Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3903/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: silahlı qüvvələrdən ehtiyata buraxılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusuna əsasən silahlı qüvvələrdən ehtiyata buraxılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2-1(112)-12355/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilini) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 29 iyun 2023-cü il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyata buraxılmağına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyata buraxılmağı təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, raportunun verilməsinə və üzərindən xeyli müddət keçməyinə baxmayaraq onun ehtiyata buraxılmasıyla əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. O, 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Müdafiə Nazirliyinin Baş X1 bölməsinin rəisinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının gecikdirilməsini qanunsuz və əsassız hesab edir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2-1(112)-12355/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2025-ci il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İddiaçı (bundan sonra – iddiaçı) 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuş, 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü il tarixdən isə zabit qismində həqiqi hərbi xidmətdədir.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir.
12. İddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 10 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir və öz arzusuna əsasən ehtiyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir.
16. Cavabdeh isə iddiaçının müraciətini baxılmamış saxladığından hazırkı mübahisə yaranmışdır.
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər
18. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
19. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.
20. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da, malik olur.
21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir.
22. Cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat nəticəsində sonuncunun ehtiyata buraxılması və ya bundan imtina olunması məsələsi ilə bağlı rəsmi yazılı cavab verilməmişdir.
23. Lakin cavabdeh məhkəməyə təqdim etdiyi etirazında öz rəsmi yazılı münasibətini bildirmiş, iddiaçının zabit kimi hərbi xidmətinin 10 il deyil, daha az olduğunu iddia edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh bu mövqeyini “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına 22 dekabr 2023-cü il tarixdə edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş dəyişikliklə əsaslandırmışdır. Belə ki, həmin Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin qeydə əsasən zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.
24. Məhkəmə cavabdehin etirazının bu dəlili ilə razılaşmır. Belə ki, Əsasnaməyə edilmiş həmin dəyişiklik 22 dekabr 2023-cü il tarixdə qəbul edilmiş və 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir.
25. Halbuki, iddiaçı Əsasnaməyə müvafiq məzmunda Qeyd hissəsi əlavə edilənədək rezidentura təhsilini başa vurmuş və həmin tarixədək qanunvericilikdə müəyyən olunmuş 10 illik xidmət müddətini tamamlamışdır.
26. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə olan dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.
27. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır.
28. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
34. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2-1(112)-12355/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Emin Əliyev