Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3906/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1520/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (Cavabdeh) xx.xx.1995-ci il tarixli, 736 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə" Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsində - Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa yolunun solunda yerləşən mədən ərazilərində uzun illərdir ki, neft-qaz hasilatı işləri həyata keçirir. Həmin ünvanda H.Z.Tağıyev adına NQÇİ-nin mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (39 T 421261; ******* koordinatlarda) X2 tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Sözügedən torpaq sahəsinin yaxınlığında 107 metr aralı məsafədə 1322 nömrəli işlək neft quyusu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarına əsasən neft və qaz quyuların mühafizə zonası 300 metrlik və boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yaxınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaşa izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqtəsdiqedici sənədlərin olduğunu əsas gətirərək Bakı şəhəri Əzizbəyov rayon (Xəzər rayon) İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 736 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncam təqdim etmişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın "Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən Bakı şəhəri Əzizbəyov rayon (Xəzər rayon) İcra Hakimiyyətinin sözügedən sərəncamı Qanunun tələbinə görə etibarsızdır. Torpaq sahəsinin X2 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1520/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərardadını xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almasını təsdiq edən məhkəmə qəbzi mövcuddur. Göründüyü kimi iddiaçı məhkəmə qərardadını qeyd edilən tarixdə alsa da, qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə imzalanmış və xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və iddiaçıya bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu xx.xx.2023-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1520/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3906/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3906/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver