Məhkəmə qərarları › İş №2-1(103)-39/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-39/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-39/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Səbail Rayon İcra Hakimiyyəti) qarşı “çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)-4682/2016 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1226 A saylı torpaq sahəsinin onun mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 14 mart 2004-cü il tarixdə ona Səbail rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin cizgisi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh onun bu müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənməmiş və uyğunsuzluq mövcud olmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın dövlət reyestrində müvafiq qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və əmlaka hüquqların dövlət reyestrində qeydiyyatının dəqiqliyinə görə cavabdehlik daşıyır. İddiaçının müraciəti nəticəsində aparılmış araşdırma zamanı onun tərəfindən təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sonuncu sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin onun tərəfindən təsdiqlənmədiyini və uyğunsuzluğun mövcud olduğunu bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)- 4682/2016 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli, 2-1(103)-940/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli, 2-1(102)-1558/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı Səbail Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tarixli, 2-1(103)-228/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2-1(102)-1244/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 400 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsi barədə DƏDRX-nin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1910/2018 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(102)-745/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2-1(103)-1416/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olumaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-72/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Səbail rayon icra Hakimiyyətinə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfındən təsdiqlənmədiyi və yerləşmə cizgisində uyğunsuzluq olduğu göstərilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Bundan başqa müvafiq torpaq sahəsinin yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilibedilməməsi və yerləşmə cizgisində olan uyğunsuzluğu araşdırmaq üçün Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən 21 sentyabr 2016-cı il tarixli, **********86 saylı məktubla cavab verilərək İdarəyə təqdim edilən yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə göndərilməsinə, sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənməməsinə və uyğunsuzluğun mövcud olmasına istinad olunmuşdur. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, 14 mart 1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin 14 mart 2004-cü il tarixli yerləşmə cizgisində ayrılmış torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşməklə, 600 kv.-dən deyil, 400 kv.m-dən ibarət olması, solda yerləşən torpaq sahəsinin nömrəsinin 1223, sağda yerləşən torpaq sahəsinin nömrəsinin isə 1226 olması göstərilmişdir. “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” 21 mart 1995-ci tarixli akta əsasən Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, 14 mart 1995-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı 0,06 hektar torpaq sahəsi təhkim edilmişdir. Aktda göstərilən cizgiyə əsasən 1225a saylı torpaq sahəsinin sağında yerləşən torpaq sahəsinin nömrəsi 2004-cü ildə tərtib olunmuş cizgidən fərqli olaraq 1226 deyil, 1225-dir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən cavabdehə ünvanlanmış 10-746 saylı, 31 avqust 2016-cı il tarixli məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məxsus Səbail rayonu, badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olnmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanmış maddələrdən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Qeydiyyatın aparılması üçün həmin sənəd və mülkiyyət hüququ torpaq sahəsi üzərində aparılmalı olduqda ona dair plan və ölçü cavabdehə təqdim edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, 14 mart 1995-ci il tarixli sərəncamına istinad etmişdir. Həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. 1991-ci il tarixli redaksiyada olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; - 9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; - 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; - 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; - 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; - 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; - 100-cü maddəyə əsasən, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: - 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; - 2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; - 23-cü bəndinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; - 25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; - 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir. Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab olunmalıdır. Ali Məhkəmə 25 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, mübahisəli hal sərəncamla ayrılmış torpaq sahəsinin çizgisinin mötəbərliyi ilə bağlıdır. İşin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” 21 mart 1995-ci il tarixli akta və torpaq sahəsinin 14 mart 2004-cü il tarixli yerləşmə cizgisinə qiymət verərkən onların uyğunsuz olduğunu və müvafiq qaydada təsdiq olunmadığına əsaslanmışdır. Bu hissədə apellyasiya məhkəməsi müəyyən etdiyi işin hallarına hər hansı hüquqi qiymət vermədiyindən, əsassız olaraq həmin sənədlərin mötəbərsiz olduğu nəticəsinə gəlmişdir. Belə ki, yuxarıda göstərilmiş torpaq sahəsinin ayrılmasına dair qanunveriliyin tələblərinə əsasən, hər iki sənəd qanunla müəyyən edilmiş qaydalara münasibətdə tərtib edilmişdir. “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” 21 mart 1995ci il tarixli akt yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsində nəzərdə tutulmuş qaydada yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən edən sənəddir. Yəni iddiaçıya 1995-ci ildə torpaq sahəsi sərəncamla ayrılmış, onun hüquqları yerdə müəyyən edilməklə təqdim edilmişdir ki, bu hal iddiaçının həmin aktda olan imzası ilə təsdiq olunur. Lakin həmin vaxt iddiaçının mülkiyyət hüququnun təsdiqi üçün torpaq üzərində mülkiyyət hüququnun dövlət aktı ilə rəsmiləşdirilməsi məqsədilə torpaq sahəsinin yerləşmə çizgisi təqdim olunmamışdr. 14 mart 2004-cü tarixli “Torpaq sahəsinin yerləşmə cizgisi” isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 100-cu maddəsində və istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 1992-ci il tarixli qərarının 26-cı bəndində göstərilmiş qaydada torpağın yerləşdirilməsini, yəni onun hüdudlarını, yerləşmə nöqtələrini müəyyən edən sənəddir və icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələri tərəfindən tərtib edilməlidir. Sonuncu sənədin alt hissəsindən göründüyü kimi, 14 mart 2004-cü il tarixində rayon icra hakimiyyəti başcısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş və həmin nümayəndəliyə məxsus möhürlə təsdiq olunmuşdur. Həmin sənədin yuxarı hissəsindən göründüyü kimi, Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş cizgi Səbail rayon icra hakimiyyəti başcısının müavini tərəfindən və həmin qurumun möhürü ilə təsdiq edilmişdir. Cizgidə faktiki istifadədə olan torpaq sahəsinin 400 kv.m olması və onun yerləşmə nöqtələri əks olunmuşdur. Bu sənəd 2004-cü ildə tərtib edilsə də, lakin onun mahiyyəti 1995-ci ildə torpaq sahəsinin ayrılmasına dair sərəncamla bağlı olduğundan, həmin dövrə münasibətdə qanunveriliyin tələblərinin tətbiqini zəruri etmişdir. Qanunvericiliyin yuxarıda əsk olunmuş tələblərinə görə isə, istinad edilən xəritə (cizgi) torpaq sahəsinin ayrılması zamanı vəsatətə əlavə edilməklə təqdim edilməli, qərar qəbul edildikdə isə torpaq sahəsi ayrılmış şəxsə təsdiq olunmuş qaydada torpaq sahəsinin ayrılması barədə sənədlərlə verilməli və son mərhələdə, torpaq sahəsi yerində (naturada) ayrılmalı və sonuncu hərəkətlə bağlı müvafiq sənəd tərtib edilməlidir. Qeyd edilənləri nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, istinad edilmiş sənədlər müxtəlif hüquqi faktları müəyyən etmiş və onlarda əks olunmuş məlumatların hansı qaydada uyğunsuzluq təşkil etdiyi qeyri-müəyyəndir və bu hissədə apellyasiya məhkəməsi cavabdehin imtinasına əsas olmuş halın nədən ibarət olduğunu tam aydınlaşdırmalıdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının bildirdiyi hallara dair təqdim etdiyi sənədlərə əsasən işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə, zəruri olduğu halda torpaqşünaslıq məhkəmə ekspertizası təyin etməklə yenidən araşdırma aparmaqla nəticəyə gəlməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Yeni apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-94/2021 saylı, 01.07.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 10/3706 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin “nümayəndələrin iştirakı barədə” olan **********09 saylı 15.09.2021-ci il tarixli arayışda mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirildiyi və tədqiq olunan faktiki torpaq sahəsinin 418,0 kv metr təşkil etməklə, bir tərəfdən şərti sərhədləndiyi, 3 tərəfdən isə daş hasarla əhatə olunduğu göstərilmişdir. Lakin məhkəmə qərardadı ilə ilə ekspertiza qarşısında qoyulmuş suallar konkret olaraq cavablandırılmadığından, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyi ilə faktiki torpaq sahəsinin 418,0 kv metr olduğu müəyyən olunur. Cavabdehin istinad etdiyi yerləşmə cizgisinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyi ilə bağlı dəlillərinə münasibətdə bildirilməlidir ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizgi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Uyğunsuzluqla bağlı isə qeyd olunmalıdır ki, cizgi iddiaçının özü tərəfindən yox, torpaq sahəsini ayırmış inzibati orqan tərəfindən tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan ayırdığı sahənin yerini dəqiq göstərmək vəzifəsi daşıyır. O, bunu lazımi qaydada etməyibsə, bu hal iddiaçıya ümumiyyətlə torpaq sahəsi ayrılmadığı anlamına gətirib çıxara bilməz. Belə ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmışdır. İşin hallarından görünür ki, sahəni ayırmış inzibati orqan əvvəlcə sərəncamın verilməsindən (14 mart 1995-ci il) qısa müddət sonra (21 mart 1995-ci il) ayrılmış sahənin sxemini tərtib etmiş, daha sonra isə, 14 mart 2004-cü il tarixdə yeni bir cizgi tərtib etmişdir. Əvvəlki və sonrakı cizgilərdə sahənin ölçüsünün fərqli göstərilməsi, eləcə də qonşuluqda yerləşən sahələrin nömrələrində müəyyən uyğunsuzluqların olması iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallardır. İnzibati orqanın hərəkətləri ilə bağlı olan bu halın iddiaçının ziyanına şərhi yolverilməzdir. Ali Məhkəmə 21 iyun 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, həmin sahənin naturada mövcud olub-olmadığını, onun başqasının adına qeydiyyata alınıb-alınmadığını dəqiqləşdirilməlidir. Ötən müddət ərzində sahənin ölçülərində müxtəlif səbəblərdən baş vermiş azalma (əgər həqiqətən bu baş vermişsə) da iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, hazırkı iddia çərçivəsində ən azından 400 kv.m sahəyə dair (onun iddiaçıya ayrılmış sahə olduğu müəyyən edildiyi halda) iddiaçının hüquqlarının qeydiyyata alınması həll oluna bilər. Cavabdehin çıxarışın verilməsindən imtina etdiyi torpaq sahəsinə dair hər hansı şəxsin tələbi olmamış, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan torpaq sahəsinə başqa şəxslərin müraciətinə dair hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası mübahisəyə iddia tələbinin dəqiqləşdirilməsi həddində baxaraq qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunavericiliyin tələblərinə əsasən qanuni sayıldığından, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizgi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyindən, mütəxəssis rəyi ilə də iddiaçının çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 418 kv metr olduğu müəyyən edildiyindən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 400 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsini tələb etdiyindən, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)- 4682/2016 saylı qərarı dəyişdirilsin. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar