Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3901/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,0 kv.m., 4 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Həmin vəsiqənin mülkiyyət hüququ əsasında bölümündə “Abşeron rayon İcra Hakimiyyət Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı qərarı əsasında” qeyd edilmişdir.
2. Abşeron rayon İcra Hakimiyyət Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı qərarına əsasən Maştağa-Buzovna yolunun şimalında BAİB-nin yaşayış evinin cənubunda hər ailə üçün hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılmasına sərəncam verilmişdir.
3. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sorğuya əlavə qeydiyyat vəsiqəsinin tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan reyestr nömrəsi ilə qeydiyyat nömrəsi mövcud deyil və İddiaçı adına sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
4. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
5. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sorğuya əlavə qeydiyyat vəsiqəsinin tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan reyestr nömrəsi ilə qeydiyyat nömrəsi mövcud deyil və İddiaçı adına sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimaiSiyasi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir.”
a) Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu İcra Hakimiyyət başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı qərarına əsasən, Buzovna qəsəbəsi, Zaqulba küçəsi, ev 70A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ayrılmışdır. İddiaçı halhazırda sözügedən fərdi yaşayış evindən istifadə edir. Buna görə də hesab edir ki, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı tərəfindən ərizə ilə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh orqana müraciət olunmuş inzibati orqan sözügedən ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasport, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasport, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, birinci instansiya məhkəməsi ərizəyə lazımi sənədlər əlavə edilməsinə baxmayaraq, iddianı rədd etmiş, ətraflı araşdırma aparmamışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştrak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdirlər. İddiaçının vəkili başqa məhkəmə iclasında iştrak etməsi səbəbindən hazır ki, məhkəmə iclasının təxirə salınması xahiş etsədə, məhkəmə kollegiyası iclasın iddianın vəkilinin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
22. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini tələb edir.
23. Cavabdeh orqan isə idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasportun, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumatın, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilmədiyini bildirərək, imtina cavabı vermişdir.
24. İşin apellyasiya baxışı zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki,sorğuya əlavə edilmiş 5184 inventar nömrəsi olan qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin İddiaçı adına sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
25. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz həmin fərdi yaşayış evinin uzun müddət onun istifadəsində olması əsası ilə realizə etmək istəyir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olması şəxsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını realizə etmək üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan fərdi yaşayış evinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhatə olunmur. İddiaçı bu hüquqlarının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin fərdi yaşayış evinə münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər birinə malik olsun. Hazırki mübahisə üzrə iddiaçının fərdi yaşayış evinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, fərdi yaşayış evinə dair hər hansı hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.
27. Qanunvericiliyin müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Lakin, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
28. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülkiyyət hüquqna dair qeydiyyat vəsiqəsində Buzovna qəsəbəsi, Zaqulba küçəsi, ev 70 a ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olması qeyd edilsədə, DƏDRX-nin Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, adı çəkilən qeydiyyat vəsiqəsinin üzərində olan reyester nömrəsi ilə qeydiyat nömrəsi mövcud deyil və İddiaçı adında sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə kolleqiyası mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsində göstərilən və reyestrdə qeydiyyata alınması iddia olunan fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinin rəsmiləşdirilməsinin nəticəsiz olacağı qanaətinə gələrək bu səpkidə əlavə araşdırma aparılmasına lüzum bilmədi.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.