Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-390/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1954-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 17.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 1954-cü ildə anadan olmuşdur. 1991-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 28 il dövlət qulluğu stajı var. 04 fevral 2018-ci ildə 63,6 yaşı tamam olmuşdur. Həmin tarixdən də dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ yaranmışdır. Lakin dövlət qulluqçusu kimi əmək pensiyasına 22 avqust 2019-cu ildə çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə istinad olunaraq qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına ödənişlər nəzərə alınmamışdır. O, hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşından ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin 06 fevral 2020- ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədən kənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.Eyni zamanda 22 avqust 2019-cu il tarixində öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona 7 oktyabr 2019- cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2- ci maddəsinə uyğun olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi - 730,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir.Dövlət qulluqçusu kimi əmək pensiyası hüququ 22 avqust 2019-cu il tarixində yarandığından ərizədə qeyd etdiyi büdcədənkənar vəsaitlər hesabına ona verilən pul təminatının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Cavabdehin imtinasını mövcud qanunvericiliyə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Onun isə dövlət qulluqçusu kimi pensiya hüququ 63,6 yaşdan 2018-ci ilin 04 fevral tarixindən yaranmışdır.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq həyata keçirilir.“Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər.Həmin maddənin 32.1-1- ci maddəsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə ödənilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 11.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı mövcud qanunvericiliyə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Onun isə dövlət quluqçusu kimi pensiya hüququ 63,6 yaşdan yəni 2018-ci ilin 04 fevral tarixindən yaranmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.07.2002-ci il tarixdən 14.01.2008-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və X3 X2 baş müfəttiş, aparıcı müfəttiş, baş məsləhətçi – baş müfəttiş vəzifəsində, 05.02.2008-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentində baş məsləhətçi-müfəttiş, baş məsləhətçi vəzifəsində işləmiş, 22.08.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. - cavabdeh tərəfindən verilmiş ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabr 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları sadalanan vəzifələrdə işlədikdə onlara qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Nəzərinə çatdırılmışdır ki, 22 avqust 2019-cu il tarixində öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona 07 oktyabr 2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə uyğun olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi – 730,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun 22 avqust 2019-cu il tarixində yarandığından qeyd olunan büdcədənkənar vəsaitlər hesabına ona verilən pul təminatlarının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Əmək pensiyasının yenidən hesablanması haqqında 07 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı 01.01.2019-cu il tarixdə yaşa görə təyin edilmiş əmək pensiyası məbləği artırılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 5/M-669-10 saylı, 30.08.2019-cu il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 departamentinin baş məsləhətçi vəzifəsində çalışmış İddiaçı üçün 2018-ci ilin mart ayında “X5nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi barədə” Nazirliyin 08.02.2018-ci il tarixli 94/ü nömrəli əmrinə əsasən 12030,60 manat aylıq vəzifə maaşına əlavə hesablanmışdır Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanununun 37.3.4-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər 20.1.7-ci maddəsində sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İş materiallarından müəyyən edildiyi kimi iddiaçı 04 avqust 1954-cü il təvəllüdlü iddiaçıya pensiya hüququnun yarandığı 04 fevral 2018-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə pensiya təyin edildikdən sonra iddiaçı dövlət qulluğu vəzifəsində işini davam etdirmiş və 22 avqust 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən onun öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Buna görə də həmin tarixdən ona 26 il dövlət qulluğunda olan stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 04 fevral 2018-ci il tarixdə dövlət qulluğuna görə əmək pensiyasına əlavələr almaq hüququ olmamış, onun bu hüququ 22 avqust 2019-cu il tarixdən, yəni dövlət qulluğuna xitam verdiyi andan yaranmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli Qanununla yeni məzmunda 20.30-cu maddəsi əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının əmək pensiyasına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-390/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-390/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver