Məhkəmə qərarları › İş №2-1(103)-3915/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3915/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3915/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qeydiyyatın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmməd Məmmədov Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X5 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və.s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(112)-1611/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov X4 adına verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və X1 adına verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir

3. İddiаçının nümayəndəsi-vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Məmmədov X4 və X1 adına mülkiyyət hüququ ilə bağlı qeydlərin ləğv olunması, Bakı şəhəri, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9 nömrəli ev və 0,01726 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmaqla təsdiq edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(112)-1611/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.

6. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) X8 Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı və Pərvanə İsmayılovanın babası X2 1932-ci il tarixdən Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 9 ünvanında yaşamış, 1988-ci il tarixli arayış isə həqiqəti əks etdirmir. Digər tərəfdən Bakı Sovet Şurasının İcraiyyə Komitəsinin evlər şöbəsinin 1934-cü il tarixdə verilmiş 202 №-li məlumat-arayışı X9 kişi qızı sözügedən rayon üzrə Kəndçi küçəsi ev 7A ünvanında yaşamış, bu ünvan isə mübahisəli daşınmaz əmlakla uyğunsuzluq təşkil edir. Hesab edilir ki, bütün bunlar daşınmaz əmlak barədə çıxarışın ləğv edilməsi üçün əsasdır və qeyd edilən torpaq sahəsi və mənzil barəsində İddiaçı çıxarış verilməlidir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(112)-1611/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

15. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçının heç bir hüquqmüəyyənedici sənədi olmadan istifadəsində olan hər hansı daşınmaz əmlaka dair hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə mahiyyəti üzrə qərar qəbul edilməsi mümkün olsa da, yəni belə bir iddiaya subyektiv hüququ olsa da, heç bir hüquqmüəyyənedici sənədi olmadan digər şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi üçün subyektiv hüququ olmayacaqdır. Çünki həmin iddia üçün subyektiv hüquq mübahisə predmeti əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduqda yaranır. Başqa sözlə, subyektiv hüquq baxımından qeyd edilən iddiaları eyniləşdirmək olmaz. Əks yanaşma, istənilən şəxsin heç bir hüquqmüəyyənedici sənədi olmadan digər bir şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmək imkanının tanınması ilə nəticələnəcəkdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

18. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yazılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir.

19. Apellyasiya baxışı zamanı verilmiş sorğuya əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariot ofisinin xx.xx.2019-cu il tarixli, 8-1-681 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.1969-cu il tarixdə vəfat etmiş, ölən günədək ünvan 3 ünvanında yaşamış mərhuç Məmmədov X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı X5 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəfimizdən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 7a (indiki 9/4) ünvanında yerləşən fərdi yaşayış evinə dair Məmmədov X4 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, ünvan 4 ünvanına dəyişdirildiyi, həmçinin ünvan 1 ünvanı ilə ünvan 5tə düşüb-düşməməsinin müəyyənləşdirilməsi zərurəti olduğundan, işin halları yenidən araşdırılmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(112)-1611/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar