Məhkəmə qərarları › İş №2-1(103)-3898/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3898/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3898/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: : “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən qəbul edilmiş **********650400 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – iddiaçı) Bəyənnamə və hesabat dövrü 2023-cü il Mənfəət vergisi üzrə 605551,18 manat əlavə vergi məbləği hesablanmışdır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 10/2023 saylı xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu Lot-3 km 53+500-73+500 hissəsində ayrıcı zolaqda beton sədd çəpərinin (New Jersey baryerlərin) hazırlanması” - tökmə beton (işçilik və material daxil) işlərinin aparılması müəyyən edilmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 017/2023 saylı xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən "Bakı-Quba-Rusiya Federasiyası istiqamətində yeni avtomobil yolunda "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin Lot-3 km 53+500-73+500 hissəsində ayrıcı zolaqda beton sədd çəpərinin (New Jersey baryerlər) hazırlanması” - tökmə beton (işçilik və material daxil) işlərinin aparılması müəyyən edilmişdir.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 015/2023 saylı xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsinin Lot-1km0+000-km29+900 7-ci km Yaşma hissəsində güc artımına görə təyin olunmuş KTM-lərin quraşdırılması" işlərinin aparılması müəyyən edilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********596100 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********291400 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********4403600 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli **********650400 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 1995-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № **********650400 saylı qərarla 2023-cü il üçün 605.551,18 AZN (altı yüz beş min beş yüz əlli bir, 18 q.) mənfəət vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Eyni zamanda vergi orqanı bununla kifayətlənməyərək bu kameral məbləğin A-i də avans rüblük mənfəəti hesablamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin LOT-3, km 53+500 - 73+500 hissəsində ayrıcı zolaqda beton sədd çəpərinin hazırlanması işlərinin” layihəsi üzrə 2023-cü ildə "xxxx" MMC (vÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC ( VÖEN: **********) müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid işlər görülmüşdür. Müəssisəyə hesablanmış mənfəət vergisinin əsasında həmin müəssisələr ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, bizim müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinim 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz həmin müəssisələr ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. Bu özü göstərir ki, həmin müəssisələr real mal təqdim edən şirkətdir, belə ki onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdırlar. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının "xxxx" MMC-yə münasibətdə mənfəət vergisinin hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edirik. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirik. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır.Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. xx.xx.2024-cü il tarixli № **********650400 saylı qərarla mənfəət vergisinin hesablanmasına əsas məhz bu elektron qaimə fakturaların nəzərə alınmaması üzərindən vergi orqanı tərəfindən əvəzləşməmiş kimi götürülən dövriyyəyə mənfəət hesablanması olmuşdur. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 3.8. maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəllənin 3.11. maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi məcəlləsinin 54 və 55-ci maddələrində göstərilir ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar və vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Qara-Qaya” Assosiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstritusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Konstitusiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir. “Təsadüfi deyil ki, “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqıında” Ali Məhkəmənin Plenumunun 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyinin bütün ziddiyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin riyayət edilməməsində vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Ona görədə göstərilən hal aydılaşdırılması mümkün olmayan məqamlar kimidə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.”

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********650400 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 603351,184 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməsi kimi dəyişdirilmişdir.

11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" MMC ilə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) arasında aparılmış əməliyyatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və aparılmış həmin əməliyyatlar üzrə xx.xx.2024-cü il tarixli **********650400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və əlavə vergi hesablanması həyata keçirilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən 2023-cü il ərzində yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə aparılmış 3 016 755.92 manat dəyərində əməliyyatların riskli olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma ilə qeyd edilən vergi ödəyicisindən əldə edilmiş elektron qaimə fakturalar üzrə alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin müəssisənin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanlar əsas götürülməklə həmin əməliyyatlar üzrə təqdim edilmiş sənədlər xərci təsdiq edən sənəd hesab edilməmiş, ümumilikdə vergi ödəyicisinə 605551.18 manat mənfəət vergisi hesablanması həyata keçirilmişdir. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçının ərizəsində qeyd olunan müddəalara münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********291400 nömrəli, xx.xx.2024-cü il tarixli **********403600 nömrəli və xx.xx.2024-cü il tarixli **********596100 nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış vergi nəzarət tədbiri zamanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə istiqamətində olan yolun şimal-qərb ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN: **********) adına qeydiyyatda olan **********-11001 kodlu təsərrüfat subyektinə kənardan baxış keçirilmiş və anbarda mal qalığı olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" MMC ilə qeyd olunan vergi ödəyiciləri arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması və vergi qanunvericiliyinin tələblərinə əsasən "xxxx" MMC tərəfindən əldə edilmiş sənədlərin əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsi səbəbindən müvafiq sənədlər xərcləri təsdiq edən sənəd qismində qəbul edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

13. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən iddia ərizəsinə münasibət olaraq etiraz təqdim edilmişdir. Məhkəmə iclası zamanı vergi ödəyicisinin aparmış olduğu əməliyyatların hansı səbəbdən əmtəəsiz olmasının səbəbi müzakirə edilmişdir. “Bakı 1 №li Yol İstismarı" MMC-nin əməliyyatları aparmış olduğu tərəflərdən biri olan "xxxx" MMC-nin (VÖEN: **********) dövriyyəsində (alışında və idxalında) “Bakı 1 №-li Yol İstismarı" MMC-ə göstərmiş olduğu iddia edilən körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işlərinin görülməsi üçün lazımi iş materialları, avadanlıqları və işlərin görülməsi üçün nəqliyyat vasitələri olmamışdır. Faktiki olaraq "xxxx" MMCnin istifadəsində (alışında və idxalında) qeyd olunan materiallar olmadığı halda ümumtikinti işləri üzrə xidmətlərin göstərilməsi ilk növbədə "xxxx" MMC tərəfindən edilmiş kimi göstərilmiş və eyni əməliyyatlar yalnız “iş və xidmətlərin göstərilməsi” üzrə ardıcıl olaraq bir neçə müəssisə arasında rəsmiləşdirilmişdir: Belə ki, "xxxx" MMC-nin aparmış olduğu əməliyyatlar araşdırıldıqda müəyyən olur ki, həmin müəssisə tərəfindən iş və xidmətlər eyni ad altında (körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri) "xxxx" MMCdən (VÖEN **********) alınmış kimi göstərilmiş və əməliyyatlar eyni tarixlərdə rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin aparmış olduğu əməliyyatlarda həmin müəssisə tərəfindən iş və xidmətlər eyni ad altında (körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri) "xxxx" MMC-dən (VÖEN **********) alınmış kimi göstərilmiş və əməliyyatlar eyni tarixlərdə rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin aparmış olduğu əməliyyatlarda həmin müəssisə tərəfindən iş və xidmətlər eyni ad altında (körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri) "xxxx" MMCdən (VÖEN **********) alınmış kimi göstərilmiş və əməliyyatlar eyni tarixlərdə rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin aparmış olduğu əməliyyatlarda həmin müəssisə tərəfindən iş və xidmətlər eyni ad altında (körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri) "xxxx" MMC-dən (VÖEN **********) alınmış kimi göstərilmiş və əməliyyatlar eyni tarixlərdə rəsmiləşdirilmişdir. “İnter M Service" MMCnin aparmış olduğu əməliyyatlarda isə yalnız mal alışının "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə aparıldığı və "xxxx" MMC-nin idxalında və alışında sözügedən xidmətin göstərilməsi üçün tələb olunan miqdarda materialların, o cümlədən iş avadanlıqlarının olmadığı müəyyən olur. Qeyd olunan əməliyyatlardan da göründüyü kimi müəssisələr arasında aparılmış əməliyyatlar faktiki olaraq mal, iş və xidmət təqdim edilmədən, başqa əməliyyatı pərdələmək məqsədilə yalnız xidmələrin göstərilməsi kimi rəsmiləşdirilmişdir. Aydındır ki, sadə bir xidmətin göstərilməsi üçün oxşar müəssisələr arasında bir neçə ardıcıl eyni əməliyyatların aparılmış kimi göstərilməsi vergidən yayınma məqsədilə edilmişdir. Çünki araşdırmanın davamında da müəyyən olmuşdur ki, qeyd olunan əməliyyatlar fərqli vergi ödəyiciləri arasında davam etdirilmiş və eyni qaydada aparılmış kimi göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, bütün əməliyyatlar eyni tarixdə aparılmışdır. Əlavə olaraq, aparılmış əməliyyatların dəyərinə baxdıqda müəssisələr tərəfindən “xidmətlər” təqdim edərkən çox az məbləğdə ticarət əlavəsinin qoyduğu məlum olur. Faktiki olaraq bir milyon manat dəyərində olan xidmətlər üçün müəssisələr arasında əməliyyatlar zamanı yalnız bir neçə yüz manat fərqlə xidmətlərin göstərilməsi özlüyündə əməliyyatın real olmadığını sübut edir. Bu hal bir daha Vergi Məcəlləsinin 13.2.81-ci və 13.2.70-ci maddəsinə əsasən, həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə aparıldığını və vergidən yayınma sxemi yaratdığı faktını təsdiq edir. Qeyd edilən vergi ödəyiciləri hamsı riskli vergi ödəyicisi hesab edilmişdir və vergi ödənişlərinin dövlət büdcəsinə ödənilməsini yayındırmışlar. Əmtəəsiz əməliyyatların bu şəxslər arasında eyni tarixdə etməklərinin səbəbi isə vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz olmasını sübut edənədək uzun müddətin keçirilməsi olmuşdur.

14. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10601/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (Hakim A.Almazova) iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsasən onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir.) ilə 2023-cü il ərzində aparılmış 3 016 755,92 manat dəyərində əməliyyatların riskli (əmtəəsiz) olduğunu hesab edilməsi və nəzərə alınmaması nəticəsində 603351,184 manat vergi borcu hesablanmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi 5 adda olan müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi xərc sənədlərini qəbul etməməsi əsassız olmuşdur.

16. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

17. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir.

18. Məhkəmə qeyd edilənlərə əsasən, hesab etmişdir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar ləğv olunmalıdır

19. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10601/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunur ki, iddiaçı tərəfindən qeyd edilən vergi ödəyiciləri ilə əməliyyatlar aparılan zaman həmin müəssisələr vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyiciləri barədə qərarlar qəbul edilmişdir. Müvafiq hissədə məhkəmə nəzərə almamışdır ki, əməliyyatların əmtəəsiz hesab olunması və vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına aid edilməsi məhz həmin vergi ödəyiciləri arasında əməliyyatlar aparıldıqdan sonra müvafiq əməliyyatların yekununda əməliyyatların əmtəəsiz olub-olmaması müəyyən edilir və riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi barədə qərar qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Həmçinin, iş üzrə təsdiq olunmuş haldır ki, "xxxx" MMC ilə yuxarıda qeyd olunan hər üç vergi ödəyicisi arasında aparılmış əməliyyat faktiki olaraq mal, iş və xidmətlər təqdim edilmədən aparılmışdır. Çünki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq aparılmış araşdırma zamanı hər üç vergi ödəyicisinin idxalında (alışında) həmin mallar, işlər və xidmətlər müəyyən edilməmişdir. Belə olan halda, həmin malların, işlərin və xidmətlərin vergi ödəyiciləri tərəfindən iddiaçıya təqdim edilməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarında göstərilir ki, sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan sözügödən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, işin faktiki hallarını təsdiq edən sübutların əsasını riskli vergi ödəyiciləri siyahısına aid edilmiş vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektronqaimə fakturalar təşkil edir, hansı ki müvafiq qaimələrdə "xxxx" MMC təqdim olunmuş malların, işlərin və xidmətlərin həmin vergi ödəyicilərinin idxalında və ya alışında olmadığı və bu səbəbdən həmin ödəyicilər tərəfindən qeyd olunan iş və xidmətlərin təqdim edilməsinin qeyri-mümkün olması aşkar edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.

25. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddə 14. Bazar qiyməti 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9-cu maddəsinə əsəsən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 34.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarına riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 37.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətini və ona dair əlavədə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

41. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********650400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə iddiaçı "xxxx" MMC-yə 2023-cü il üçün 605551,18 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

42. İnzibati orqan belə qərara gələrkən qeyd etmişdir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı (mal aldığı) satıcı RX Construction MMC (VÖEN: **********), İnter A Group MMC (VÖEN: **********), Fateh 2021 İnşaat MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab olunduqlarından aralarındakı münasibətlərini əmtəəsiz və riskli əməliyyat kimi qiymətləndirmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən riskli vergi ödəyiciləri hesab edilmiş hüquqi şəxslərlə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edildiyi üçün bu halın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və kənarlaşmanın yaranmasına səbəb olması barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə əsasən, aparılmış əməliyyatın riskli əməliyyat hesab oluna bilməsi üçün zəruri olan hallar - elektron qaimə üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi və ya iddiaçının adıçəkilən hüquqi şəxslərlə apardığı əməliyyatının əmtəəsiz olması sübut etmə vəzifəsi üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən onun bu dəlili əsassızdır.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimələr üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbi ilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

45. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.

46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların, işlərin və xidmətlərin müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, işlərin və xidmətlərin görülməsi özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

47. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə araşdırma apararkən iddiaçı tərəfindən qeyd edilən vergi ödəyiciləri ilə əməliyyatlar aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyiciləri barədə qərarlar qəbul edilmişdir. Müvafiq hissədə məhkəmə nəzərə almamışdır ki, əməliyyatların əmtəəsiz hesab olunması və vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına aid edilməsi məhz həmin vergi ödəyiciləri arasında əməliyyatlar aparıldıqdan sonra müvafiq əməliyyatların yekununda əməliyyatların əmtəəsiz olub-olmaması müəyyən edilir və riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi barədə qərar qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir.

48. Məhkəmə kollegiyası cavabdehin qənaətinin əsassız olmasını müvafiq qanunvericilik normalarına istinad etməklə sübuta yetirilməsini qanuni hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

49. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

51. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elekron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.

52. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində iddiaçı tərəfindən əməliyyatlar aparılan zaman RX Construction MMC, İnter A Group MMC, Fateh 2021 İnşaat MMC riskli vergi ödəyicisi siyahısında olmamışdırlar.

53. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.

54. Kollegiya cavabdehin yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəlili ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanuna uyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

55. Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. (2-1(102)-2208/2023 №-li Qərar).

56. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MMC ilə yuxarıda qeyd olunan hər üç vergi ödəyicisi arasında aparılmış əməliyyat faktiki olaraq mal, iş və xidmətlər təqdim edilmədən aparılmışdır. Çünki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci və 3.1-ci bəndlərinə uyğun olaraq aparılmış araşdırma zamanı hər üç vergi ödəyicisinin idxalında (alışında) həmin mallar, işlər və xidmətlər müəyyən edilməmişdir. Belə olan halda, həmin malların, işlərin və xidmətlərin vergi ödəyiciləri tərəfindən iddiaçıya təqdim edilməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarında göstərilir ki, sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan sözügödən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, işin faktiki hallarını təsdiq edən sübutların əsasını riskli vergi ödəyiciləri siyahısına aid edilmiş vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektronqaimə fakturalar təşkil edir, hansı ki müvafiq qaimələrdə "xxxx" MMC təqdim olunmuş malların, işlərin və xidmətlərin həmin vergi ödəyicilərinin idxalında və ya alışında olmadığı və bu səbəbdən həmin ödəyicilər tərəfindən qeyd olunan iş və xidmətlərin təqdim edilməsinin qeyri-mümkün olması aşkar edilmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, cavabdeh iddiaçıya vergi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərdən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığına əsaslanmış, lakin iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin (xidmətlər göstərilməməsinin) baş tutub-tutmaması, tərəflərin müqavilə öhdəliklərini icra edib-etməməsi ilə bağlı araşdırma aparmamış, bununla da iddiaçının (vergi ödəyicisinin) xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir (VM-nin 36.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi).

58. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna (xidmətlərin göstərilməsinə) dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

59. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi və bu əsasla ona əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

60. Bundan başqa Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin "xxxx" MMC təqdim olunmuş malların, işlərin və xidmətlərin həmin vergi ödəyicilərinin idxalında və ya alışında olmadığı və bu səsəbədən həmin ödəyicilər tərəfindən qeyd olunan iş və xidmətlərin təqdim edilməsinin qeyri-mümkün olması aşkar edilməsi” dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən cavabdeh tərəfindən iddiaçının müqavilə üzrə üzərinə düşən işlərin və xidmətlərin tam həcmdə iddiaçı tərəfindən yerinə yetirilmədiyinə, həmçinin malların, işlərin və xidmətlərin həmin vergi ödəyicilərinin idxalında və ya alışında olmadığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin işlərin görülməsi üçün lazımi iş materialları, texnika, nəqliyyat vasitələri və s. avadanlıqların olmaması dəlili ilə bağlı Kollegiya qeyd edir ki, müvafiq işlərin görülməsi üçün tələb olunan avdanlıq, texnika, nəqliyyat vasitələri və s. materialların həcminin və miqdarının müəyyənləşdirilməsi xüsusi bilik tələb edir. Lakin cavabeh inzibati orqan yuxarıda qeyd edilənlərə dair xüsusi mütəxəssis bilikləri tələb olunduğu halda müvafiq ekspertizalar təyin etmədən, müəyyən etmişdir.

61. Eyni zamanda Kollegiya, cavabdehin apellyasiya şikayətinin “müvafiq xidmətlərin və işlərin görülməsi məqsədilə həmin işlərin və xidmətlərin göstərilməsinin digər vergi ödəyicilərinə ötürülməsinin vergidən yayınması məqsədilə edilməsi ilə bağlı” dəlilinə münasibətdə bildirir ki, cavabdeh özü də qeyd edir ki, müəssisələr “xidmətlər” təqdim edərkən ticarət əlavəsi qoymuşdur. Göründüyü kimi hər müəssisə özü üçün müəyyən ticarət əlavəsi qoymuşdur ki, həmin məbləğin aşağı və ya yuxarı həddi də qanunvericilikdə müəyyən olunmamışdır.

62. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

63. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

64. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

65. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuşdur.

66. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

67. Belə ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanın bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

68. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda, cavabdehin istinad etdiyi məlumatlar Vergi Məcəlləsinin 67.1-ci maddəsinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir.

69. Məhkəmə kollegiyası nəzərə alır ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin müddəalarının məzmunundan aşkar olaraq müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.

70. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir.

71. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələri dəqiq və aydın izah edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-863/202; 2-1(102)-544/2024 və 2-1(102)-844/2024 mövqeyi eyni olaraq göstərilmişdir.)

72. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh nə bazar qiyməti, nə də Nazirlər Kabinetinin 55 saylı qərarı, nə analoji, nə də ekspert rəyi əsasında vergiləri hesablamamışdır. Bununla bağlı kameral vergi yoxlaması qərarında da belə bir qanuni əsas müəyyən edilmir. Halbuki Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması qərarı əsaslandırılmalı və Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə aparılmalı idi.

73. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

74. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

75. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

76. Həmçinin məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

77. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

78. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10601/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar