Məhkəmə qərarları › İş №2-1(103)-3897/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3897/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3897/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9167/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2022-ci il tarixə dövlət büdcəsinə 3133,16 manat borcuna görə 30000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9167/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək bildirmişdir ki, İPM-nin 9.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı o halda elektron qaydada aparıla bilər ki, iddiaçı icraatın elektron qaydada aparılmasını seçmiş olsun. Lakin hazırki işdə iddia ərizəsini kağız daşıyıcıda əlbəəl vermişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı öz seçimini edərək icraatın elektron qaydada aparılmasından imtina etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi qərarını iddiaçıya poçt vasitəsilə göndərməli, qərar iddiaçıya çatdığı andan da müddətin axımı başlamalı idi. Lakin sözügedən məhkəmə qərarı iddiaçıya poçt vasitəsilə göndərilməyərək məhkəmə tərəfindən İPM-nin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə qərarı iddiaçıya lazımi qaydada təqdim olunmadığına görə həmin qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət verilə bilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiyanın mümkünlük məsələsinə cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarından görünür ki, 07 iyul 2023-cü il tarixli məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-9167/2023 saylı 07 iyul 2023-cü cü il tarixli qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin apellyasiya instansiya məhkəməsinə təqdim edilməsi təklif edilmişdir. Odur ki, apellyasiyanın mümkünlük məsələsinə baxılarkən iddiaçı “prosessual müddətin bərpası” barədə ərizə verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi “prosessual müddətin bərpası” barədə ərizəsini nəzərdən keçirərək hesab edir ki, prosessual müddət iddiaçı tərəfindən üzrlü olmayan səbəblərdən buraxıldığı üçün onun bərpasından imtina olunmalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hazırki işdə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti isə qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası iddiaçının “prosessual müddətin bərpası” barədə ərizədə istinad etdiyi İPM-nin 9.1-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin maddədə göstərilən “iddiaçının seçimi” icraatın aparılma qaydasına aiddir. Məhkəmə aktlarının və sənədlərinin çatdırılması ilə bağlı isə İPM-nin 20.3-cü maddəsində göstərilən qayda tətbiq olunmalıdır. Belə ki, İPMin 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərlə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, sms və s. vasitəsilə) çatdırılır. Odur ki, məhkəmə kollegiyası mübahisələndirilən məhkəmə aktından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət axımının məhkəmə aktının iddiaçının elektron kabinetinə yerləşdirildiyi gündən- xx.xx.2023-cü il tarixdən başlandığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə verilməsi ilə prosessual müddət ötürülmüşdür. Həmin prosessual müddətin bərpa edilməsi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizədə göstərilən əsas- “iddiaçının seçiminə görə icraatın elektron qaydada aparılmaması” yuxarıda qeyd olunan “məhkəmə aktının verilmə qaydaları”na zidd olduğundan qəbul edilmir və buraxılmış prosessual müddətin bərpası üçün də əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki vəziyyətdə isə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyündən və bu müddətin bərpasının üzrlü səbəblərdən mümkünlüyü onun tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, ötürülmüş prosessual müddətin bərpası üçün hüquqi əsas yoxdur. Oxşar məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)-2362/2022 saylı xx.xx.2022-ci il tarixli; 2-1(102)-350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlar). Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9167/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı iddiaçının ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9167/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar