Məhkəmə qərarları › İş №2-1(103)-39/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-39/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-39/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X5 və X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinə hüquqların qeydiyyata alınması»tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4429/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinə hüquqların qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər XDS İK-nın 22 aprel 1991-ci il tarixli 5/353 saylı qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində, 102 saylı ВТК nəzdində 0,12 ha ölçüdə 322«D» saylı bağ sahəsi ayrılmışdır. Bu barədə ona 31 may 1991-ci il tarixli B/S nömrəli order verilmişdir. Zal Baxşıyev sahibliyində və istifadəsində olan bağ sahəsində təsərrüfat işləri aparmış, müxtəlif bəzək və meyvə ağacları əkmiş, bağ evi tikintisi aparmışdır. O, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həmin bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etmişdir. İdarənin 13 oktyabr 2020-ci il tarixli cavabında bildirmişdir ki, göstərilən bağ sahəsi Binəqədi rayonu, Görədil bağ massivinə aiddir. Bundan sonra Zal Baxşıyev həmin bağ sahəsinə mülkiyyət hüququnun tanınması və müvafiq qaydada çıxarışın vıerilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilat ona 6 noyabr 2020-ci il tarixli «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildiriş vermişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və göstərilən ərazi «285» nömrə ilə başlayan bağların ərazisinə uyğun gəlir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, bağ sahəsinin ayrılmasına dair rəsmi sənədlərdə bağ sahəsinin sıra nömrəsi, sahənin yerləşmə koordinatları müəyyən edilmiş və ayrıldığı vaxtdan bu günədək heç bir icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən mübahisələndirilməmişdir. Bağ sahələrinin yenidən qeydə alınması və yeni sıra nömrələrinin verilməsi buna cavabdeh olan səlahiyyətli orqanların işi olmuşdur. Cavabdeh təşkilat həmin əsaslarla Zal Baxşıyevin daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasından imtinası əsassız və qanunsuz olmuşdur. Bağ sahəsinin dövlət reyestrində qeydə alınması ilə bağlı təqdim olunan sənədlərə ilkin baxış zamanı sənədlərin qaydasında olduğu bildirilmiş və bundan sonra 80 manat dövlət rüsumu ödənlmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakı dövlət reyestri haqqında» AR Qanununun 8, 9, 10.1-ci maddələrinə, İPM-in 2.2, 45, 46-cı maddələrinə əsaslanaraq, iddianın təmin edilməsi, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz (əsassız) sayılması, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağ massivində 322 “D” nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh DƏDRX 1 saylı bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmış və iddiaçı X2 Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağlar massivində 322 “D” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “285” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış əsasında tərtib edilmiş xx.xx.2020- ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən bildiririk ki, bağ sahəsinin ölçüsü sənəd üzrə 1200.0 kv.m. olsa da, faktiki olaraq 1115.0 kv.m-dir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhər XDS İK-nın 22 aprel 1991-ci il tarixli 5/353 saylı qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində, 102 saylı ВТК nəzdində 0,12 ha ölçüdə 322«D» saylı bağ sahəsi ayrılmışdır. Bu barədə ona 31 may 1991-ci il tarixli B/S nömrəli order verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həmin bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ iddiaçının iddia tələbinin təmin edilməsilə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir : Apellyasiya şikayətindən görünür ki, cavabdehin imtina dəlilləri aşağıdakı kimidir: 1)Bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi. 2)Bağ sahəsinin ölçüsünün sənəd üzrə 1200.0 kv.m. olsa da, faktiki olaraq 1115.0 kv.m olması. Bakı Apellyasi Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-447/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, cavablandırılması üçün ekspertlər qarşısında 3 sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 03 aprel 2023-cü il tarixli, 10/1242 nömrəli ekspert rəyində qeyd edilmişdir : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli **********10 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 1115 m2 təşkil etdiyi və torpaq sahəsinin üzərində yarımçıq tikilinin mövcud olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı müəyyən olundu. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən dəqiq hansı bağ sahələrinin olduğunu müəyyənləşdirmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin hər hansı bir qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, qeyd olunan bağ nömrəsinin (322D) bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, ərazinin 322 saylı bağ sahəsinin indekslərinin ərazisinə uyğun gəlmədiyi müəyyən edildi. Kollegiya cavabdehin apellyasiya şikayətində və ekspert rəyində sxematik xəritə ilə uyğunsuzluğun olması ilə bağlı qeyd edilənlərə münasibətdə bildirir ki, bağların bölgüsünə dair sxematik xəritədəki uyğunsuzluq iddiaçının iradəsindən asılı olan deyil və bu hal onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər XDS İK-nın 22 aprel 1991-ci il tarixli 5/353 nömrəli sərəncamı əsasında X1 və İstismarı Birliyinin 102 saylı BTK tərəfindən verilmiş B/S (Б/С) nömrəli order hazırda qüvvədədir və hər hansı qaydada mübahisələndirilməmişdir. Ekspert rəyindən də görünür ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin hər hansı bir qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bundan başqa cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq bağ sahəsinin ölçüsünün sənəd üzrə 1200.0 kv.m., faktiki olaraq 1115.0 kv.m olmasını göstərmiş, yuxarda qeyd edilən ekspert rəyi ilədə bu hal öz təsdiqini tapmışdır. Lakin, sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinə hüquqların qeydiyyata alınması» tələbininə dair iddia ərizəsindəki tələbini dəqiqləşdirərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 322 D saylı bağ sahəsində 1115,0 kv.m bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələbi 1200.0 kv.m. deyil, faktiki olaraq müəyyən edilən 1115.0 kv.m-dir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə araşdırması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək yeni qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 322 D saylı bağ sahəsində 1115,0 kv.m bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən (VÖEN : **********) 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN : **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Şərafət Məmmədova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar