Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-39/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4596/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 İdarəedilməsi Akademiyasının “Menecment” ixtisası üzrə bitirməyinə dair Dİ 041690 nömrəli xx.xx.2014-cü il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasından Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinasının qanunsuz hesab edilməsini, həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, X4 İdarəedilməsi Akademiyası tərəfindən ona verilmiş Dİ 041690 nömrəli xx.xx.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə X4 İdarəedilməsi Akademiyasına qəbul olmuş, 2014-cü ildə həmin Akademiyanı bitirərək, menecment ixtisası əldə etmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona menecment ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. O, təhsil aldığı müddət ərzində təhsil proqramlarını yerinə yetirmiş və ixtisasa tam olaraq yiyələnmişdir. 2013-2014-cü illərdə Ukraynada ictimai-siyasi vəziyyət gərgin olduğuna görə tələbələrin təhsil alması və onlar tərəfindən yekun imtahan sessiyalarının verilməsi fərdi qrafiklər əsasında həyata keçirilmişdir. O, xx.xx.2014-cü il tarixdə adına verilmiş Dİ 041960 nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli cavab məktubları ilə onun xahişi təmin olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, X4 İdarəedilməsi Akademiyası tərəfindən İddiaçı verilmiş Dİ 041690 nömrəli (qeydiyyat nömrəsi) xx.xx.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qərarı əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, Nazirlikdə də iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, təqdim etdiyi diplom Azərbaycan Respyblikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X2 İdarəedilməsi Akademiyasının ixtisası üzrə təhsil alması lazım olduğu halda Təhsil Nazirliyində vətəndaşın sənədləri araşdırılarkən vətəndaşın qeyd olunan müddətin qarşılığında həmin ölkədə daha qısa müddət olması müəyyən edilmişdir. Bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və məhkəmə qərarının dəyəşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dİ 041960 nömrəli xx.xx.2014-cü il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2010-cu il tarixdə X4 İdarəedilməsi Akademiyasına qəbul olunmuş, menecment ixtisası üzrə bakalavr dərəcəsi almış, diplomu Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. xx xxxx 2014-cü il tarixli Dİ041960 nömrəli bakalavr diplomuna 3235 nömrəli əlavədən görünür ki, İddiaçı 2010-cu ildə X4 İdarəedilməsi Akademiyasında təhsili rus və ingilis dilində aparılmış, müvafiq təhsil forması üzrə proqramın rəsmi müddəti 4 il müəyyən edilmiş və diplova əlavədə tədris olunan fənlərin, kurs işlərinin və diplom işinin adı, keçirilən saatlarıvə verilən qiymətlər ətraflı şərh edilmişdir. X4 İdarəedilməsi Akademiyasının xx xxx 2014-cü il tarixli, 424 nömrəli arayışında bildirilmişdir ki, İddiaçı 2010- cu ildən 2014-cü ilə kimi Akademiyanın beynəlxalq münasibətlər və linqvistika institutunda gündüz (əyani) formada təhsil almış, tədris planını yerinə yetirdiyi, təhsil müddətinə uyğun olaraq təhsilini bitirdiyi üçün Dövlət imtahan Komissiyasının qərarı ilə bakalavr dərəcəsi almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin iddiaçıya ünvanladığı 1296/ANİ-Q-4345 saylı xx xxxxx 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, X4 idarəedilməsi Akademiyasının normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Hesab edilmişdir ki, təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq sturukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən X4 idarəedilməsi Akademiyası tərəfindən İddiaçı adına verilmiş xx xxxx 2014-cü il tarixli Dİ 041960 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddiaçı bu imtinanı mübahisələndirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarından, o cümlədən iddia ərizəsindən və iddiaçının adına verilmiş diplomdan görünür ki, İddiaçı 2010-2014-cü il tarixdə X4 İdarəedilməsi Akademiyasında əyani təhsil almış ona “Menecment” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi barədə Dİ 041690 nömrəli xx.xx.2014-cü il tarixli diplom verilmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçı əyani təhsilini təxminən 4-5 ay müddətində almış və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bundan başqa, iş materiallarından məyyən olunur ki, İddiaçı Ukrayna Respublikası X1 Akademiyasının normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu hal iş materiallarında olan «Sərhədkeçmə» barədə sənəddə öz əksini tapmışdır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriattəhsilinin məzmunu və təşkili Qaydaları»nın: 4.1-ci maddəsinə əsasən «Bakalavr» dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Eyni zamanda Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə «təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən «xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, «ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». d) yarımbəndində qeyd edilir ki, «səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır». Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, «İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər». Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.5-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir». Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır». Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublİkasının xx xxxx 2000-ci il tarixli 919-İQ №-li Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Həmin «Saziş»in 5-ci maddəsi ilə isə tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, sözügedən «Saziş»in müddəaları ilə tərəflər bu dövlətlərdə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədləri qarşılıqlı surətdə tanınması və növbəti pillədə təhsili davam etdirərkən bu sənədlərin ekvivalent sayılması barədə razılığa gəlmişlər. Həmin Sazişin 5-ci maddəsi ilə isə Ukrayna Respublikasında verilmiş diplomların Azərbaycan tərəfindən tanınması müəyyən hal ilə şərtlənmiş və qeyd olunmuşdur ki, diplomların tanınması o halda mümkündür ki, bu diplomlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun olsunlar. Yuxarıda göstərilənlərdən görünür ki, Sazişin 5-ci bəndindən əzərdə tutulan meyarların uyğunluğunu müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən müəyyən edilir. Hazırki işdə sözügedən ekspert rəyinin təqdim olunmaması səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılması üçün 2 ay müddət təyin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ekspert rəyinin təsdiq edilmiş surətindən müəyyən olundu ki, X4 İdarəedilməsi Akademiyasının normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani-4 il) iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Həmin qısa müddət ərzində diploma əlavədə qeyd olunmuş 71 fənni mənimsəmək, 4 kurs işi yazmaq, təcrübə keçmək, diplom işi (12 həftə) yazmaq və yekun dövlət imtahanı verərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Bu səbəbdən də İddiaçın adına verilmiş xx.xx.2014-cü il tarixli diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə zidd hesab olunmuşdur. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olundu ki, İddiaçı barəsində sərhədkeçmə haqqında məlumatlara əsasən təhsil aldığı birinci il həmin ölkədə olması ilə bağlı sərhəd məlumatı olmamış, ikinci il təhsil aldığı ölkədə 1 ay 2 gün, üçüncü il 1 ay 27 gün, dördüncü il isə 2 ay 7 gün olmuş və qeyd olunan məlumatlara ekspert qrupu tərəfindən baxılaraq diplomunun ölkə ərazisində tanınması ilə bağlı mənfi rəy verilmişdir. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının X4 İdarəedilməsi Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri- mümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4596/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-39/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-39/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver