Məhkəmə qərarları › İş №2-1(103)-391/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-391/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-391/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4904/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4904/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xəstəliyi nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona xx.xx.2019-cu il tarixdən əlilliyin təyin edilməsi və əlillik üçün müəyyən ediləcək müavinətin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı xəstəliyi nəzərə alınaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2008-ci ilin əvvələrində səhhətində ciddi dəyişikliklər oldu. Valideynləri onu Bakıda müxtəlif tibbi klinikalara apardılar, lakin vəziyyəti heç cür yaxşılaşmadı və onu Moskva şəhərinə aparmalı oldular. xx.xx.2008-ci il tarixdə o, X8 Akademiyasının N.N.Bloxin adına X4 Uşaq Onkologiyası və Hematologiyasına (ETİ) yerləşdirildi. Ona sol böyrəyin bəd xasisəli şişi diaqnozu qoyuldu. Sitaloji müayinədə qeyd edilmişdir: “bəd xasisəli yenitörəmənin dağılmış şiş elementləri, tək-tək toplamalara görə nefroblastomaya uyğundur. Anamnez 2007-ci ilin iyul ayından uşağın qarnının ölçüsünün böyüməsi və deformasiyası qeyd edilməyə başlamışdı. 2008-ci ilin yanvar ayında həkimə mürüciət edildikdə sol böyrəyin yeni törəməsi aşkarlandı. Müayinə və müalicə üçün uşaq UOH ETİ-yə yatırıldı." O, təcili əməlliyyat olundu. Əməliyyat nəticəsində sol böyrəyini çıxartdılar. Sonra isə uzun və ağır müalicə yolu keçdi. Yenidən törəmənin əmələ gəlməməsi üçün dəfələrlə kimya-terapiyalar aldı. Aldığı kimya-terapiyalar nəticəsində sümüklərində əyilmələr əmələ gəldi, yeriyəndə tez-yez tarazlığı itirir, dişlərinin demək olar ki, hamısı xarab oldu. xx.xx.2008-ci il tarixdən müraciət əsasında "uşaqlıqdan əlil" adlı əlillik müəyyən edildi. Xəstəlik və müalicələr səbəbində o, həmyaşıdları kimi məktəb partaları arxasında otura bilmədi, fərdi qaydada ev şəraitində təhsil aldı. 2008-ci ilin sonlarından indiyə kimi ilk bir il hər ay sonrakı beş il isə üç ayda bir dəfə, 2014-cü ildən 2018-ci ilə qədər hər altı aydan bir, son iki ildir ki, ildə bir dəfə onkoloji xəstər üçün müəyyən edilən bütün müasir üsullarla müayinə olunur. Halhazırda 18 yaşı tamam olduğu üçün ona təyin edilən əlillik ləğv olunmuşdur. Əlillik müddətində hər ay dövlət tərəfindən təyin edilən müvinəti alırdı. Həmin məbləğ müəyyən qədər onun müalicə olumağına kömək edirdi. Bununla bağlı ona yenidən əlilliyn təyin ediməsi barədə ərizə ilə cavabdehə müraciət eldi və cavabdeh tərəfindən tərəfindən müraciətinə aşağıdakı məzmunda imtina cavabı aldım. Cavab olaraq bildirir: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş gödəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin 2008-ci il kompleks müalicədən sonrakı vəziyyəti haqqında onkoloq tərəfindən müalicə yazılmayıb. MOM-də müayinə və müalicə qərarı verilir. Təkrar olaraq xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etdi və bu dəfə isə “Dövlət səhiyyə müəssisəsi tərəfində natamam doldurulmuşdur. Həkimin rəyi: Patoloji müəyinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb" məzmunda yenidən imtina verildi.Hesab edir ki, cavabdeh əlilliyin təyin edilməsi üçün etdiyi müraciətinə imtina verməkdə haqlı olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı 2008-ci ildə tibbisosial ekspert komissiyasında ilkin müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı iki il müddətinə “SİM” təyinatı qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2015-ci ildə təkrar müayinə edilmiş və iki il müddətinə “SİM” uşaq hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının sağlamlıq imkanları məhdudluğunun müddəti, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə müvafiq olaraq “Əlillik altsistemi”ndə üç il müddətinə uzadılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. 18 yaşı tamam olduqdan sonra şəxsin əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilməlidir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 21,12.2019-cu il tarixli 0069003AACPJ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACPJ saylı göndərişin təhlili göstərmişdir ki, xəstəiik xx.xx.2008-ci il tarixdə başlamış, əsas diaqnoz kimi “Birləşdirici və yumşaq toxumaların digər növlərinin bədxassəli yenitörəməsi, baş və üz boyun birləşdirici və yumşaq toxumaların bədxassəli törəməsi İİİ mərhələ” xəstəliyi, ağırlaşma kimi isə “Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, kimyəvi terapiyasından sonra müayinə, nefroektomiya əməliyyatından sonrakı vəziyyət 2008-ci il, Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə, Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə”, yanaşı xəstəlik kimi isə “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, sol böyrəyin nefroblastoması kompleks müalicədən sonrakı vəziyyət İİİ mərhələ” xəstəlikləri qeyd edilmişdir. Əsas xəstəliyi təsdiq edən əsas müayinə olan patohistoloji müayinə səthi yazılmış, diaqnozu əsaslandırmamışdır. Belə ki, biopsiyanın cavabı kimi “karsinoma in siti” qeyd edilib ki, bu da xəstəliyin birinci mərhələsinə uyğun gəlir. Diaqnozda isə xəstəliyin adı "böyrəyin nefroblastomas” qeyd edilməklə xəstəliyin mərhələsi İİİ mərhələ qeyd edilmişdir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0069003AACSR saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACSR saylı göndərişdə də, əvvəlkində olduğu kimi əsas xəstəlik əsaslandırılmamış, 2008-ci ildə aparılmış kombinə olunmuş müalicədən keçən müddət ərzində xəstəliyin dinamikası, xəstənin hazırkı vəziyyəti, residiv və ya ağırlaşmaların olub olmaması barədə heç bir məlumat göstərilməmişdir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilmişdir. Verilən qərar göndərişdə qeyd edilən məlumatlara əsaslanır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yaplış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmadığına görə əlillik təyininin aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərin yetərli olmaması səbəbindən İddiaçı barəsində əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Lakin Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə, komissiya tərəfindən əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə imtinaya dair yekun qərar qəbul edilmədiyi halda, qiymətləndirilmənin aparılmasına imkan verməyən göndərişin natamam doldurulması barədə qərarı iddiaçının hüquqlarının pozulmasına səbəb olan cavabdeh orqanın imtinası kimi qiymətləndirib, səhv nəticəyə gəlməklə maddi hüquq normalarını pozaraq iddianı əsassız olaraq təmin etmişdir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə istinad edərək qeyd edir ki, iddiaçının uşaqlıqdan əlil olması və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində qeydiyyatda olması, müvafiq müalicə alması və iddiaçının kənar şəxsin yardım və qulluğuna daimi ehtiyacın olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçı Milli Onkologiya Mərkəzində qeydiyyatda olması, xəstəliyi ilə bağlı müvafiq müalicə alması onun kənar şəxsin yardım və qulluğuna daimi ehtiyacı olmasına dəlalət etmir. Tibbi-sosial ekspert komissiyası tərəfindən yuxarıda qeyd olunan Əsasnamədə göstərilmiş qaydada şəxsin iştirakı olmadan müalicə və müayinə nəticələrini təhlil edərək kompleks qiymətləndirmə aparıldıqdan sonra əlilliyin təyin edilib-edilməməsi, müsbət halda əlilliyin dərəcəsi və müddəti barədə qərar verilməli olduğu halda hakimin xüsusi bilik tələb edən məsələdə mütəxəssis olmamasına baxmayaraq, müvafiq qiymətləndirmə aparılmadan konkret olaraq şəxsə 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, mövcud qanunvericilik əsasında əlilliyin qiymətləndirilməsi zamanı şəxsdə əlillik müəyyən olunursa təyin edilən əlillik dərəcəsi dəqiq müəyyən edilməlidir. Əks halda əlilliyə görə təyin ediləcək müavinət dövlət büdcəsindən əsassız ödənişlərə və büdcə vəsaitinin israfına səbəb olacaq. Bu isə yolverilməzdir. Səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün deyil. Hazırkı işdə iddiaçının əlilliyinin qiymətləndirilməsi prosesi tamamlanmamış, göndəriş tibb müəssisəsinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı nəticəsində dəfələrlə natamam doldurulmuş, iddiaçının hüquqları Agentlik tərəfindən deyil tibb müəssisəsi tərəfindən pozulmuşdur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, X8 Akademiyası N.N.Bloxin ad. X7 Mərkəz DM-in çıxarış epikrizinə əsasən İddiaçı klinik diaqnoz olaraq “Sol böyrəyin nefroblastoması. T2N1Mx. Kombinə olunmuş müalicədə sonrakı vəziyyət.” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Shiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Ambulator kartdan xx.xx.2020-ci il tarixli Arayışına əsasən İddiaçı “əsas diaqnoz: C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll. Diaqnoz qeydi: Sol Böyrəyin nefroblastoma, pT2N1Mx mərhələ İİİ. komplex müalicədən sonraki vəziyyət.” Həmçinin, Arayışdan görünür ki, iddiaçıya “C64- Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll.” diaqnozu ilk dəfə xx.xx.2008-ci il tarixdə qoyulmuşdur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən “uşaqlıqdan əlil”hesab edilməsi ilə əlaqədar müvafiq vəsiqə verilmişdir. Daha sonra iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. İş materiallarından görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Patohistoloji müayinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb.” göstərilmişdir. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Həmin Əsasnamənin 2.1.7-ci bəndinə əsasən inkurabel onkoloji xəstəliklər (C00- C97) halında birinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşaqlıqdan əlil olması və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində qeydiyyatda olması, müvafiq müalicə alması və iddiaçının kənar şəxsin yardım və qulluğuna daimi ehtiyacın olması işin mübahisələndirilməyən hallarıdır. Birinci instansiya məhkəməsi sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının əsas diaqnozunun“C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll” olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 halda, müvafiq poliklinika tərəfindən onlayn şəkildə F-88 Tibbi Sosial Ekspert Komissiyasına natamam göndərilməsi nəticəsində iddiaçıya 1-ci dərəcə əlillik təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinin ikinci cümləsinə görə əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müfaviq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların: 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 2008-ci ildə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları məhdud (bundan sonra “SİM”) uşaq hesab edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı iki il müddətinə “SİM” təyinatı qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2015-ci ildə təkrar müayinə edilmiş və iki il müddətinə “SİM” uşaq hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının sağlamlıq imkanları məhdudluğunun müddəti, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə müvafiq olaraq “Əlillik altsistemi”ndə üç il müddətinə uzadılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. 18 yaşı tamam olduqdan sonra şəxsin əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilməlidir. Qiymətləndirmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilmişdir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin – Bakı şəhəri 9 nömrəli poliklinikasının xx.xx.2019-cu il tarixli 0069003AACPJ saylı göndərişi əsasında xx.xx.2019cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0069003AACSR saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən hər iki göndərişlərdə səhiyyə müəssisəsi tərəfindən əsas xəstəlik əsaslandırılmamış, 2008-ci ildə aparılmış kombinə olunmuş müalicədən keçən müddət ərzində xəstəliyin dinamikası, xəstənin hazırkı vəziyyəti, residiv və ya ağırlaşmaların olub-olmaması barədə heç bir məlumat göstərilməmişdir. Əlilliyin təyinatını aparmaq mümkün olmadığından və göndərişin natamam doldurulması barədə TSEK tərəfindən imtina qərarları verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göndərişlərin səhiyyə müəssisi tərəfindən dəfələrlə natamam doldurulması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir və onun üçün hüquqlarının məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” AR Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının xəstəliyini nəzərə alaraq əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyaraq haqlı olmuşdur. Lakin məhkəmənin iddia tələbinin iddiaçıya 1-ci dərəcəli əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının vəkili iddia tələbinin “İddiaçı xəstəliyi nəzərə alaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Aqentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir və məhkəmə iddianın dəqiqləşdirilməsi barədə vəsatəti təmin edərək iddianı icraata qəbul etmişdir. Lakin məhkəmə iddia tələblərindən kənara çıxaraq iddiaçının xəstəliyini nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələblərindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun 1-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavadehin üzərinə qoyulması əsassızdır. Çünki, yuxarıda sadalanan qanunvericilik normaları baxımından əlilliyin qiymətləndirilməsi səlahiyyəti TSEK-in üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4904/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən – iddiaçının xəstəliyi nəzərə alınaraq, əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4904/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xəstəliyi nəzərə alınaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar