Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-391/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X12 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-595/2024 saylı 04 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Lenin (sabunçu) rayon XDS İK-nin 29/42 saylı 27 sentyabr 1988-ci il tarixli qərarına əsasən Nardaran qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 54-cü məhəllədə, 14 saylı ünvanda İddiaçı 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən Q232-091 nömrəli xx.xx.2019-cu il tarixli məktubla Lenin (Sabunçu) rayon XDS İK-nin 29/42 saylı 27 sentyabr 1988-ci il tarixli qərarına əsasən Nardaran qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, 54-cü məhəllədə, 14 saylı ünvanda ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq iddiaçıya göndərilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi X14 Sovxozunun ərazisində yerləşir, həmçinin əraziyə digər şəxslər tərəfindən müraciətlər daxil olmuşdur. Həmçinin, torpaq sahəsinin bir hissəsi qonşuya məxsus torpaq sahəsi ilə üst-üstə düşür və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran y/m, məhəllə 54, sahə 14 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Lenin (Sabunçu) rayon XDS İK-nin 29/42 saylı, 27 sentyabr 1988-ci il tarixli qərarına əsasən Nardaran qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 54-cü məhəllədə, 14 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsi evin tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsi onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh orqan imtina məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Torpaq sahəsinə dair sənədlər tam qaydasındadır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Mülkiyyət hüququnun da, daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran y/m, məhəllə 54, sahə 14 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçünün tərtib edilməsi, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu il tarixdə, ********** nömrəli məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsi Maştağa Tərəvəz- Südçülük sovxozunun ərazisində yerləşir. Həmçinin, torpaq sahəsinin 470 kv.m hissəsi digər şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə digər şəxs X2 tərəfindən müraciət daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********67 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-595/2024 saylı 04 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran y/m, məhəllə 54, sahə 14 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Belə ki, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. İddiaçının imtina məktubunu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh orqan iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddətinin ötürülməmə məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran y/m, məhəllə 54, sahə 14 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “sözügedən torpaq sahəsinin X14 Sovxozunun ərazisində yerləşməsinə, əraziyə digər şəxslər tərəfindən müraciətlərin daxil olmasına və torpaq sahəsinin bir hissəsinin qonşuya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. Həmin imtinadan narazı qalan hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh inzibati orqan imtina məktubunda əsas dəlil kimi “sözügedən torpaq sahəsinin X14 Sovxozunun ərazisində yerləşməsini, əraziyə digər şəxslər tərəfindən müraciətlərin daxil olmasını və torpaq sahəsinin bir hissəsinin qonşuya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini” göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin “sözügedən torpaq sahəsinin X14 Sovxozunun ərazisində yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Göründüyü kimi, əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Sabunçu rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin “iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, Lenin (sabunçu) rayon XDS İK-nin 29/42 saylı 27 sentyabr 1988-ci il tarixli qərarına əsasən Nardaran qəsəbəsi, Maştağa- Nardaran yaşayış massivi, 54-cü məhəllədə, 14 saylı ünvanda İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmış və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən Q232-091 nömrəli xx.xx.2019-cu il tarixli məktubla həmin torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar da göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin 470 kv.m. hissəsinin digər şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üstüstə düşməsi və iddia olunan torpaq sahəsinə digər şəxs X2 tərəfindən müraciətin daxil olması dəlili”nə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/23120/2023 **********20 nömrəli məktubla bildirilmişdir ki, X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi məhəllə 54, 14 saylı sahədə torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa- Nardaran yaşayış massivi, 54-cü məhəllə, 22 saylı sahədə 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-10243/2024 **********43 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 800,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində köməkçi tikili mövcuddur. Əvvəllər torpaq sahəsinin yeri iddiaçının nümayəndəsi tərəfindən düzgün göstərilmədiyi məlum olmuşdu. Faktiki olaraq göstərilən 800,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X 1. 416402.514 Y 4492694.276 X 2. 416443.997 Y 4492702.034 X 3.416447.518 Y 4492684.318 X 4. 416406.354 Y 449274.757. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslər tərəfindən müxtəlif dövrlərdə müraciətlər olmuşdur. Həmçinin torpaq sahəsinin bir hissəsi qonşuya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-18690/2024 **********90 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən hal-hazırda göstərilən 800 kv.m sahəsi X3 mülkiyyətində olan sahə ilə bitişik qonşu olmaqla üst-üstə düşmə halı yoxdur. Qeyd olunan hallar apellyasiya şikayəti verilərək cavabdeh qurum tərəfindən bir daha mübahisələndirildiyi üçün işin apellyasiya baxışı zamanı həmin hallar yenidən araşdırılmışdır. Bu məqsədlə məhkəmə sorğularına əsasən təqdim olunmuş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktından məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi məhəllə 54, 14 saylı sahədə yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.06 ha, faktiki 0.08 ha-dır. Həyət tikilisi mövcuddur. X4 qeydiyyatdan keçən torpaq sahəsi ilə bir hasar daxilindədir, üst-üstə düşmə yoxdur. X1 ********** daxil olma nömrəli 0.6 ha torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı müraciətinə isə imtina verilmişdir. Torpaq sahəsinin koordinat cədvəli müayinə aktına əlavə edilmişdir. İddiaçı apellyasiya baxışı zamanı həqiqətən də iddia etdiyi torpaq sahəsinin X6 məxsus torpaq sahəsinə heç bir aidiyyatının olmadığını bildirmiş və X4 xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizənin məzmununa görə, X11 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran y/m, məhəllə 54, sahə 14 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, iş üzrə aydın oldu ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh qurumun verdiyi imtinada göstərdiyi dəlillər əsassız olmuşdur. Məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlara aid olsa da, sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Sabunçu rayonuna aiddir. Digər tərəfdən, iddiaçının iddia etdiyi torpaq sahəsi hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsinə heç kimin tələbi yoxdur, bu hallar cavabdeh qurumun özünün verdiyi mütəxəssis rəyləri, müayinə aktında göstərdikləri ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-595/2024 saylı 04 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-595/2024 saylı 04 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X17 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-391/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-391/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver