Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3912/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3rşı (3-cü şəxs: Müdafiə Nazirliyi) “Müharibə veteranı adının verilməsi üçün siyahıya salınma” tələbinə qarşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs: Müdafiə Nazirliyi) qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilməsi” tələbi barədə 2-1(112)- 6064/2024 nömrəli inzibati iş üzrə məhkəmə qərarının icrası məsələsinə dair Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya “Müharibə veteranı” adı və statusunun verilməsi ilə əlaqədar adının siyahıya daxil edilərək razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı ilə iş üzrə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 apellyasiya şikayəti verərək, 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3450/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmə qərarı icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilmədiyi qeyd etmişdir. Ərizə onunla əsaslandırılır ki, həmin iş icra olunmadığından, onun icra eyni qaydada Təbiblə bərabər üçüncü şəxs Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6064/2024 nömrəli (sədrlik edən hakim O.X.Həsənov) qərardadı ilə hazırkı iş üzrə qəbul edilmş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarının icra icraatına xitam verilməsi, məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizənin rədd edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilmədiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarının icra edildiyini hesab etməyin mümkün olmadığını bildirərək həmin qərardadın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarın icrası ilə bağlı yeni əsaslandırıcı qərardad çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6064/2024 nömrəli qərardadın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarın icrası ilə bağlı yeni əsaslandırıcı qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1.1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İcra haqqında” Qanunu: Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi xitam verilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı 10 nömrəli 19 noyabr 2021-ci il tarixli Qərarı:
6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.
7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə, məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. İddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı təmin edilmişdir. Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilmədiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6064/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarının icra edildiyini hesab etmək düzgün yanaşma deyil. Məhkəmə tərkibi ərizəçinin mövqeyi ilə razılaşır. Belə ki, ərizəçinin iddia icraatı çərçivəsində iddiası təmin olunsa da, hal-hazıradək o, arzuladığı məqsədə çatmamış, yəni ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Digər tərəfdən vacib əhəmiyyətli məsələ ondan ibarətdir ki, hazırkı işdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi müəyyən edilməli olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən cavabdeh kimi “Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi” publik hüquqi şəxs müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş qərarda iddiaçının adının daxil edilmiş siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə deyil, Cavabdeh publik hüquqi şəxsə həvalə edilmişdir. Odur ki, işə yenidən baxacaq birinci instansiya məhkəməsi tərəfindən işin prosessual həlli baxımından qərarın ləğvi və üçüncü şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işə zəruri cəlbetmə qaydasında cəlb edilməsi məsələsi müzakirə olunmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, prosessual pozuntuya yol vermiş və nəticədə məhkəmə qərarı icrasız qalmışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(112)-6064/2024 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(112)-6064/2024 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.