Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3894/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi-Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-5371/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********593700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Nasos ЭЦНАКИ 100-750, Mühərrik 32 KWT, Gidroqoruyucu " satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********156100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 2.956,12 manat məbləğində vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci ilin mənfəət (gəlir) bəyannaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün aprılmış azalma ilə əlaqədar təsdiqedici sənədlərin və izahatın vergi orqanına təqdim edilməsi xahiş olunur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-653/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********593700 saylı nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********156100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********593700 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə Nasos, Mühərrik, Gidroqoruyucu satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alnmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirler Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödayicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Bildirilir ki, tərəflərindən vergi orqanına müraciət edilərək riskli hesab edilmələri üçün qeyd edilmiş məlumatlar barədə bildirilmişdir ki, tərəflərindən riskli vergi ödəyicisi hesab edilmələri barədə qəbul edilmiş qərarda qeyd edilənlər aradan qaldırılmışdır. Həmin sözügedən qaimələr ləğv edilmişdir. Həmçinin nəzərə çatdırılır ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamışdır. Hesab edilir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmaları təmin edilməlidir. Yuxarıda göstərilən hallardan da, Azərbaycan Respublikası Nazirlar Kabineti tərəfindən qəbul edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın təsdiq edilməsi haqqında” Qərarın 2.1.4-cü maddəsində göstərilən hallar müəyyən olunduğu üçün müəssisə riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin, qeyd etdikləri kimi həmin səbəblər müəssisə tərəfindən aradan qaldırılmış və bu barədə vergi orqanına məlumat təqdim edilmişdir. Buna baxmayaraq, vergi orqanı tərəfindən müraciətlərinə məhəl qoyulmamışdır.
6. Məhkəmənin 2-1(112)-4939/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023- cü il tarixli **********593700 saylı və xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarların ləğv edilməsi barədə” qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmənin 2-1(112)-4939/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli **********593700 saylı və xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarların ləğv edilməsi barədə” iddia tələbləri yeni nömrə verilməklə ayrı-ayrı icraatlara ayrılmış, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli **********593700 saylı qərarın ləğv edilməsi barədə” iddia tələbinə 2-1(112)-4939/2024 sayı altında baxılması qərara alınmışdır.
9. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, , xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarla vergi ödəyicisinə 2022-ci ilin gəlir vergisi üzrə 2.213,34 manat vergi məbləği hesablanmışdır. Belə ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci ilin gəlir bəyannaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı 2022-ci il üzrə vergi ödəyicisinin 15200,0 manat məbləğində elektron qaimə üzrə satışı olmuş, dövr üzrə gəlir vergisi bəyannaməsini təqdim edərkən mikro güzəşt hüququndan istifadə etmişdir. Belə ki, həmin dövr üzrə vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli **********593700 saylı qərarla riskli vergi ödəyicisi olduğu müəyyən edilmiş, nəticədə vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********100600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla bağlı vergi ödəyicisi tərəfindən cari (dəqiqləşmiş) gəlir vergisi bəyannaməsi, izahat və araşdırma üçün zəruri olan sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67, 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 2.213,34 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1- ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X4ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, X4nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X4 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.
10. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-5371/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********156100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, vergi məsuliyyəti müəyyən edən qərarlara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir. Normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. İşdən müəyyən olunur ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, iddiaçı e-qaimə əsasında mal alaraq (emala məruz qoyaraq) e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən, mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir. Cavabdeh iddiaçının güzəşt hüququndan məhrum olmasının riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsi olduğunu bildirməmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 2022-ci il ərzində fəaliyyət göstərdiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatları aşkar edilsə də, 2022-ci ilin gəlir bəyannaməsinin vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçı 2022-ci il üzrə gəlir vergisinin bəyannaməsini təqdim etmiş, bəyannamədə vergiyə cəlb olunan gəlirini 15.200 manat bəyan etmiş (iş və xidmət göstərilməsindən gəlir 15.200 manat, xərc 344 manat), Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 75 faiz güzəşt tətbiq edərək, 11.141,72 manat hissəsini vergidən azad etmiş (15.200-344)*75%=11. 141,72)), vergiyə cəlb edilən gəlirini 3.713,90 manat bəyan edərək, həmin gəlirinə 742 manat gəlir vergisi bəyan etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 2022-ci il üzrə kameral vergi yoxlaması üzrə gəlir vergisi bəyannaməsindən görünür ki, iddiaçının malların təqdim edilməsindən əldə etdiyi gəlir onun bəyan etdiyinə uyğun 15.200 manat qəbul edilmiş, xərcləri isə daha çox, 419,30 manat müəyyən etmiş, nəticədə vergiyə cəlb olunan gəlir kimi 14.780,62 manat qəbul edilməklə, hər hansi bir güzəşt təbiq edilmədən həmin məbləğdən büdcəyə ödənilməli 2.956,12 manat gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 2024-cü ilədək qüvvədə olan normasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad olunmuşdur. Beləliklə, qanunvericilikdə vergi ödəyicisi vergi güzəştlərindən istifadə etməsi üçün şərt müəyyən edilmişdir. Belə ki, ancaq gəlir və xərclərinin uçotunu aparan mikro sahibkarlar bu güzəştdən yararlana bilərlər. Lakin hazırkı iş üzrə vergi ödəyicisi qanunvericiliyin normalarını pozaraq xərclərinin uçotunu aparmamasına baxmayaraq 2022-ci il gəlir vergisi bəyannaməsini təqdim edərkən öz gəlirlərinə 75 faiz güzəşt tətbiq etmişdir. Göründüyü kimi, inzibati orqanın qüvvədə olan qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı 2022-ci il ərzində malları təqdim etsə də, həmin malların alışı, idxalı ilə bağlı hər hansı sənədə malik deyil. Belə olan halda aydındır ki, iddiaçı 2022-ci il ərzində gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi olmamış, bu səbəbdən vergiyə cəlb edilən gəlirinin 75 faizini vergidən azad etməkdə haqlı olmamışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmudur. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanına müraciət edilərək bildirilmişdir ki, iddiaçı bərpa və təmir fəaliyyəti ilə məşğul olur, qaimə-fakturalarda səhvən mal adı qeyd edilmişdir. Eyni zamanda sözügedən qaimələrin ləğv edildiyi, vergi orqanının qeyd etdiyi halların aradan qaldırıldığı bildirilmişdir. Həmin sözügedən qaimələr ləğv edilmişdir. Eyni zamanda eyni məzmunlu məktublar bir neçə dəfə tərəfimizdən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı qeyd edilənləri nəzərə almayaraq vergi ödəyicisinin 75 faiz güzəşt hüququnu tətbiq etmədən əlavə vergi hesablamışdır. Belə ki, cavabdeh tərəfindən işin halları hərtərəfli araşdırılmadan, inzibati icraat qaydaları pozularaq, vergi qanunvericiliyinə zidd olaraq qərar qəbul edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarda qeyd edilən mübahisəli qaimələrin xidmət kodu ilə yazılması halı vergi orqanı tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən sözügedən qaimələrlə xidmətlər göstərilmiş, mal satışı həyata keçirilməmiş və müvafiq olaraq xidmət kodu qeyd edilmişdir. Həmçinin iddiaçı ona məxsus bağ sahəsində xidmətlər göstərmiş və xidmət haqqı almışdır. İddiaçının xüsusi mülkiyyətində olan bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarış məhkəməyə təqdim edilmişdir. “Cavabdeh tərəfindən vurğulanan uyğunsuzluqların ödəyicinin istehsal fəaliyyəti ilə məşğul olmamasına təqdim edilmiş malların sənədsiz alınmasına və ya ümumiyyətlə əmtəəsiz olmasına dəlalət verməsinə istinad edilsə də, bu istinadlar yalnız mülahizələrdən ibarət olmuş, bununla bağlı cavabdeh tərəfindən konkret təsdiqedici dəlillər məhkəməyə təqdim edilməmişdir”. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Göründüyü kimi iddiaçının fəaliyyətində qeyd edilən hallar müəyyən edilmir, cavabdeh tərəfindən ümumiyyətlə işin halları üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, cavabdehin müraciətlərinə baxılmasında əsassız olaraq imtina edilmişdir.
ç) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi əlavə araşdırma aparılması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin kifayət qədər araşdırılması qanaətinə gələrək işin təxirə salınmasını lüzum bilmədi. Ona görə də məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. 38.7.3 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). 67.2 Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi.
17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mubahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, hazırki iş üzrə iddiaçı xx.xx.2024-cü il tarixli, **********156100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini tələb edir.
23. İş materiallarından göründüyü kimi mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Nasos ЭЦНАКИ 100-750, Mühərrik 32 KWT, Gidroqoruyucu " satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsidir. Bununla əlaqədar olaraq, vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********593700 saylı nömrəli qərar qəbul edilmiş və bundan sonra cavabdehin xx.xx.2024-cü il tarixli, **********156100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2022-ci ilin gəlir vergisi üzrə 2.956,12 manat məbləğində əlavə gəlir vergisi hesablanması müəyyən olunmuşdur.
24. Belə ki, vergi məsuliyyəti müəyyən edən qərarlara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Bu (avtomatik olaraq) onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.
25. Kollegiya qeyd edir ki, iddiaçı təmir işlərini həyata keçirdiyinə görə onun tərəfindən cavabdehin tələb etdiyi xərc sənədlərinin təqdim edilməsi mümkün deyil. Belə olduğu təqdirdə xərc sənədlərinin təqdim edilməməsi səbəbi ilə iddiaçı tərəfindən bəyan edilmiş 15.200 manat xidmət haqqı müqabilində 2.956.12 manat gəlir vergisinin hesablanması (15.200-419.38=14.780,62x20%=2.956.12) yolverilməzdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının 419.38 manat xərc sənədləri qəbul edilmiş, lakin mikrosahibkar olan iddiaçının gəlirinin 75 faizinə güzəştinin olması nəzərə alınmamışdır. Göründüyü kimi iddiaçıya münasibətdə 75 faiz güzəştin tətbiq edilməməsinin səbəbi iddiaçı barəsində riskli vergi ödəyicisi barədə qərarın olmasından irəli gəlmir.
26. Ona görə də məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-5371/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-5371/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.