Məhkəmə qərarları › İş №2-1(103)-3900/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3900/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3900/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11121/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin tərəfindən xx.xx.2006-cı il tarixli tarixdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-60998/2023 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin edildiyi tarix xx.xx.2006-cı il, hazırkı pensiya məbləği 4.285,37 təyin edilmişdir. (37.3.1 (6 il və daha çox işlədiyi üçün).

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8668/2024 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin edildiyi tarix xx.xx.2006-cı il, hazırkı pensiya məbləği 6698,33 manat təyin edilmişdir. (yenidən hesablama ilə (m.45 tətbiq edilməklə) xx.xx.2003-cü il tarixli 3-17-1-/3-3/60988/2024 nömrəli sərəncam etibarsız hesab edilsin).

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, ƏPH Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan pensiyaya çıxmışdır. Qeyd edir ki, pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O, isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Cavabdehin mövqeyinə görə, gələcək zamanda yaranmış yenidən hesablanma hüququna ləğv edilmiş normanın tətbiqini nəzərdə tutursa, niyə 530 nömrəli qanunda, xx.xx.2022-ci il tarixədək qazanılmış yenidən hesablanma hüququ ilə bağlı göstəriş var?! xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Cavabdehin mövqeyi aşkar əsassızdır, çünki Qanunda xx.xx.2022-dək pensiyaya çıxanların pensiyasının yenidən hesablanması qaydası barədə iki dəfə göstəriş yazıla bilməzdi və yazılmayıb. Madam ki, cavabdehin mövqeyinə görə 45-ci maddənin ikinci cümləsi qanundan çıxarılsa da, gələcək zamanda da xx.xx.2022-dək pensiyaya çıxanların yenidən hesablanma hüququna tətbiq edilməlidirsə, niyə 530 nömrəli qanunda həmin tarixədək qazandmış yenidən hesablanma hüququ ilə bağlı göstəriş var?! Qeyd olunanlar cavabdehin hərəkətlərinin əsassız olduğunu təsdiq edir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45- ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; və həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixinədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixindən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl, yəni 01.01 2006-cı il tarixində pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası xx.xx.2023-cü il tarixində yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, yəni 96 aya bölünməli (166.877,76:96 ay (65 il-63 il=24 ay+72 ay (144 ay-72 ay)) olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya 5697,35 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” yeni qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanmışdır. Belə ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8668/2024 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya kapitalı 96 aya bölündükdən sonra həmin tarixədək mövcud olmuş pensiyanın üzərinə əlavə edilərək əmək pensiyası xx.xx.2023-cü il tarixindən 6023,68 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11121/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8668/2024 nömrəli qərarın ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə cavabdehin nümayəndəsi Zəminə Əliyeva apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iddiaçının iştrakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

13. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, hazırki işin hallarından göründüyü kimi, İddiaçı (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) xx.xx.2006-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması nəticəsində müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. İddiaçı əmək pensiyası isə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablanmışdır. Odur ki, iddiaçı əmək pensiyasının qeyd edilən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) yenidən hesablanmasını tələb edir.

20. Cavabdeh orqan isə 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir.

21. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

22. İşdən göründüyü kimi, cavabdeh tərəfindən “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması hallarına da şamil edilmişdir.

23. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxsə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur.

24. Belə ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ultraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir.

25. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin normalarına əsasən cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 27.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 28.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11121/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11121/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar