Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3914/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “silinmiş pul vəsatinin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7561/2024 saylı xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək MMC-nin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində silinmiş pul vəsaitlərinin müəssənin bank hesabına və ya ƏDV depozit hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cəmiyyətin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə qanunsuz olaraq silinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsini 65-ci maddəsinə əsasən vergi orqanı tərəfindən borcların alınması, ƏDV depozit və ya bank hesablarından pulların silinməsi halı müəssisə tərəfindən məhkəməyə müraciət edildikdə hesabda pul vəsaitinin dondurulması nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar Bakı İnzibati Məhkəməsinə müraciət edilərək mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********143348 saylı, xx.xx.2022-ci il tarixli **********156590 saylı və ƏDV “Noyabr 2023” dövrü üzrə xx.xx.2024-cü il tarixli **********921800 saylı qərarların hər biri tərəflərindən mübahisələndirilmişdir. Sözügedən qərarlardan xx.xx.2020-ci il tarixli **********143348 saylı qərar üzrə məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla yekunlaşdırılmış və iddia tələbləri təmin edilmişdir. Digər qərarlar üzrə məhkəmə mübahisəsi hazırda davam etməkdədir. Həmçinin tərəflərindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, 2-1(112)- 8503/2022 saylı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarın icrasının dayandırılması, bank hesablarına qoyulmuş sərəncamların götürülməsi, müəssisənin hesablarının dondurulmasının və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulmasının cavabdehə qadağa edilməsi barədə müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15(103)-52/2024 saylı qərardada əsasən ərizələri üzrə tələbləri təmin edilmiş və xx.xx.2022-ci il tarixli, **********156590 saylı qərarın icrası dayandırılmaqla, müəssisənin hesablarının dondurulması və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulması cavabdehə qadağan edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və ƏDV depozit hesablarından məbləğlər silinmişdir...” Birinci instansya məhkəməsində icraat zamanı cavabdeh tərəfi iddianın mümkün sayılmamasını, üçüncü şəxs isə rədd olunmasını məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmiş, apellyasiya mümkündür). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Tərəflərindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə xx.xx.2024-cü il iddia ərizəsi ilə müraciət edilərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********876800 saylı qərarının ləğv edilməsi” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia ərizəsi üzrə icraat hakim Səlma Salahovanın icraatında 2-1(112)-6332/2024 saylı iş üzrə davam etməkdədir. Bununla yanaşı məhkəməyə xx.xx.2024-cü il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edilmişdir. Sözügedən ərizəyə Bakı İnzibati Məhkəməsini 15(112)-117/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi qiymət verilmiş və vergi orqanının qərarının dayandırılması qərara alınmışdır. Hətta Bakı Apellyasiya Məhkəməsinin 15(103)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 15(112)-117/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına ya əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi, ya da vergi ödəyicisinin rəsmi müraciətinə əsasən köçürülür...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarını cavablandırarkən isə bildirmişdir ki, mübahisələnirilən pul vəsaitinin silinmasınə əsas olan cavabdehin qərarı birinci instansiaya məhkəməsinin icraatında baxılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən V.Cabbarova elektron informasiya sistemi üzrə depozit hesaba nəzarətin Dövlət Vergi Xidməti tərəfindən həyata keçirildini bildirərək, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından göründüyü kimi, “silinmiş pul vəsatinin geri qaytarılması tələbinə dair” iddiası birinci instansiya məhkəməsinin qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına, iddiaçının iddia ərizəsi və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərinə, eləcə də nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçı MMC-nin ƏDV depozit hesabından silinmələr vergi orqanının xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında aparılmışdır. Həmin qərar isə iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və halhazırda birinci instansiya məhkəməsinin icraatında baxılmaqda davam edir (İş № 2- 1(112)-6332/2024, hakim S.Salahova) və bu tərəflər arasında mübahisələndirilməyən işin halını təşkil edir. Göründüyü kimi, silinmənin əsasını təşkil edən cavabdeh vergi orqanının qeyd olunan qərarı hələ ləğv olunmamış, qüvvəsindədir. Belə olan halda, həmin inzibati aktın doğurduğu nəticələrin aradan qaldırılması, həmin inzibati aktın ləğv olunması haqqında mübahisələndirmə haqqında iddianın yekun məhkəmə aktı ilə təmin ediləcəyi təqdirdə, həmin məhkəmə aktının icrası qaydasında silinmiş olan vəsait vergi orqanı tərəfindən müəssisənin şəxsi hesab vərəqinə bərpa olunacağı labüddür. Konkret halda isə iddiaçı, qaldırmış olduğu, silinmənin əsasını təşkil edən qərarı məhkəmə qaydasında mübahisələndirsə də nəticəsini gözləmədən, ayrılıqda ondan doğan bir məsələnin həllinə nail olmaq üçün hazırkı məcburetmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İPM-in 32.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məcəllənin qeyd olun normalarından da göründüyü kimi, mübahisələndirmə haqqında iddia, mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər və məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcburetmə haqqında qərar qəbul edə bilər. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, hazırkı iddianın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Belə olan halda isə Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsaslıdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olduğunu mübahisələndirilən dəlilləri əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3914/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3914/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver