, X2 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına verilmiş sözügedən çıxarış Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 saylı Məhkəmə Qərarına əsasən rəsmiləşdirilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələb etdiyi ona məxsus əmlakla bağlı olan hissəsinə düzəliş edilməsini tələb etdiyi çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyindən hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz. Bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadına istinadən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək hüququna malik olduğunu izah etmiş, lakin iddiaçı hazırki tələb üzrə qoyduğu tələbə baxılmasını xahiş etmişdir. İddiaçı tərəfindən düzəliş edilməsini ona münasibətdə tələb etdiyi mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış artıq qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında rəsmiləşdiyindən hazırki inzibati icraatın predmetini təşkil edə bilməz və bu səbəbdən də iddianın qeyri-mümkün hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddianın mümkün sayılmaması, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-3894/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3894/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver