Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3904/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün X2 ikinci kvartal sahə 145 ünvanında 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 14 may 2025-ci il tarixli, 3-21-3-30/2-19236/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi faktiki 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri şərtidir (ümumi hasardaxili sahənin bir hissəsidir). Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi "yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır.
3. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-18/2-N-9-091/2025 nömrəli məktubundan görünür ki, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdehndə heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyildir. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən 0.12 ha (1200 kv.m) torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsi və təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 nömrəli və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmaqla Cavabdeh Başçısının Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 08 oktyabr 1997-ci il tarixdə X2 0,12 ha (1200 kv.m) ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı X3 fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin ərizəçi X2 ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə aşağıdakılar göstərilmişdir: “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aiddiyyatı inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarların surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır.” Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması məqsədi ilə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh Sabunçu RİH həmin ərazilərdə yerləşən torpaq sahələrinə müxtəlif vaxtlarda plan sxemini (cizgini) tərtib edərək vətəndaşlara vermiş və nədənsə Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli Qərarı ilə ona ayrılmış torpaq sahəsinə plan sxeminin (cizginin) tərtib edilərək verilməsindən imtina etmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1 -ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
6. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə yerləşmə sxeminin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65- ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçının mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından imtina əsaslı olmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı X3 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçıya ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi həmin dövrdə qərarla birlikdə vətəndaşa təqdim edilməli idi. Qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları
11. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişdir. İddiaçının vəkili məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, bunula bağlı əsaslı dəlillərini məhkəməyə təqdim etmədiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
12. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsi: maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (qüvvədə olan) 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, iddiaçı xx.xx.1997-ci il tarixli qərar əsasında ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini tələb edir.
22. Cavabdeh orqan isə bildirir ki, torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi onun səlahiyyətlərinə aid deyildir.
23. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir.
24. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrılmamış, həmçinin cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə belə bir səlahiyyət verməmişdir.
25. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Sabunçu Rayon İH Maştağa qəsəbə üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
26. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixli qərar ona belə bir səlahiyyət verilmədən qəbul edildiyindən, həmin qərar ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi cavabdehin öhdəliyi ola bilməz.
27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təstiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.7) yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar o halda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilir ki, həmin sənədlərin milli arxiv fondunda əsası olmuş olsun.
28. Ayrılmış torpaq sahəsinə cizginin alınmasında məqsədin torpaq sahəsi üzərində yaranmış hüquqların dövlət qeydiyyatına alınmasından ibarət olması olduğundan və torpaqayırma sənədinin milli arxiv fondunda əsasının olmaması səbəbindən həmin torpaq sahəsinə plan və çizginin verilməsinin mümkünsüz edir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.