Məhkəmə qərarları › İş №2-1(103)-3908/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3908/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3908/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndələri X1, X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə və apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilmiş töhmət barədə 218 saylı, xx.xx.2022-ci il tarixli şiddətli töhmət barədə 298 saylı, xx.xx.2022-ci il tarixli Əmrlərin və xidməti araşdırmanın nəticələrinin, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 503-k saylı Əmrinin, Penitensiar Xidmətin 847/k saylı, xx.xx.2022-ci il tarixli Əmrlərinin ləğv edilməsi və onun Penitensiar Xidmətin Mühafizə alayının komandirinin müavini vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə nəticəyə gəlinərək iddianın mümkünlüyü və məhkəmə baxışına keçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddia ərizəsində ləğvini xahiş etdiyi əmrlər iddiaçıya rəsmi qaydada iddiaçının inzibati orqana dəfələrlə müraciətindən sonra təqdim edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt formal xarakter daşımaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi elan etmə hesab edilmir. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə işlədiyi inzibati orqanın əməkdaşı tərəfindən zəng edilərək həmin orqana dəvət olunmuş, həmin gün onun işdən çıxarılmasına dair əmr elan edilməmiş, xx.xx.2022-ci il tarixdə isə ümumiyyətlə belə bir müraciət daxil olmamışdır. Həmin tarixdə ididaçı X5 stasionar müalicədə olmuşdur. Eyni zamanda, mübahisələndirilən xx.xx.2022-ci il tarixli 218 saylı töhmət barədə və xx.xx.2022-ci il tarixli şiddətli töhmət barədə əmrlər ümumiyyətlə, rəsmi qaydada təqdim edilməmiş və elan edilməmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim edərək, qərardadın ləğv edilməsini və iddia tələbinə inzibati icraat qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınaraq, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərardadından şikayət vermə müddəti buraxıldığından, bu barədə ona məhkəmə bildrişində məlumat verilməklə, xx.xx.2023-cü il tarixinə apellyasiyanın mümkünlük iclası təyin edilmiş, həmin məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, məhkəmənin mümkünlük iclası xx.xx.2023-cü il tarixinə təxirə salınmışdır. Məhkəmənin həmin, yəni, hazırkı iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından buraxılmış prosessual müddətin bərpa olunmasını və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müddətin bərpası barədə ərizəsinin təmin olunmasını və apellyasiyanın mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmiş bunu onunla əsaslandırmışdır ki, məhkəmənin yekun qərarını şəxsən almamış, ola bilsin ünvana çatdırılmış, lakin ona verilməmiş, çünki, həmin ünvanda o, yaşlı nənəsi ilə yaşayır, xəbərnamədəki imza şəxsən ona məxus deyildir, qərarı gec əldə etdiyindən apellyasiya şikayəti vermək üçün zəruri müddəti ötürüb. Cavabdehin nümayəndələri G.Şabanova və Ü.Sanıyev müddətin iddiaçı tərəfindən hər dəfə buraxıldığını bildirərək, ərizəsinin təmin olunmamasını və apellyasiya qeyrimümkün hesab edilməsini məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İş materiallarından (i.v.81-82) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6683/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının surəti iddiaçıya poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının yaşadığı ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır (xəbərnamə indeksi: SX002735680AZ). İddiaçının işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur. Belə olan halda, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə aldığı qərardaddan, İPMin 85.1-ci maddəsi ilə müəyyən edilən şikayət vermə müddətini 18 gün (2 həftədən də çox olan) müddətində ötürülmüş olur. İddiaçının qeyd olunan izahatından göründüyü kimi, evdə yaşlı nənəsinin olduğunu bildirərək qərardadı şəxsən almadığını və poçt qəbzinin kötüyünü özü imzalamadığını bildirərək, hesab edir ki, müddət bərpa olunaraq apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan mövqeyindən göründüyü kimi, üzrlülüyün şübhə altına alınmayan inkarolunmaz səbəbləri movcud olunmalıdır. İddiaçının isə müddətin bərpası barədə ərizəsindən və onun məhkəməyə verdiyi izahatından isə göründüyü kimi, məhkəmənin qərardadı poçt vasitəsilə məhz, yaşadığı ünvana çatdırıldığı halda, həmin qərardadı almadığını və ondan xəbəri olmadığını, bununla da 18 gün şikayət vermə müddətini buraxmasının üzrlü səbəblərini inkarolunmaz və mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Halbuki, İPM-in 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə glir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş iddiaçıya qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar